Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Lənət olsun belə peşəkarlığa…

Gerçək futbol klubu… Məncə, klub prezidentindən baş məşqçiyə, ulduz futbolçudan ehtiyatda oturana, masajçıdan qazona qulluq edənə qədər eyni amala qulluq edənlərin, eyni yükü daşıyanların və eyni dəyərə tapınanların qurduğu qardaşlıq cəmiyyəti, işgüzar kollektiv deməkdi. Belə klublarda ailə dəyərləri səviyyəsinə yüksələn bağlar olur, həmin bağlar nəsildən-nəslə ötürülür, sarsılmır, qırılmır, zamanın və həyatın ağır sınaqlarından keçməklə daha da möhkəmlənir. “Bavariya”, “Real”, “Barselona”, “Milan”, “Yuventus”, “Mançester Yunayted”, “Liverpul”, “Arsenal” və s. Özümüzkülərdən – “Neftçi”dən, “İnter”dən, “Simurq”dan yaşı çoxdan 100-ü ötən klubun peşəkarlığını ummaqla bəlkə də səhv edirəm. Bəlkə hələ 100 il bundan sonra da biz klub şərəfi anlayışına dair yerli nümunələrə tamarzı qalacağıq. Bəlkə… Bəlkə də…

Ölkə çempionatında 35-ci turun oyunları keçirildi. Təkcə elə oyunsonrası mətbuat konfranslarında deyilən fikirləri incələmək kifayətdi ki, necə cılız təfəkkürlü, necə qeyri-peşəkar futbol adamları ilə eyni çatı altında yaşadığının fərqinə varasan. Biri elə tərifli Kaxaber Tsxadadzedi. Ölkəmizdə 6 il işləyən, çörək qazanan, avrokuboklarda uzaqbaşı bir mərhələ adlayan (ötənilki “Elfsborq” fiaskosu istisnasız gürcünün vicdanına yazılmalıdı!) adamın 6 gün pulsuzluğa dözməyə gücü çatmadı. Oxuyun və qiymət verin: “Sabah Gürcüstana uçuram. “Sumqayıt”la oyunda komandanı meydana başqa mütəxəssis çıxaracaq. Mənimlə yanaşı, bir çox əcnəbi futbolçular da vətəninə yollanır. Kim evinə getmək istəyirsə, hamısına icazə vermişəm”.

Niyə baş məşqçi son oyunda komandasının yanında olmamalıdı? Niyə futbolçular mövsüm bitməmiş vətəninə qaçmalıdı? Peşəkarlıq budusa, lənət olsun belə peşəkarlığa…

Bir başqa “peşəkar”ın – Arif Əsədovun da açıqlamasına baxaq. 78 yaşlı bir klubun baş məşqçisinin mövsümü medalla və medalsız bitirməyin fərqini anlamaması ən azı təəssüf doğurur. Baxın, “Neftçi” ötən tur “Bakı”nı məğlub etsəydi, “Qəbələ” ilə xal fərqini 1-ə endirəcək, bununla da “bürünc”ün taleyi son tura qalacaqdı. Orda isə nə olar, nə olmaz. Məsələn, elə həmin “Bakı” “Qəbələ” ilə heç-heçə etsəydi, sən də üzərinə düşən işi görüb AZAL-ı yensəydin, medal sənə çatacaqdı. Yəni “Neftçi”nin tanıtmasında “bürünc”lə bitirdiyi mövsümlərin sırasına 2014/15 də əlavə olunacaqdı. Amma adamın dediyinə fikir verin: “Çempionatın sonuna bir tur qalıb. Artıq sıralamada yerimiz bəllidi. Futbolçularda motivasiya azalıb”.

Hələ bu gün də “Qəbələ”nin 3-cü yeri tutacağı dəqiqləşməyibsə, “artıq sıralamada yerimiz bəllidi” nə deməkdi? Futbolçularda motivasiya azalıbsa, onda sənin işinin-gücünün adı nədi? Peşəkarlıq budusa, lənət olsun belə peşəkarlığa…

Məhz Kaxanın ölkəmizə gətirdiyi, onun sönük kölgəsini xatırladan Georgi Çixradze də var. Hələ ciddi böhran başlamamış mövsüm üçün hədəflərindən uzaqlaşan, apreldə keçirdiyi 5 oyunun yalnız birində qələbə qazanan “Simurq”un çalışdırıcısı AZAL-dan aldığı 0:5-dən son-ra belə deyir: “Hazırda heç bir iddiamız yoxdu. Bu səbəbdən motivasiyasız oynayırıq. Nəticəyə görə yox, çempionatı bitirmək üçün meydana çıxırıq. Legionerlərin, o cümlədən yerli futbolçuların əksəriyyəti artıq gedib”.

Çixradze elə danışır ki, guya apreldə uduzduğu oyunların məsuliyyətini jurnalistlər daşıyır, ya da “Simurq”u “Qarabağ”la kubokun yarımfinalına o yox, mən hazırlamışam. Gürcü dilinə tərcüməsini bilmirəm, amma Azərbaycanda bu kimi hallar üçün çox populyar olan bir məsəl var: “Utanmasan, oynamağa nə var”.

Çixradze 0:5-in məsuliyyətini boynuna götürmək, zaqatalalı azarkeşlərdən üzr istəmək əvəzinə iddiadan, motivasiyadan danışır. Bəlkə mən anlamıram, peşəkarlıq elə bu imiş?

Peşəkarlıq budusa, lənət olsun belə peşəkarlığa…

Fikirlərini bizimlə bölüş!