Bildiyim qədəri ilə türk xalqları itlə yox, atla bağlı inancların əsiridi. Yuxuda at görməkdən tutmuş qızların ağ atlı oğlan arzulamasına qədər hər cür kult və əsatir nişanələri var. İt isə uzaqbaşı sadiqlik rəmzidi. Bu mənada 2018 ilə bağlı hansısa gözləntilərim olmasa da, yeni ilə böyük ümidlərlə baxıram.
Bu ümidin arxasında nə dayanır? Təbii ki, ilk növbədə AFFA-nın noyabrda reallaşdırdığı təyinatlar. Ölkənin ali futbol qurumu bütün yaş qrupu yığmalarını yenilərə – müstəqil futbolumuzun yetirmələrinə tapşırdı. Bu isə o deməkdi ki, artıq SSRİ futbolunda saç-saqqal ağartmış məşqçilərdən, eləcə də ad-sanı çox cəlbedici görünən, titulları və uğurları göz qamaşdıran əcnəbilərdən imtina edirik. Ötən 25 ildə Azərbaycan yığması ilə bağlı ən fərqli eksperimentlərə əl atıldı, ölkənin və dünyanın say-seçmə mütəxəssisləri “sükan arxasında” oldu, amma faktiki heç bir halda qrupda sondan əvvəlki yerdən qurtula bilmədik. Belədə haqlı olaraq sistem dəyişikliyinə, yığmalara yeni yanaşmaya üstünlük verildi.
Qurban Qurbanovla Rəşad Sadıqovun, eləcə də qalan yaş qruplarına rəhbərlik edəcək bəylərin xarizması və potensialı öz yerində – əminəm ki, onlar ən azı bir addım irəliləyə biləcək. Məni düşündürən, daha doğrusu, dekabrın 20-də AFFA-da Qurban bəylə baş katib Elxan Məmmədovun keçirdiyi birgə mətbuat konfransından sonra rahatlıq verməyən sual başqadı. Nəyə görə AFFA rəhbərliyi, eləcə də futbol ictimaiyyətinin bəzi təbəqələri Qurban Qurbanova xilaskar gözü ilə baxır, 25 il ərzində yığılıb-qalan bütün problemlərin yükünü onun çiyninə atır, məşqçi-menecer ifadəsinin arxasına sığınmaqla adamı çıxılmaz yola soxurlar? Əlbəttə, yığma, Vaqif Sadıqovun sevimli ifadəsini təkrarlamaq lazım gəlirsə, piramidanın zirvəsidi. Yəni həm ucalıqdı, həm də bütün problemləri çılpaqlığı ilə üzə çıxaran lakmus kağızı. Amma dediyim qüvvələr nə düşünür? Onların düşüncəsindən belə anlaşılır ki, Qurban bəy yığmalara yeni sistem tətbiq etməklə yanaşı, kadr hazırlığı və infrastriktur çatışmazlığından tutmuş ən müxtəlif qatlara qədər bütün problemlərin həll yolunu da göstərməlidi. Bağışlayın məni, bəs onda AGİN və klublar, ADBTİA və UGİM-lər, ATU nəyə lazımdı? Belə çıxır ki, bir adam həm gündəlik, praktik məşqçi işi ilə məşğul olmalı, həm də bütün başqa problemlərin həll yolunu göstərməlidi. Fərd hər nə qədər güclü və xarizmatik fiqur olsa da, bu çapda problemlərin öhdəsindən gələ bilməz. Odu ki, indidən Qurban bəyin və komandasının səlahiyyət-fəaliyyət dairəsinin sərhədlərini ən azı təsəvvürlərdə doğru müəyyənləşdirməliyik ki, sabah ən kiçik uğursuzluqlara görə belə onun üzərinə qaçmayaq.
Şəxsən mənim Qurban bəylə bağlı əsas gözləntilərim A millisinin uğurlu çıxışına inamdan uzağa getmir. Yaxşı ki onun sentyabrın əvvəlində start götürəcək Millətlər Liqası üçün komanda hazırlamağa yetərincə vaxtı olacaq. Sirr deyil ki, yığmasından üz döndərən bu ölkənin komandaya inamını, dolayısı ilə adamları da tribunalara məhz Qurban bəy qaytara bilər. O artıq azərbaycanlıların və Azərbaycan klublarının futbol oynaya bilməməsi ilə bağlı mifi çoxdan dağıdıb, bu yolda tarixdə qalmağa imkan verəsi addımlar atıb. Yığma isə yeni səviyyə, yeni çağırışlar deməkdi. Burda nə Pedro Enrike, nə də Dino Ndlovu və İbrahim Şehiç olacaq. Qurbanov İt ilində yerli uşaqlarla millətə ümid verməlidi. Düzdü, Millətlər Liqası boşa verilsə belə, 2019-da da durumu düzəltmək, yəni AÇ-2020-yə vəsiqəyə can atmaq mümkündü. Amma məhz bu il yığmaya inamın qayıtması çox yaxşı olardı. Xoş gəldin, İt ili… Ümidlərimizi boşa çıxarma…
HUŞƏNG
İt ili – ümidlər ili?




Fikirlərini bizimlə bölüş!