AFFA-nın fanatlara havayı bilet paylaması da işə yaramadı. 3-cü yerlə bağlı illüziyaları seçmə mərhələnin elə ilk oyununda dağılan azarkeşlər və futbol ictimaiyyətinin fəal kəsimi srağagün artıq neçənci dəfə Berti Foqts üçün "istefa" şüarını qışqırdı.
Gizlətmirəm, stadiona getməmişdim. Və bu jestin arxasında adi bir insani inciklik dayanır. Qarda-palçıqda, istənilən hava şəraitində, hətta yaxınlarının xeyir işlərində belə yığma-nı yalqız qoymayan minlərlə futbolsevər kimi, məndə də dözüm limiti tükənib. Hətta debüt oyunu ilə bağlı hansısa nikbin düşüncələrim var idisə belə, ruslarla görüşdən sonra nəyəsə ümid etməyin mənasızlığını anlamışdım…
Bir ölkənin yığması həmin ölkənin adamlarını intəhasız sonluğa qədər məyus edə bilməz. Odu ki, "istefa" şüarını qışqıran kəsim məni də öz sıralarına qəbul etsin. Yığma ilə bağlı elə bir dalana gəlib dirənmişik ki, burdan o yana yol yoxdu. Ya Foqts, ya da ona barmaq silkələ-məyi bacarmayan AFFA rəhbərliyi istefa verməlidi! Özü də mümkün qədər tez, qeyd-şərtsiz və azarkeşlərin radikal davranışına rəvac vermədən.
AFFA-da oturanlar artıq anlamalıdı ki, bir neçə il əvvələ qədər azərbaycanlı azarkeşlərin yığmaya bəslədiyi səmimi sevgi hissləri indi yerini nifrətə və ya ən azı biganəliyə, laqeyd-liyə verib. Vaxtilə adi yoldaşlıq oyunlarında belə Respublika stadionunun tribunalarına ən azı 15-20 min azarkeş gəlirdisə, srağagün cılız "Bakcell Arena" da tam dolmadı. Və millətin öz yığmasına bunca laqeyd qalmasında Foqts həzrətləri qədər AFFA-ya rəhbərlik edənlər, kon-kret Rövnəq Abdullayevlə Elxan Məmmədov da günahkardı.
Bəli, o fikirlə razıyam ki, PFL normal çempionat keçirə bilmir, klublara münasibətdə ikili standartlar yürüdür, yersiz qərarlarla ölkə futbolunda qeyri-sağlam ab-hava yaradır. Təkcə elə "Neftçi" – "Xəzər Lənkəran" oyununun yayını ətrafında yaranan əcaib durumu xatırlatmaq kifayətdi. Amma bütün bu məqamlar Foqtsun uğursuzluğun səbəblərini kənarda axtarmasına, həm-karlarına, konkret Qurban Qurbanova söz atmasına, nəhayət, jurnalistlərə hörmətsizliyinə əsas vermir. Vallah, biz bu bəladan nə qədər tez qurtulsaq, bir o qədər xeyirdi. Onsuz da Foqts yox, lap Qurbanovla Reynaldo da yığmaya gəlsə, oktyabrdakı səfər görüşlərində İtaliya ilə Xorva-tiyadan xal alası deyilik. Ona görə də daha realist olmalı, yeni yığma quruculuğuna başlama-lıyıq. Hətta ilkin mərhələdə daha acınacaqlı nəticələrlə üzləşməmək üçün komandanı "Qara-bağ"ın oyunçuları ətrafında da formalaşdırmaq olar. Bir daha deyirəm: yalnız ilkin mərhə-lə üçün, yeni məşqçi ölkənin futbol resursları ilə tam tanış olana qədər.
Reynaldonun yığmaya mümkün gəlişi ətrafında yaradılan isterik eyforiya da şəxsən mənim üçün həm utandırıcı, həm də dözülməz məqamdı. Baxın, tarixi kimliyi, eqosu, futbol ənənələ-ri ilə öyünməyə iddialı 10 milyonluq ölkə bir braziliyalının arxasınca düşüb, ilan kimi sürünür. Doğrudanmı, biz ölkə və millət olaraq bu qədər miskin, bu qədər yazıq, bu qədər gücsü-zük? Doğrudanmı, güləşdə çeçenlər və dağıstanlılar, voleybolda ruslar və ukraynalılar, otüs-tü hokkeydə koreyalı gəlinlər, nəhayət, futbolda braziliyalılar bu boyda ölkəni çiynində daşımalıdı? Qardaşlar, vallah, mən utanıram, xəcalət çəkirəm, dərsdən "2" alan uşaq kimi ye-rin dibinə girmək istəyirəm.
Yığma hər bir ölkənin futbolunun səviyyəsini göstərən ən uca zirvədi. Biz – Azərbaycan türk-ləri artıq neçə illərdi ki həm coğrafi, həm də mənəvi zirvələri yadellilərə vermişik. Ötən 22 ildə yığmanın formasını geyən əcnəbilərin siyahısını çıxarsaq, iki-üç futbol komanda-sı düzələr. Və indi də utanmaz-utanmaz hansısa braziliyalı cocuğun arxasına düşmüşük, ondan əvvəlcə imdad, sonra da vəfa-sədaqət istəyirik. Sosial şəbəkələrdə Reynaldonun sünnət olunma-sı ilə bağlı karikatura yerləşdirən kim, ona azərbaycanlı həyat yoldaşı axtaran kim… Bir sözlə, yığma artıq bu ölkədə qürur və fəxr mənbəyi yox, lağlağı, ironiya, rişxənd obyektidi. Azərbaycan, qadan alım, sənə ayıb deyilmi?




Fikirlərini bizimlə bölüş!