Bayıla aparan avtobusda radionun səsi bütün salonu bürüyüb. Amma birvaxtlar olduğu kimi bayağı mahnılar dinləmirik, xəbərlər sərnişinlərin diqqətinə çatdırılır.
Günün şok xəbərini indi hamı eşidir. Diktor “Neftçi”nin veteran futbolçusu Maşallah Əhmədovun həbs olunduğunu, onun dələduzluqda ittiham edildiyini, üst-üstə 100 min dollardan çox pulu mənimsədiyini deyir, daha sonra 2 şikayət əsasında saxlanılan bu şəxsin AFFA Regional Futbol Federasiyasında işlədiyini xatırladır.
***
Mən 2 sərnişinin dialoquna qulaq verirəm.
Neft qurtarsaydı, canımız qurtarardı. Hamısını boş-boş şeylərə xərcləyirlər.
Hə, futbola-zada. Sonra da belələri, həmin pullarla harınlamışlar ortaya çıxır.
Ona nə var e, birtəhər canını qurtaracaq. Hələ sovetin vaxtından bugünədək yığa-yığa gəlir.
Bir futbolçu da olmayıb, qıraqla boş-boş qaçardı. “Neftçi” ondan bir xeyir görmədi, amma necə oldusa, o, altını doldurdu.
İndi də bir yol tapıb canını qurtaracaq. Pulun yarısını tutub əlindən alacaqlar, pul yiyələrini də birtəhər, qorxu-hürküylə yola verəcəklər, vəssalam.
Özü də İmişli icra hakimiyyəti ilə işləyirmiş. İndi pulunu istəyənlərdən material alıb onlara çatdırırmış. “Radio” dedi ki, icra hakimiyyəti pul ödəyib, bu, lazım olan yerə çatdırmayıb.
Düzü, heç mən onların da pulu verdiyinə inanmıram.
Təəssüf ki, avtobusdan enməliyəm. “Bayıl Arena”nın yaxınlığındakı dayanacağa çatmışam. Oyunun birinci hissəsinin bu qədər cansıxıcı keçəcəyini bilsəydim, yola davam edib daha maraqlı olan həmin söhbətə qulaq asardım.
***
“Rəvan” yenə diligödəkdi. Başqalarının əlinə baxan Nuru Əliyevin klubu stadion tapa bilmədiyindən yenə hamının evinə getməsini gözləməli olub. Hər dəfə ev oyunu saat 20.00-a salınan bakılılar “İnter”i daha gec – 20.30-da qəbul etməlidi.
Darıxdırıcı birinci hissədən sonra komandalar daha istəkli görünür. Xüsusilə qonaqlar qələbəni rəqibindən daha çox istəyir. Ötən tur “Sumqayıt”dan alınan şok ev məğlubiyyətindən sonra növbəti səhvə yol vermək olmaz.
Ciddi səviyyə fərqi var. Bir yanda yalnız istək hesabına nəsə etməyə çalışan “Rəvan”ın gəncləri, digər yanda usta futbolçulardan qurulan “İnter”. Statistika da göz çıxarır: “bankirlər” üçün bu rəqib indiyəqədərki 9 oyunun hamısında asan yem olub, bir xal da güzəştə getməyiblər. Deməli, ikinci hissədə mütləq qol olacaq.
***
Yenə usta futbolçular sözünü deyir. 2 künc zərbəsi, 2 qol. Öncə gürcü dostlarıyla birgə “Sumqayıt”la oyunu bukmeker kontorları üçün əyləncəyə çevirən müdafiəçi Zurab Xizinaşvili, ardınca oyuna girdikdən sonra qısa müddətdə fərqlənən Limam Seydi toru silkələyir. Bunadək isə dirək təzyiqi artıran nominal qonaqlara mane olmuşdu.
Bitdi – “İnter”in 2 oyuna sığan məğlubiyyət, “Rəvan”ın 6 oyundu davam edən məğlubiyyətsizlik seriyası. İnsaf naminə, meydan sahiblərinin baş məşqçisi Bəhmən Həsənovun çətin vəziyyətdə olduğunu da deməliyik. O, müxtəlif səbəblərdən az qala heyətin yarısının xidmətindən məhrum olmuşdu.
Tərs kimi, “Rəvan” azarkeş dəstəyindən də məhrum idi. Oyunun gec saatlarında qurtarmasına görə valideynlər komandanın aşağı yaş qruplarında oynayan övladlarının stadiona azarkeş kimi gəlməsindən narazıdı. Onların şikayətindən sonra klub uşaqları məcburən arenaya gətirməkdən əl çəkib. Belədə “Rəvan” yenidən yetim klub kimi diqqət çəkirdi. Əvəzində “İnter”in 50-dək azarkeşinin səsi arenanı götürmüşdü. Onlar fitbolçulara tərif şüarları səsləndirir, komandanı motivasiya edirdilər.
***
Oyun başa çatıb, “Bayıl Arena”nın dəhlizində sakitçilikdi. Futbolçular yuyunub, paltarını dəyişib avtobusa tələsir, mətbuat konfransından qayıdan jurnalistlər 1-2 futbolçudan da müsahibə alıb işini yekunlaşdırır. Sadə geymdə dəhlizdə addımlayan “İnter”in baş məşqçisi Zaur Svanadzenin gözlərində təbəssüm var. Amma bu, bizim bəzi futbol adamlarındakı kimi özündənrazılıq deyil, adi bir oyunu uğurla başa vurmağın jestidi.
Gürcü futbolunun əfsanəsindən, Tiflis “Dinamo”suyla 1981-ci ildə UEFA Kubokunu qazanmış adamdan danışırıq. Avtobusda isə Maşallah Əhmədovdan – Azərbaycanın əfsanəsindən danışırlar…




Fikirlərini bizimlə bölüş!