Bizim futbolun dərdi başqadır, problemlər daha dərindir. Çünki heç nə düzgün qurulmayıb. İndiki AFFA da bunu düzəltmək, yenidən qurmaq istəmir, yalnız görüntünün baxımlı olmasına çalışır.
Onsuz da bir futbolçu ilə nəyisə düzəltmək mümkün deyil. Amma əlimizdə bu cür şans varsa, niyə onu əldən verək?
Lorenzo Mezzotero “Sampdoriya”nın əsas komandasında da qol vurub, özünü xeyli inkişaf etdirib. İtaliya Futbol Federasiyası 18 yaşlı forvardı AFFA-nın əlindən alaraq U-21 yığmasına cəlb etməsə, yaxşıdır. Təki belə olmasın.
Təkcə Lorenzo ilə millimiz böyük uğur qazanmayacaq. Ancaq əlimizdə bu cür şans varsa, onu əsas milliyə dəvət edib tam şəkildə milliləşdirmək olar. Qarşıda A millimizin Lixtenşteynə qarşı rəsmi oyunu da var. Onu bir dəqiqə də olsa, meydana buraxmaq lazımdır ki, heç olmasa, U-20 dünya çempionatında yığmamıza kömək edə bilsin.
Amma söhbət indiki AFFA-dan gedirsə, bir də gördün, bu işin də öhdəsindən gələ bilmədilər, bir aydan sonra Lorenzo İtaliya U-21 yığmasında çıxış edir.
P.S. Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında noyabrın 13-də səfərdə Lixtenşteyn millisi ilə, noyabrın 16-da isə yoldaşlıq oyunu çərçivəsində Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb. Lorenzo Mezzotero ilk dəfə əsas milliyə dəvət alıb.



Fikirlərini bizimlə bölüş!