Bizdə əcaib bir hal var, daha zəngin, daha köklü keçmişdən imtina edib, tarixi xeyrimizə olmayan şəkildə "yeniləşdirməyi" sevirik. Bu ölkə futboluna da sirayət edir. "Qarabağ" klubunun tərs israrla 1987-ci ildən bərk-bərk yapışmasını yada salmaq bəs edər.
Eyni ilə Gəncədə də yerlli futbolun əsrə bərabər tarixini kiçiltməyə öyrəncəliyik. Sanki 1959-cu ildə "Toxucu" adıyla SSRİ çempionatının ikinci dəstəsində iştiraka başlayanədək şəhərdə futbol olmayıbmış. Gəncədə futbolun, konkret "Kəpəz"in təməlinin qoyulması tarixi xeyli geriyə çəkilməlidi. Sadə bir misal: bu yaxınlarda rəhmətə gedən SSRİ yığmasının sabiq futbolçusu Yuriy Kuznetsov bioqrafiyasında göstərir ki, 1952-ci ilədək Kirovabad "Dinamo"sunda çıxış edib (http://www.rusteam.permian.ru/players/kuznetsov_yuri.html).
Aydın məsələdi, SSRİ çempionatına qatılmamışdan çox-çox əvvəl "Kəpəz"in sələfi uzun illər şəhər və respublika çempionatında iştirak edib. Bəs onda niyə səhvən 1959-cu il nəinki "Kəpəz"in, ümumiyyətlə Gəncə futbolunun yaranma ili kimi göstərilir?
Bu, məsələn 1905-cü ildə əsası qoyulan "Qalatasaray"ın peşəkar klub statusu qazandığı 1952-ci ildən, yaxud ilk Türkiyə çempionatına qatıldığı 1959-cu ildən yaradılmasını iddia etmək qədər axmaqlıqdı…
Gəncənin dəyərli idman jurnalisti Azad Mustafayevin ("Kəpəz"in mətbuat katibi ) bu mövzuda araşdırmaları var, hamıdan məlumatlı olduğunu bilirik. İnanırıq ki, Azad bəy bu işi sona çatdıracağ, doğma klubunun gerçək tarixini faktlarla ortaya qoyacaq və hətta rəsmiləşdirməyə nail olacaq.
Elsevər PAŞAYEV




Fikirlərini bizimlə bölüş!