Məmmədovun köməkçiləri niyə açıqlanmır?
“Kəpəz”də yeni rəhbərlik işə başlasa da, əvəzlənməyən köhnələr onların adına müsbət fikirlər formalaşmasın deyə fəaliyyətsizdirlər. Hər halda görünənlər bunu deməyə əsas verir. Belə ki, ötən həftə Azər Məmmədov klubun İdarə Heyətinin yeni sədri Anar Abdullayevlə görüşüb müqaviləsini rəsmiləşdirmişdisə, baş məşqçinin köməkçilərindən xəbər-ətər yoxdur.
Halbuki komanda bir həftədir məşqlərə başlayıb. Mətbuat xidmətinin təqdim etdiyi foto və videolarda biz Məmmədovun köməkçilərini görə bilirik. Hələ bir müddət öncə AZFUTBOL olaraq eksklüziv formada Azər bəyin məşqçilər korpusuna daxil olan mütəxəssisləri də açıqlamışdıq. Axı bunu klub da etməlidir. Özü də çoxdan, komanda hazırlığa başlamamışdan öncə.
Yeni rəhbərlik “Kəpəz”ə təzə gəlib, bu kimi işlərdən xəbərsiz ola bilər. Bəs, İdarə Heyətinin üzvü Fərman Əlizadə, Media və marketinq departamentinin direktoru Gəray Qiyasov nə ilə məşğuldurlar?
Hələ departamentin qeyri-rəsmi şefi olan Pərvin Qasımovanı demirik. Londonda oturub “Kəpəz”dən maaş alan xanım hara baxır? Niyə Azər Məmmədovun köməkçiləri gizli saxlanılır, açıqlanmır? Onsuz da gizli bir şey də qalmayıb!
Ümumiyyətlə, son dövrlər Qasımovanın fəaliyyətsizliyi yenidən sistematik hal alıb. Klub əslən gəncəli olan, “Dinamo”da (Kirovabad) çıxış etmiş və daha sonra Sumqayıt futbolunun əfsanəsinə çevrilən Telman Salahov dünyasını dəyişəndə də başsağlığı vermədi. Akademiyanın yetirməsi Mədinə Kərimova qadın güləşi üzrə Avropa birinciliyindən bürünc medalla döndü, klubun sosial şəbəkələrindəki rəsmi səhifələrində təbrik görmədik. Belə hallar bir deyil, iki deyil…
Bir sözlə, “Kəpəz”də daşlar yerində deyil. Köhnələrin uzaq məsafədən idarəçiliyi klub adına yenə xoş mənzərə yaratmır. Güman ki, Anar Abdullayev zamanla buna “dur” deyəcək.


Fikirlərini bizimlə bölüş!