Georgi Nikolovun demokratiya qoxulu açıqlamalarını həmişə bəyənmişəm. "İnter"də kənar idarəçi statusuyla çalışan adam uzun sürən susqunluğa yenə son verib. Bolqarıstan vətəndaşlığı daşıyan Nikolov yenidən müvafiq orqanlardan oturum icazəsi aldığını, fəaliyyətini əvvəlki qaydada sürdürdüyünü deyib. İnanıram, almasa, deməzdi. Alıb, əcnəbiyə Azərbaycanda yaşamaq və işləmək hüququ verən sənədi hər ehtimala qarşı alıb. Məncə, ona azı gələn ili yola salanadək işində qalacağıyla bağlı təminat da verilməyib.
Beynəlxalq Bankdakı bəlli dəyişikliklərdən sonra bolqarın nə dərəcədə dəyərli adam olduğu dəfələrlə isbatlanıb. Şəxsi düşüncəmdi, idarəçi postunda əcnəbi yox, hansısa yerli olsaydı, bu maliyyə ilə vəziyyət indikindən 5 dəfə pis idi. Adam ölkə futbolunun ümumi sifət cizgilərinə zidd olaraq, başqanlıq taxtında maaş üçün əyləşsə də, ümid işığından gözünü çəkmir. Matrosların şikayətlərindən təngə gəldiyini biruzə verməməyə çalışan gəmi kapitanı kimi gözləyir. Qısa müddətdə sıfırdan yığdığı texniki heyətlə Avroliqada alqışalayiq nəticələr qazanan kənar idarəçi, sadəcə, vaxtından tez "ağ bayraq qaldırmağa" tələsmir. Bilir ki, maaşını tam almadan klubla yolları ayıranların FİFA-ya şikayət etməsi son həddi və bu gedişlə ali futbol qurumunun qəzəbindən qaçmaq şansları iynənin ucu boydadı.
Artıq UEFA araşdırmaya başlayıb, proses tezliklə başa çatacaq, sənədlər sözügedən qurumun Arbitraj Məhkəməsinə göndəriləcək, həmin instansiya isə problemlərin yoluna qoyulması üçün gələn ilin birinci ayının sonunadək vaxt verəcək. Görünən budu ki, Nikolovun özü də maliyyə çətinliklərini hansı yolla aradan qaldırılacağından, obrazlı yanaşsaq, ilıq günəşin məğribdən, yoxsa məşriqdən doğacağından xəbərsizdi. Təki hər şey yaxşı bitsin. Amma Bakı təmsilçisi elə bu qış tarixin yaddaşına qovuşsa, təəccüblənməyəcəm. Adını, strukturunu dəyişsələr də, həmçinin…
Kimlərsə 2004-cü ildən yeni ad altında boy göstərən, daim iddialılar cərgəsində qalmağı bacaran "İnter"i əcnəbi klub damğasıyla dağlayıb, kimlərsə paytaxtı yox, hansısa bölgəni təm-sil etməli olduğunu önə çəkib. Mən Nikolovlu "İnter"in elə öz obrazıyla yaşamasını istəmişəm. Hələ mövcud kütləvi çöküşdən çox əvvəl "maliyyə feyr-pleyi"nin vacibliyini vurğulamaqdan doymayan bolqarı havayıyeyən, yararsız gəlmələr kateqoriyasına aid etmədiyimə görə. Fikrimdə qalıram, futbol təsərrüfatında təqaüdə çıxanadək işləməyə layiq funksionerdi.
"Atletik"lə oyundan bir gün öncə bir neçə həmkarımla qonaq komandanın məşqini izləyirdim. Bir qədər aralıda gözə dəyən Nikolovla ayaqüstü söhbətimiz oldu. Həmkarlarım oyunöncəsi mətbuat konfransına yollandı, ikimiz qaldıq. İspaniya səfərindən 0:2 hesablı məğlubiyyətlə dönən komandanın son durumundan, Zaur Svanadzenin təyinatından danışdıq. Əlbəttə, xaosun necə yekunlaşacağını soruşdum. "Biz də gözləyirik, ümid edirik" dedi. O vaxt verdiyi cavabı səsinin tonu və üz cizgiləriylə tutuşdurmağa, qeyri-müəyyənliyə istiqamət verməyə çalışmışdım. Hara fırlatdımsa, xaosdan kənara çıxa bilmədim. "Futbol+"in reportyoru Rəşad Qasımovun suallarını hansı tonla cavabladığını eşitmək imkanım olmayıb. Amma cümlələrindəki qətiyyətsizlik yadıma "İnter Arena"dakı duruşunu, səs tonunu və mimikasını saldı. Deməli, hələ də ciddi mənada nəsə dəyişməyib.




Fikirlərini bizimlə bölüş!