Deyirəm futbolumuzun da “mənəm-mənəm” deyən dövrü var idi. Futbolçuları görən qarşısındakını ərəb şeyxi zənn edər, həmin futbolçular özlərini ölkənin ulduzu rolunda görər və beləcə, hər yerindən duran “mənim də oğlum futbolçu olacaq” fikriylə dünyadan xəbərsiz balanın əlindən tutub məşqə aparardı. Ki, oğlu ən asan yolla milyonçu olacaq, evə bağlama-bağlama dollar gətirəcək. Yel əsmişdi, qoz tökülmüşdü. Yığırdın, qurtarmaq bilmirdi.
O dönəmlərin ən maraqlı cəhətlərindən biri də futbolçu oğullarımızın karyerasını xaricdə davam etdirmək istəməməsiydi. Vətən dardaydı deyə, atəşkəs hər an pozula bilərdi və beləcə müharibə başlayardı. Ona görə də risk edib yad ölkədə oynamaq istəmirdilər. Ürəyi istədiyi pulları evin içində qazanırdılar. “Qa” deyəndə “qa” gəlirdi, “qu” deyəndə “qu”. Təkcə “podyomnı” puluna şəhərin mərkəzində 2 otaqlı ev alırdılar. “Bakı”sı, “Xəzər Lənkəran”ı, “Qəbələ”si, “Neftçi”si, “İnter”i elə pullar təklif edirdi ki, buraları qoyub sərhəddi o tərəfə keçənə axmaq deyərdilər. Kim idi 300-400 minə “yox” deyib, 50-100 minə görə Albaniyaya, Çexiyaya gedən?
Maraqlanan əcnəbilərə də elə qiymət “oxuyurdular” ki, avropalıların əlləri üzlərində qalırdı. Şəxsən Kamran Ağayevlə Rauf Əliyevə görə qollarını çırmalayan klubların adlarını yaxşı xatırlayıram. Kamran “əsgərlik problemim var, gedə bilmirəm” bəhanəsiylə “Xəzər Lənkəran”ın 400 mininə arxa çevirə bilmirdi, Rauf da “cavanam, gələcəyim qabaqdadı” düşüncəsiylə “Bakı”da, “Xəzər Lənkəran”da vaxt keçirməyi avropalıların tum pulundan üstün tuturdu. Araz 5-6 min avroya görə “Panionios”da kiminsə sözünü götürməyi özünə sığışdırmırdı. Qəlyanı kim “dartacaqdı”, “Maseratti”ni kim “xoruldadacaqdı”? Gedənlər də uzağı 1 ilə üstümüzə qayıdırdılar.
Çərxi-fələk elə dövr elədi ki, hər şey tərsinə dəyişdi. Dolların bahalaşmasıyla futbola axıdılan milyonlar da işinin dalınca getdi. Lap dəqiq desək, maaş məsələsində futbolun “anasını ağladan” iki olliqarx – Hafiz Məmmədovla Mübariz Mənsimovun səhnədən çəkilməsindən sonra işlər qaydasına düşdü. İndi arzulanan pulları verən cəmi iki klub qalıb – “Qarabağ”la “Qəbələ”. Ora da hər adam düşə bilmir. Uzaqbaşı 15-20 azərbaycanlı. Qalanları ya dırnaqlarını yeməyə məcburdular, ya da ölkədən qaçıb getməyə. Əli yüzminlərlə oynamağa öyrəşənlərin qəpik-quruşa razı olacaqları onsuz da inandırıcı deyildi. Vəziyyətin düzələcəyinə ümid edib, 1-2 il gözləyəcəkdilər, necə ki gözlədilər. Tam o vaxta – bundan artığına ümid etməyin mənasız olduğunu dərk edənə qədər. Bircə çıxış yolu qalmışdı. Menecerlərə ağız açıb Avropaya yollanmaq.
Başqa cür desək, burdakından yaxşı qazanmaq. Futbol oynamaq yox ha, məhz qazanmaq. Oynamaq, “artırmaq” fikirləri olsaydı, vaxtında bu addımı atardılar. Kamran ölkə klublarından heç kimə lazım deyil deyə, son iki ili Türkiyədə, sonra da Portuqaliyada keçirdi. İndi də sorağı Çexiyadan gəlir. Hər dəfə “darıxıram” mesajıyla burdakı imkanlıların diqqətini çəkəcəyinə ümid etsə də, qulaq asan yoxdu. Darıxa-darıxa xaricdə oynayıb pulunu qazanır.
Araz da onun kimi. “Neftçi”də, ardınca da “Qəbələ”də möhkəmlənə bilmədiyini görüb acıq vermək üçün Kiprə yollandı. Ki, Elxan Abdullayevlə Roman Qriqorçuka gözdağı versin, “Maseratti”ni satıb təzə “Range Rover” alsın. Ad olsun ki, kişi legioner həyatı yaşayır. Məcburiyyət qarşısında verdiyi qərar idi.
Çox güman, Rauf də “Kukesi”də peyda olacaq. O da həyatında ikinci qaçqınlıq həyatını yaşayacaq. İlk dəfə uşaq ikən Fizulidən məcbur qaçmışdısa, bu dəfə “dabanına tüpürüb” Azərbaycan futbolundan qaçmaq istəyir. Öz aramızdı, “İnter”dəki vəziyyət çətindi, pullar vaxtında verilmir. Rauf nə qədər dözsün, dərdini kimə desin? Vaxtında qazandığı milyonlar kül olub havaya sovrulub. Bundan sonra nəyin bahasına olur-olsun, qazanmaq lazımdı. Başqa yol yoxdu.
Getsinlər, yolları açıq olsun. Oynasınlar, özlərinə gün ağlasınlar. Bəlkə bu yolla ölkəmizin adı daha çox tanınar, başqa azərbaycanlılara da yol açılar. Millinin heyətində daha çox legioner adını görmək qürurverici olar. Amma bir məqamı unutmasınlar. Onlar öz xoşları ilə legioner həyatı yaşamağa qərar verənlər deyil. Onlar qaçqındılar, məcburi köçkündülər. Pulsuzluqdan başlarını götürüb qaçandılar. Uğur olsun!




Fikirlərini bizimlə bölüş!