Artıq neçənci dəfədir ki, eyni şey təkrarlanır. Azərbaycan millisi uduzur, azərbaycanlılar coşur, hirslənir, tənqid edir, təhqir edir.
Amma hələ Kosovo ilə oyunun başlamasına günlər, saatlar qalmış, azərbaycanlılar başqa cür düşünürdü: Udmalıyıq! Qələbə bizim olmalıdır! Milli komandaya inanmaq lazımdır! Azərbaycan millisinə inanmayan bu millətdən deyil, falan-filan…
Artıq neçənci dəfədir ki, eyni şey təkrarlanır. Sanki “youtube”da xoşuna gələn filmin ən çox xoşuna gələn epizoduna təkrar-təkrar baxırsan.
Təkrar-təkrar…
Berti Foqtslu milli komanda Xorvatiyada qapısında 6 top görüb biabırçlı hesabla uduzanda da azərbaycanlılar coşmuşdu, hirslənmişdi, tənqid edirdi, təhqir edirdi. Deyirdilər ki, bizdə futbolçu yoxdur, deyirdilər ki, istəsən, Joze Mourinyonu da milliyə gətir, biz düzələn deyilik.
Təkrar-təkrar…
Qəzəb – inam, təhqir – tərif, ələ salmaq – ümid etmək.
Azərbaycan insanının özü, hadisələrə, sistemə və ya sistemsizliyə baxış tərzi dəyişmirsə, milli komanda, futbolçuların dəyişməsi nə dərəcədə qanunauyğundur? Adi, sıradan oxucu, azarkeş bir yana, ali təhsilli, günü futbolun içində keçən jurnalist bir günün içində, bir oyunla hər şeyin həll olunacağına, problemlərin aradan qalxacağına inanırsa, nədən danışasan? Bir düşünün, Azərbaycan millisi Kosovoya 0:4 hesabı ilə məğlub olmasa, qələbə qazansa idi nə olacaqdı? Təriflər göydə uçacaqdı, sağlıqlar deyiləcəkdi, badələr qaldırılacaqdı. Əksəriyyət qazanılan qələbənin təsiri altında xumarlananda, Azərbaycanda futbolun hansı gündə olduğunu, stadionların durumunu, 8 komandalı çempionatı, uşaq futbolunun dəhşətli görüntüsünü, Elxan Məmmədovu, İsgəndər Cavadovu – hər şeyi, hər kəsi unudacaqdı. Yaxşı ki, uduzduq! Mən özü-özünü aldadan, əlinə konfet verməklə ağlamağını kəsən körpə uşaq sifətində görmək istəmirəm insanlarımızı. Bu dəfə “konfet” olmadı…
“Millimizə, futbolçularımıza inanırıq”, “millimizə, futbolçularımıza inanmayan bu millətdən deyil” deyəcəyiniz, yazacağınız günədək, hələlik. ok




Fikirlərini bizimlə bölüş!