Berti Foqtsun rəhbərlik etdiyi Azərbaycan millisinin FİFA-nın yenicə açıqladığı reytinqdə 22 pillə geriləməsi bəzilərini pərişan etdisə, kimlərsə təəccübləndi – bu qədər geriləmə necə oldu?
Çoxdan, lap çoxdan idi ki, Foqtsun tərəfdarları “kişi tariximizdə ilk dəfə bizi reytinq sıralamasında bu qədər irəli aparıb” fikrini əldə bayraq etmişdi.
Hə, insafən, Azərbaycan kimi millisi zəlil gündə olan bir ölkənin əsas komandasının reytinq sıralamasında 73-cü pillədə yer alması “tarixi nəticə”, “möhtəşəm uğur”, “möcüzə”, nə bilim, daha hansısa təşbehlərə tuş gələcək nəticə idi.
Amma biz həmin o “pilləkən”in 73-cü pilləsinə necə dırmaşmışdıq? Bu haqda bir düşüncəniz varmı? Çoxu yoldaşlıq oyunlarında əldə edilən heç-heçələr və ya qələbələrlə. Ya da seçmə mərhələdə məsələn, Rusiyanın özünə lazım olmadığı üçün qabağımıza atdığı heç-heçəylə. Bir də başqaları uduzub deyə.
Hə, arada gücənib, gücənib kimdənsə öz gücümüzə xal, xallar da qoparmışıq. Amma bütün bunlar AFFA-nın keçmiş prezidentləri – Fuad Musayevlə mərhum Ramiz Mirzəyevin də vaxtında olmurdumu?
Sadəcə, indi bir fərq var ki, Musayevlə Mirzəyevin dövründə Azərbaycan millisinin bu qədər yoldaşlıq matçı keçirmək imkanı olmurdu. Ya pulsuzluq mane olurdu, ya da elə… yenə də pulsuzluq (Mirzəyevin dövründə yığma komandanın səfərə getmək üçün pul tapmadığı vaxt da olub. Musayevdən isə danışmağa dəyməz – “peraşki dövrü”). İndi isə Azərbaycan millisi səhər yeməyini Bakıda yeyir, günorta yeməyinə Dubayda süfrə arxasında əyləşir, axşam yeməyi üçün isə Avstriyaya gedir.
Buyurun, yoldaşlıq oyununda ciddi rəqiblə – Rusiya ilə qarşılaşıb darmadağın olduq (0:4). Ardınca seçmə mərhələ matçında Bolqarıstan millisi Foqtsun komandasına gücünü göstərdi.
Beləliklə, qoca almanın AFFA-nın əliylə alti ildi Azərbaycanın milyonlarını yeməsinə əl çalanların, bunu dəstəkləyənlərin “reytinqdə irəliləmişik” bəhanəsi də əldən çıxdı. Bundan sonrakı bəhanəniz nə olacaq, cənablar? Baxımlı oyun? Yoxdu! Yaxşı nəticə? Ermənistan tərəfə boylanın. Bəs nə?
Heç nə, 73-cü pillədən 95-ci yerə təpəsi üstdə düşməyin keyfini yaşayın. Göyə qalxıb, ordan sürətlə aşağı düşmək adrenalinini hələm-hələm yaşamaq olmur. Ay sizin kefiniz olsun, kələkbazlar.




Fikirlərini bizimlə bölüş!