Şəkildə gördüyünüz futbolçu Ermənistan yığmasının yarımmüdafiəçisi Geqam Kadimyandı. Hazırda Ukrayna Premyer Liqasında 3-cü sırada qərarlaşmış Poltava “Vorskla”nın futbolçusudu. Geqam 2014-cü ildən Ukraynanın elitasında çıxış edən klublarda oynayır. Onun karyerasında dönüş etməsində “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanovun əvəzolunmaz rolu olub. Həmin yarımmüdafiəçi axtarışına çıxan Ujqorodun “Qoverla” klubu Bakıya “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev üçün məktub göndərmişdi. Danışıqlar Süleymanovla mənim vasitəmlə aparılırdı. Ancaq Süleymanov bu işdə şəxsi mənafeyi təmin edilmədiyindən transferin baş tutmaması üçün hər şeyi etdi. “Qoverla”nın o vaxtki baş məşqçisi Vyaçeslav Qroznının ciddi cəhdlərinə, birbaşa Tahir əkə ilə əlaqə saxlamasına baxmayaraq, İmamverdiyev Ukraynaya buraxılmadı. Nəticədə həmin mövqeyə “Qoverla” o vaxta qədər sadəcə erməni klublarında və Ukraynanın aşağı dəstəsində çıxış edən Kadimyanı Cavidə təklif ediləndən qat-qat aşağı şərtlərlə aldı. Geqam Ujqorod təmsilçisində cəmi 1 rəsmi oyuna çıxsa da, sonradan “Olimpik” və “Karpat”da əsas heyət oyunçusuna çevrildi və Ermənistan yığması Süleymanovun sayəsində yeni yarımmüdafiəçi qazandı. Kadimyan günümüzə qədər “dığa”ların millisində 8 matça çıxıb, “Vorskla”da oynayır. Cavid isə “Sumqayıt”da qocalmağa davam edir, Geqamdan 2 yaş böyük olsa da, yığmamızda cəmi 1 rəsmi, 1 də yoxlama oyunu keçirə bilib.
***
Bu biyabırçılığın memarı olan Tahir, indi media səhifələrində “aşıqlıq” edir, sazı yerə qoymur. “Neftçi”ni düzəltməkdən, Azərbaycan futbolunun problemlərindən danışır.
Hamı bilsin ki, bəli, mənim bu adamlarla problemim var və olacaq. Bu mənfəətçi tiplərin gerçək simasını ifşa etmək, əsl qiymətlərini almalarını təmin etmək bizim sadəcə vətəndaş borcumuzdur.
Geqamın hər yüksəlişində, onun adına hər rast gəlişimdə, Cavidin hər enişində, mən Tahir Süleymanovu xüsusi ikrah hissi ilə xatırlayacam. Lazım olsa, bundan sonra da bu mövzuda yüzlərlə yazılar yazılacaq. Ta o günə kimi ki, ya mən öləcəm, bildiklərim özümlə qəbrə gedəcək, ya da Süleymanov bu və ya buna oxşar, bildiyimiz biyabırçılıqlarda olan günahlarını boynuna alıb, “qələt eləmişəm, başımı daşlara döymüşəm” deyəcək! Rəsul ŞÜKÜRSOY




Fikirlərini bizimlə bölüş!