Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Maltanı məğlub etsək…

Bilirəm, indi hamı Malta ilə oyunu gözləyir. Elə AFFA rəhbərliyi də. Hamı qələbə qazanacağımızı güman edir. Elə AFFA rəhbərliyi də.

Hamı elə güman edir ki, Maltanı məğlub edəndən sonra hər şey qaydasında olacaq. AFFA rəhbərliyi əhli-Azərbaycanın başını qatmaq üçün yeni stimul da tapmış olacaq. Avro-2016 vədi puç çıxsa da, Malta üzərində qazanılacaq qələbədən sonra DÇ-2018 və ya Avro-2020 vədini vermək olar.

Ancaq heç kim fərqində deyil ki, sabaha ümid yoxdu, gümanlar dünəndən puç olub. Hər bir ölkənin milli komandası uğur qazanmaq üçün əvvəlcə təməl qoymalıdı. Əvvəlcə aşağı yaş qruplarından olan millilər uğur qazanmalıdı. Sabaha olan ümid də, güman da ondan cücərməlidi. Bu gün futbolçu istedadları üzə çıxan o gənclər sabah əsas millinin özəyini təşkil etməlidi. Etməlidi ki, uğur qazanılsın.

Buraxın, Malta ilə oyunu. Xəyalınızı “cırtdanlar” üzərində qazanılacaq qələbənin gətirəcəyi eyforiya ilə yormayın. Dönün bu gününüzə, deməli, həm də sabahınıza baxın.

Azərbaycanın 17 yaşlılardan ibarət komandası Bakıda keçirilən qrup oyunlarında sonuncu pilləni tutdu. 17 yaşlılar tordan 11 top çıxartdılar, bir qol da vura bilmədilər. Avro-2020-də bu yeniyetmələrin 22 yaşı olacaq ey. Onlar indi qarşılarında aciz qaldıqları serbləri, xorvatları, portuqalları 5 ildən sonra yenə biləcəklər? Yəni həqiqətənmi siz buna inanırsız?

Azərbaycanın 16 yaşlılardan ibarət millisi beynəlxalq turnirdə Portuqaliyaya 0:5 hesabı ilə məğlub olub. Elə həmin gün 19 yaşlılardan ibarət milli Fransaya uduzub – 0:2.

Bütün yaş qruplarından olan millilər nəinki qələbə qazana bilmir, heç qol da vurmağı bacarmırlar. Bu, nəyin göstəricisidi? Bu önun göstəricisidi ki, bu uşaqların futboldan xəbərləri yoxdu. Buna görə o uşaqları qınamağın da yeri yox. Çünki onlara belə futbol oynamağı öyrətdilər. Əslində, öyrətmədilər. Kim öyərədəcəkdi ki? Keyfiyyətsiz süni örtüklü meydançaya 2-3 top atdılar, qovhaqov başladı. Bu uşaqların futbolu öyrənməsi üçün meydança və ən əsası savadlı mütəxəssis lazımdı axı.

Hanı o meydançalar, hanı o savadlı mütəxəssislər? Hətta torpaq üzərində də futbol oynamağı öyrənmək olardı. Mütəxəssis olsaydı. AFFA-nın baş katibi xaricdə keçirilən uşaq məşqçilərin seminarına katibəsinə göndərəndə, uşaqlarımız, yeniyetmələrimiz də belə biabır olmalıydı.

AFFA-nın vitse-prezidenti Rauf Əliyev hər il büdcədən 160 min manatı Danimarkanın hansısa təşkilatına verib. Verib ki, danimarkalılar gəlib Azərbaycanda bizim uşaqlar üçün futbol düşərgələri açsınlar. Masallıda futbolçu yetişdirmək istəyən, ömrünü AFFA-ya tapşırmış “Viləş”in veteranları azı on dəfə Elxan Məmmədova məktub yazıblar. Məktub yazıblar ki, bizə top, forma verin. Veriblər? Veriblər. Amma Danimarka təşkilatına. Guya onlar gəlib burda futbol düşərgəsi açacaqmış. Beş ildi bu vəsait ödənilir. Hanı o düşərgə? Əvəzində danimarkalı, serbiyalı, xorvatiyalı, portuqaliyalı yeniyetmələr bizim uşaqlara meydanda dərs keçirlər.

Təxminən 10 gün ərzində U-16, U-17, U-19 5 oyun keçirib. Bu qarşılaşmalarda millilərimiz 18 qol buraxıb, bir qol da vura bilməyib.

Malta üzərində qələbə gözləyirsiz? Deyirsiz ki, ondan sonra hər şey düzələcək? Bəlkə qayıdıb bu günümüzə baxaq?

Fikirlərini bizimlə bölüş!