Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kanales xilaskardı?

1998-ci il oktyabrın 10-da Azərbaycan millisi Bakıda Macarıstanla qarşılaşırdı. Böyük ümidlərlə Respublika stadionuna yollanmışdıq. O vaxtlar hələ stadionun taxta oturacaqları sökülməmişdi. Quru taxtaların üzərinə qəzet sərib, həyəcanla oyunu izləməyə başladıq. Sevi-nir, alqışlayır, millimizin hər hücum cəhdində atılıb-düşürdük. Ağzımızda İsveçrə üzərində qazanılan qələbənin dadı qalmışdı. Ümid edirdik ki, tezliklə həmin xoşbəxt gün təkrarlanacaq, bizimkilər bu dəfə macarları məğlub edəcək. Arzumuz gözümüzdə qaldı. Avropalı qonaqlar qısa müddət ərzində millimizin qapısından bir-birinə bənzəyən dörd qol keçirdilər.

Dəqiq xatırlamıram, macarların ya birinci, ya da ikinci qolundan sonra tribunalar bir ağız-dan "Vəli, Vəli" qışqırmağa başladı. Məlum məsələydi ki, azarkeşlər millimizin çalışdı-rıcısı Vaqif Sadıqovdan karyerasının qürub çağını yaşayan Vəli Qasımovu meydana buraxma-sını tələb edirdi. Dərhal da ehtiyat oyunçular skamyasının arxasında peyda olan Vəli ora-bura qaçmağa, isinmə hərəkətləri etməyə başladı. Bir neçə dəqiqə sonra isə gözlənilən əvəzet-mə gerçəkləşdi. Rusiyada adından söz etdirən, daha sonra Pireney yarımadasına yollanan hücumçu meydana daxil oldu. Həmin anlarda sadəlöhv azarkeşlər elə düşünürdülər ki, Qasımov sehrbazdı, İspaniyada oynayırsa, macarlar heç cür onu dayandıra bilməz. Hələ baş məşqçinin səhvən onu ehtiyatda saxladığını düşünənlər də var idi. Bütün bunları yaxşı başa düşən Vaqif bəy də tribunaların çağırışına cavab olaraq Vəlini meydana buraxdı. Bununla da bir növ "buyurun, bu da sizin Vəli. İndi baxın, görün sevimliniz necə xarüqələr yaradacaq" ismarıcını verdi. Çarəsiz millimizi bu əvəzetmə də xilas etmədi, macarlar evimizin içində bizə dörd qol vurdular. Özü də cavabsız. Tribunaların tələbi və gurultulu alqışlarıyla meydana çıxan Qasımov da meydana daxil olan kimi digərləri kimi ora-bura qaçdı, cəmi bir epizodda ağ şalvarıyla dünyaya məhşur olan Qabor Kirayın qoruduğu qapıya doğru zərbə vura bildi. Onda da top qapınının üstündən uçub getdi.

Bu əhvalatı xatırlatmağımın səbəbi son günlər Nikolas Kanalesin "Neftçi"yə qayıtması ətra-fında süni şəkildə yaradılan şoudu. Düzdü, futbolda liderlərin rolu xeyli böyükdü. Ən azı Reynaldosuz "Qarabağ"ın Avstiryada necə aciz olduğunu görəndən sonra fərdlərin komanda üçün dəyərini daha yaxşı anlayırıq. Elə Kanales də vaxtilə "Neftçi" üçün əvəzedilməz futbolçu idi. Vurduğu vacib qollarla "ağ-qaralar"a çox qələbələr qazandırmışdı. Amma bu gün çilili forvarda sehrli gücə, fitri istedada malik xilaskar kimi baxıb, "Neftçi"nin bütün problem-lərinin tezliklə həll olunacağını düşünmək sadəlöhvlükdü. Bütün istisnalara rəğmən, yuxa-rıda xatırlatdığım Vəli Qasımov nümunəsində olduğu kimi, bir hücumçunun yarımcan koman-danın bütün dərdlərinə əlac etməsi mümkün deyil. Kanalesin istedadını danmıram. Lakin hücumçunun hazırda hansı formada olması, bir il öncə tərk etdiyi komandanın düşərgəsinə əli ətəyindən uzun qayıtması sıradan məqamlar deyil.

Fakt odu ki, Niko ötən bir ili boşa verib. "Neftçi"dəki əməkhaqqının yarısının yarısından belə azına ölkəsində oynamağa razı olan forvardın qəlbən bizim "xalq komandası"na bağlı olması inandırıcı deyil. Əminəm ki, vətə-nində onunla ciddi maraqlanan olsaydı, Kanales belə həvəslə Bakıya gəlməzdi. Şəxsən özüm də zaman-zaman Kanalesin "Neftçi" üçün əhəmiyyətli itki olduğunu vurğulayıb, klub rəhbərliyi-nin hücumçu probleminin həllinə diqqət ayırmasının vacibliyindən yazmışam. Bu mənada çi-lili hücumçunun geri dönüşündən mən də çox şey gözləyirəm. Di gəl ki, "ağ-qaralar"ın bütün problemlərinin bu qayıdışla həll olunacağına inanmıram.

Qəribədi ki, "Koper"lə oyundan sonra heyətdəki kasadlıqdan, büdcənin azlığı səbəbindən lazı-mi transferlər edə bilməməsindən şikayətlənən Böyükağa Hacıyev artıq "valı" dəyişdirib. İki gün əvvəl idman saytlarına verdiyi müsahibəsində Böyükağa bəy məhşur "Neftçi" hazır maşındı, benzinini töküb, sürəcəm" deyimini təkrarlayıb. Buraxın bu gəlişigözəl sözləri, cənab Hacıyev. Biz bu maşının yolda qaldığı, radiatorunun qaynatdığı, təkərinin partladı-ğı günləri çox görmüşük.

Gözləyin, heç olmasa, "Araz Naxçıvan"a böyükhesablı yenilginizin yeddisi çıxsın. Klubda kimin vitse-prezident, kimin müşavir olduğu qeyri-müəyyəndi. Elə bu günlərdə həftədə iki oyun keçirməyi bacarmadığınızı etiraf etmisiz. Bir də gördük Belqraddakı oyundan sonra da premyer-liqanın növbəti turunun təxirə salınmasını istəyəcəksiz. Çünki futbolçularınız fiziki cəhətdən 90 dəqiqəni çatdıra bilmir, nəinki həftədə iki oyuna çıx-sınlar. Stamenkoviç cəzalansa, ya zədələnsə, onu layiqincə əvəzləməyə qapıçı yoxdu. Problemlər birdimi, ikidimi? Saymağa başlasaq, qəzetin bütün səhifələri dolar. Hələ ki Kanalesin geri dönməsini bayram edirik…

Fikirlərini bizimlə bölüş!