Təxminən 12 il əvvəl Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşırdı, dünənkindən daha yaxşı futbol oynayırdı, uduzmurdu. 12 il sonra Azərbaycan millisi Qazaxıstan yığması ilə qarşılaşır, sıradan bir oyun göstərir, uduzur.
Robert Prosineçkinin açıqlamasına baxdım, adamın narazı qaldığı nə bir məqam, nə bir futbolçu olub. Hər şeydən razıdı. Eynən "Azərbaycan millisi 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq" vədi verib, sonra ovcunu yalayan Rövnəq Abdullayev kimi.
Bu adamlar hər şeydən razıdı, hər şeydən! Ortada isə heç nə yoxdu. Yenə qrup mərhələlərində autsayderik, yenə eyni oyun, eyni nəticələr…
Hə, Prosineçkili milli Berti Foqtsun komandasından daha yaxşı oynayır. Amma məsələn, Karlos Alberto Torresli, Şahin Diniyevli millidən yaxşı oyun göstərmir. Məşqçilər dəyişir, onların oyun fəlsəfəsinə uyğun olaraq millinin ortaya qoyduğu "performans" dəyişir – cüzi, nəticəyə təsir etmədən. Vəssalam, şüttəmam!
Görünən odu ki, Robert Prosineçki də bu komandayla heç nəyə nail olmayacaq. Ümumiyyətlə, mənə görə, uduzan komandanın baş məşqçisi futbolçularını tərifləyib, hər şeydən razı qaldığını deməməlidi. Nə qədər yaxşı oynayırsan oyna, uduzmusansa, deməli, nəyisə düzgün etməmisən. Nələrisə düzgün etməyən futbolçuları tərifləyib dağ başına qaldırmazlar, atam balası, qaldırmazlar.
İndi Azərbaycanın idman mətbuatının üzərinə böyük iş düşür. Mətbuat əfranlara, bədavilərə oyunla bağlı mənasız, boş-boş suallar verib, müsahibələr almaqla işini bitmiş saymamalıdı. Bu müsahibələr heç kimə lazım deyil! Tələb etməlisiz, tələb etməliyik. Rövnəq Abdullayevdən AÇ-2016 ilə bağlı vədinin (indi də 2020-ci ildə keçiriləcək Avropa çempionatına vəsiqədən dəm vurur adam), Elxan Məmmədovdan, Elşad Nəsirovdan bütün bu illər ərzində Azərbaycan futbolu adına hansı işləri gördüklərinin, Prosineçkidən son seçmə tsikldəki uğursuzluğun, qələbəyə həsrət qalmağımızın, futbolçulardan isə hər kəsdən daha çox qazanmalarına, hamıdan daha yaxşı yaşamalarına rəğmən, niyə futbol oynaya bilmədiklərinin hesabını tələb etməliyik.
Zatən bu ölkədə məddahların, yaltaqların sayı minlərlə, milyonlarladı – müğənnisindən tutmuş müəlliminə, həkiminə, məmuruna qədər. Barı siz məddah olmayın, dostlar, həmkarlar.




Fikirlərini bizimlə bölüş!