«Konçay bazar», Musayev!
Ordan bir dənə «Qoçəli»
Bu adam Peşəkar Futbol Liqasının prezidentindən daha çox cığal uşağa oxşayır. İstədiyinə barmaq silkələyir, istədiyinə barmaq edir, iş sorğu-suala çatanda, gözünü yumub, ağzını açır. Söyüşlər Bakı küçələrində şütüyən marşrut avtobuslarının sürücələrinin əllərinin altına yığdıqları qəpiklər qədər. Bir ucdan paylayır. Yox, artıq bu adama PFL prezidenti olduğunu xatırlatmalı, PFL prezidentinin vəzifə və hüquqlarını başa salmaq lazımdı.
Sədr? Güldürməyin adamı!
Xaqani Məmmədov Hakimlər Komitəsinin sədridi. Xaqani Məmmədov həm də Hakimlər Komitəsinin sədri deyil. Və bu yanıltmaca, tapmacaya oxşayan vəziyyətin yaranmasının səbəbkarı Ramin Musayevdi.
Məmmədovun Hakimlər Komitəsində sədr yox, sadəcə fiqur olduğunu zatən çoxları bilir. Bu adam Premyer-Liqa, ölkə kuboku oyunlarına hakim təyinatlarını Musayevin «okey»i olmadan reallaşdıra bilməz. Bu adam hansısa hakimin cəzalandırılması haqda qərarda söz sahibi ola bilməz. Bu adam cəzalanan referiləri – Babək Quliyevi, Anar Salmanovu, Elçin Məmmədovu, Əfqan Həmzəyevi də bağışlamaq səlahiyyətində deyil. Bu adam… Axı biz niyə bu adam haqqında bu qədər danışırıq? O, sadəcə, adamdı, insandı, yeriyir, yeyir, içir, hərəkət edir, hər səhər AFFA-nın qapısından içəri girir, onun üçün ayrılmış otağa keçir, gününü hakimliklə bağlı ən xırda, ən əhəmiyyətsiz işlərə sərf edir və günün sonunda qollarını sallayaraq federasiyanın binasını tərk edir. Bir də hər ay məvacibini alır. Xaqani Məmmədov Hakimlər Komitəsinin gerçək sədridisə, onda ilk dəfə kosmosa uçuş edən sovet kosmonavtı Yuri Qaqarin olmayıb, mən olmuşam!
Ramin Musayev, Məmmədovun Hakimlər Komitəsində səlahiyyət sahibi olmadığını, fiqur olduğunu bilirik. Sən olan yerdə Xaqani Məmmədov kimdi? Amma bir az insaflı ol, hər açıqlamanda, hər müsahibəndə Məmmədovun bir heç olduğunu hiss etdirmə. İnsandı, onun da özünə görə qüruru var. Hər halda, adamın haqqını ayaqlarının altında tapdalayırsan, yoldaş Musayev. PFL prezidentinin hüquq və vəzifələri arasında HK sədrinin səlahiyyətlərini icra etmək, onun işinə barmaq etmək varmı? Mən biləni yox.
Bu, Premyer-Liqadı, yoxsa palatka toyu?
«Xəzər Lənkəran»ın prezidenti Mais Mənsimov bir gün Ramin Musayevə zəng edir, xahiş edir ki, Fariz Yusifovu bir daha onların oyunlarına göndərməsinlər (Mənsimov Musayevə zəng edir, Xaqani Məmmədova yox ha). PFL prezidenti də «problem yoxdu, a Mais» deyib, katibəsinə Xaqani Məmmədovu çağırmasını tapşırır. Bir dəqiqə keçməmiş Məmmədov Musayevin otağında, əlləri qabağında, hörmət və ehtiramla dayanır. Musayev heç başını da qaldırmır, eləcə deyir: «Xaqani, bu Mais zəng eləmişdi, xahiş elədi ki, Farizi bir də onların oyunlarına göndərməyək. Bundan sonra Yusifovu talışların oyunlarına göndərməyin». İnanın ki, bəlkə də bəzi kiçik düzəlişlərə ehtiyacı olmaqla, bu Fariz Yusifov söhbəti belə olub. O «kiçik düzəlişlər» dediyim isə Musayevin Mənsimovla və Məmmədovla danışığı zamanı işlətdiyi özünəxas söyüşləri ola bilər ki, oxucuya hörmət əlaməti olaraq, söyüşləri yazmadım.
Sonra bu Musayev, bu keçmiş klub rəsmisi, keçmiş polis işçisi Əliyar Ağayevin də «xahiş»lə «Qarabağ»ın oyunlarına təyinat almadığını sübut etmək üçün alır ağzına söyüşləri, marşrut sürücüləri sərnişinlərə pul xırdalayan kimi «xırdalayır». Keçəsən hər şeydən, elə Musayevin özü kimi bir yağlı söyüş söyəsən ki, Əliyar Ağayev «Qarabağ»ın oyunlarına xahişlə göndərilmirsə… Ancaq PFL prezidenti bilir ki, hamı onun kimi söyüş söyməz, abrına qısılar. Elə ona görə də söyüşlə meydan sulayır.
Bu, Premyer-Liqadı, yoxsa palatka toyu, Musayev? «Xəzər Lənkəran» filan hakimi istəmir, «Qarabağ» filan hakimi istəyir, «Qəbələ» filan hakimin təyinatına etiraz edir – nədi bütün bunlar, ay PFL prezidenti? «Ləzginka»sı, «Qoçəli»si çatmır bircə. Sən Elxan Məmmədovun tayı deyilsən, Azərbaycan dilini pis bilmirsən. Amma bu məqamda ana dilinin qüdrəti də kara gəlmir. «Konçay bazar», Musayev!
Bu qədər özbaşınalıq, məsuliyyətsiz açıqlamalar, hərəkətlər olmaz. Bəlkə də PFL prezidenti kimi özünə yaraşdırırsan bütün bu əhli-kef addımları, açıqlamaları. Amma saçına-başına yaraşmır ən azı, yoldaş Musayev. Söyüş söyməyi hətta 10 yaşlı uşaq tərbiyəsizlik sayır, amma sən, yoldaş Musayev, almısan ağzına söyüşləri, bir ucdan buraxırsan, oğlun yaşında jurnalistlə söyüşlə danışırsan. Əcəba, sən evində oğlunla söyüşləmi danışırsan? Peşəkar Futbol Liqasının prezidenti postunu da, Hakimlər Komitəsinin sədri vəzifəsini də beş qəpiklik etmisən. Amma heç olmasa, yaşına hörmət et. Bu barədə düşün, yoldaş Musayev, mütləq düşün.
“Komanda” qəzeti




Fikirlərini bizimlə bölüş!