Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Kaş qənaət edərdik…

İndi Azərbaycanda devalvasiyadan sonra ikinci ən çox işlədilən söz qənaətdi. Əksər məmurların, səlahiyyət sahiblərinin giley-güzarının əsas qayəsi mütləq belə olur: "manat devalivasiyaya uğrayıb, qənaət rejiminə keçmək lazımdı". Ötən yazımda "Sumqayıt"ın prezidenti Kamran Quliyevə xitabən dediyim sözlər belə düşüncə sahiblərinin hamısına aiddi. Qənaəti pul olanda etmək lazımdı ki, sonra gözünü döyə-döyə qalmayasan. Pul qurtarandan sonra etdiyiniz qənaət nəyə yarayacaq? Olmayan şeyin nəyinə qənaət edəcəksiz?

Neft pullarını sağa-sola səpələmək, israfçılıq dövlət siyasətinin təməl prinsiplərindən biri idi. Pulumuz çox olanda Avopa Oyunları adlı bir əldəqayırma yarış keçirdik, erməni idmançılarını belə Bakıda yedirib-içirdik. İndi neft ucuzlaşıb, manata etibar edən yoxdu. Öz idmançılarımız acından günorta durur, federasiyalar bir-birinin ardınca müflis olduğunu elan edir, klublarımız tarixin yaddaşına köçürlər. Belə işlərdə pərgar olan AFFA rəhbərliyi də israfçılığın önündə gedənlərdən idi. Mənasız təlim-məşq toplanışlarının, bahalı xarici səfərlərin sayını-hesabını itirmişdik. Neft pulları qurtaranda onlar da özlərini palaza bürünüb, elnən sürünənlər kimi aparmağa başlayıblar. Amma necə?

Bu qış Azərbaycan klublarının Antalyaya yollanmağa çətinlik çəkməsindən hamımız xəbərdarıq. Cəmi 4 təmsilçimiz hazırda Türkiyənin kurort şəhərindədi. Daha sonra "Sumqayıt"ın ora yollanacağı gözlənilir. Buna baxmayaraq, millinin baş məşqçisi Robert Prosineçki və əcnəbi köməkçiləri də Antalyanın yolunu tu-tublar. Kişilər orda klubların hazırlıq prosesini izləyəcək, məşqçilərlə fikir mübadiləsi aparacaqmış. Son 2-3 ayda idman mətbuatı dəfələrlə Prosineçkinin premyer-liqa oyunlarında görünməməsini qabardıb. Hətta Robbinin turun mərkəzi oyununu yarımçıq qoyub, Almaniya bundesliqasının hansısa qarşılaşmasını izləmək üçün şəhərdəki pivəxanalardan birinin yolunu tutmasından da xəbərdarıq. Bakıda keçirilən rəsmi oyunlara gəlmək üçün özünə əziyyət verməyən Prosineçki Antalyada yeni nəsə kəşf edəcək? Yoxsa "Qarabağ"la "Qəbələ"nin heyətindən milliyə namizəd olan yeni futbolçu tapacaq? Bəlkə gənc məşqçilər Adil Şükürovla Samir Abasov Prosineçkinin qızıldan qiymətli məsləhətlərini Bakıda dinləyə bilməzdilər?

Buna görə xorvat mütəxəssislər qrupu üçün Antalyanın beşulduzlu otellərində yer sifariş etmək, onları da kurort şəhərinə göndərmək vacib imiş. Üç aşağı, beş yuxarı Azərbaycanda milliyə namizəd futbolçuların adları və səviyyələri bəllidi. Onların oyununda qısa müddətdə ciddi inqilabi dəyişikliklərin baş verəcəyini düşünmək avantüradan başqa bir şey deyil. Noyabrda necə oynayırdılarsa, martda da elə davam edəcəklər. Belədə Prosineçki Antalyadakı məşqlərdə fövqəladə nəsə görə də bilməz. Onu da nəzərə almaq lazımdı ki, "Qarabağ" gənc futbolçularını icarəyə göndərib, onların çoxu indi komandanın düşərgəsində deyil. Millidə oynamağa layiq olan İlqar Qurbanovu isə Prosineçkiyə "nişan" verməyiblər. Bundan sonra İlqara nə qədər göz qoysa da, onu milliyə çağırmayacaq. Gözdən pərdə asmaqdan ötrü israfçılığa nə gərək vardı?

AFFA-nın qısa müddətdə yol verdiyi digər israfçılıq 17 yaşadək futbolçulardan ibarət yığmanı Rusiyaya yollaması oldu. Artıq neçənci dəfədi bizimkilər qışın şaxtasında Sankt-Peterburqun yolunu tutur, Qranatkinin xatirə turnirinin iştirakçısına çevrilir. Həm yarışa qatılan yığmaların adı, həm də oyunların boş tribunalar önündə baş tutması xatirə turnirinin hansı səviyyədə olduğunun göstəricidi. Belə olan halda hər dəfə uzaq yolu qət etməyə, artıq xərcə düşməyə gərək var? Özü də nəzərə almaq lazımdı ki, hər dəfə böyük nümayəndə heyəti təxminən 10 günlük səfərə yollanır.

Budəfəki turnirdə də 8-ci yerlə kifayətləndik. Hər il olduğu kimi. Təcrübə göstərir ki, bu turnir bizim millilərə heç nə vermir. Ötən illər ərzində səviyyəmizi yüksəldə, ortabablar arasında boy göstərə bilmiriksə, nədən danışa bilərik? Bizimkilər bu yarışa sırf azərbaycanlı uşaqlardan qurulan heyətlə yollansaydı, dərdyarı. Özümüzə təskinlik verər, gələcəyimiz olan yeniyetmələrin inkişafına ümid bəsləyər, çəkilən xərcə o qədər də təəssüflənməzdik. Amma "Azərbaycanda səviyyəli futbolçu tapa bilmirəm" deyib, yaxasını kənara çəkən Təbriz Həsənovun Sankt-Peterburqa apardığı futbolçuların adlarına baxanda təəssüf və qəzəb hissi ikiqat olur. Siz də diqqət edin: Murat Cem Akpınar, Doğuxan Öksüz, Mətin Güler, Hüseyn Seyliqli. Adicə bir xatirə turnirinə bu qədər gəlmə futbolçuyla yollananlar hansı üzlə Azərbaycan futboluna xidmət etməkdən dəm vururlar? Aşağı yaş qrupları üzrə millilərdə oynatmağa 11 futbolçu tapa bilmiriksə, AFFA-nın keçirdiyi bərli-bəzəkli uşaq liqalarına, çempionatlara, bahalı təlim-məşq toplanışlarına nə ehtiyac var?

Bu qədər "milliləşdirilmiş" futbolçuyla Sloveniyadan 4 cavabsız top buraxan millini də, AFFA-nı da birdəfəlik ləğv etmək lazımdı. Onda daha yaxşı qənaət etmiş olarıq. Elxan Məmmədov və onun gerçəkliklə uzlaşmayan ideyaları, mənasız xarici səfərlər günü-gündən kasıblayan ölkəmizə izafi xərcdən başqa heç nə gətirən deyil.

Fikirlərini bizimlə bölüş!