Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Masazır BUD” çempionatı

Salam əziz dostum! Məktubunu alıb çox sevindim və sənin də həmişə sevinc içərisində olmanı bir olan Allahdan arzu edirəm. Cavab məktubun mənə çatanda səfərdən yenicə qayıtmışdım.

AFFA yetişdirdiyi 100.000-ci futbolçuya lisenziya sənədini verdikdən sonra “Niyə də yox” deviziylə böyük tədbirlər planı hazırlayıb. İlk olaraq ölkənin bütün futbol camiəsi, sənət adamları ilə birgə Qazaxa getdik. Daha sonra Qax, Mingəçevir, Yevlax, Sabirabad, İmişli və Lənkəranda olduq. Adıçəkilən rayonların vaxtı ilə çıxış etdiyi komandaların stadionuna əklillər qoyulduqdan sonra Elxan Məmmədov çıxış edib görülən işlərdən, Rövnəq Abdullayevin “iki dənə iyirmi lahiyəsi”ndən danışıb, “Şimalda yaşayan soydaşlar və milli futbolçularımız” mövzusunda geniş mühazirə oxudu.

Qardaşım, mənə ən xoş təsir bağışlayan getdiyimiz hər bir rayonda “Top festivalı” muzeyindən aldığım təəssürat idi. Bilirsən ki, uşaqlıqdan muzeylərdə olmağı sevirəm. Səfər nə qədər gözəl olsa da, müəyyən qədər yorucu oldu. Ramin Musayevin PFL prezidenti olandan bəri jurnalistləri səfərlərə aparan tranzit nömrəli avtobusu çox köhnəldiyindən, uzaq səfər üçün əlverişli deyil. Bilmirəm niyə AFFA bir dənə düz-əməlli avtobus tapmayıb PFL-in avtobusuna üz tutmuşdu. Tərslikdən bizimlə səfərə çıxan “Bu məhəbbət ölən deyil” qəzetinin müxbiri sual verdi ki, “görəsən, niyə illərdi PFL-ə aid olan avtomobillər ancaq Gürcüstanın tranzit nömrələri ilə gəzir?”. Pahh, bir vur-çatlasın qopdu, aləm dəydi bir-birinə. Güclə həmin müxbiri çəkmişəm kənara ki, “qardaş, bu avtobusla indiyə qədər 100.000 idman jurnalisti səfərə çıxıb,yolda DYP saxlayıb, matça gecikib, amma heç kəs bu sualı verməyib. Bax, sənə nə?”.

Nə isə, bu hadisəni, köhnə avtobusu nəzərə almasam, hər şey yaxşı qutardı.

Dostum, “Topaz”ın Premyer Liqamızın sponsorluğundan imtinası an məsələsidi. Yeni mövsümdə demək olar bütün oyunlar Masazırda inşa edilən stadionda keçirilir ki, deyilənlərə inansaq, yaxında çempionatımız həmin qəsəbədə toyuq budu istehsal edən şirkətin şərəfinə “Masazır BUD” adlanacaq.

Ümumiyyətlə, stadion cəhətdən problemlər çoxdu. Tofiq Bəhramov adına Respublika stadionunu ildə iki dəfə təmir etsələr də, hələ ki, matçlar orda keçirilmir. “Qarabağ”ın Avroliqa matçlarında stadionun projektorları çəkilən selfilərə əks effekt verdiyindən, UEFA baş arenaya qadağanı hələ də götürməyib.

“Qarabağ” deyən kimi yadıma Bəhmən Həsənov düşdü. Dostum, ÇL-in qrupuna yolumuzu Çexiya “Viktoriya”sının kəsdiyini bilirsən. Çexlərin baş məşqçisi öz ölkəsinin mətbuatına verdiyi müsahibədə qeyd edib ki, “Ağdamlıları dayandırdığımız üçün hər birimiz Bəhmən Həsənova minnətdarıq”. Sən demə, çexlərə taktikanı 6 dəfə postu ilə vidalaşıb geri qayıdan, karyerasında yeganə böyük qələbəsi “Qarabağ” üzərində olan Bəhmən müəllim veribmiş.

Pah, atonnan! Hələ Avropadakı digər təmsilçimiz “Qəbələ”dən sənə danışsam, lap əhvalın korlanar. Tarix yazan klubumuzun oyununda yerli camaat Qəbələ Beynəlxalq Musiqi Festivalına getdiyi üçün tribunalarda cəmi 123 nəfər azarkeş olur. “Sabahın xeyr” sözünü də söyüşlə deyən baş məşqçiləri Roman Qriqorçuk əməlli-başlı heyrətlənib ki, “necə olur yerli əhali Cankarlo Pazoliniyə qulaq asır, amma futbola gəlmir?”.

Əziz dostum, məktubunun ara-sıra ezamiyyətə gedəndə “CBC Sport”u izləyə bilmədiyin barədə yerinə çatanda üzüldüm. İstədim bu barədə yerindəcə kanal rəhbərliyinə telefonla iradımı bildirim. Amma nəhayət, telefona cavab verən gözətçi dedi ki, “Kanalda heç kəs yoxdu. Direktorumuz Volkan bəydən tutmuş xadimələrə qədər hər kəs PFL-ə, operator Nadirin “Qəbələ” – “Sumqayıt” matçının çəkilişinə baxmağa gedib”. Amma imkan tapan kimi iradını mütləq bir yolla çatdıraram.

Qardaşım, Azərbaycan futboluna yaraşıq verən “Xəzər Lənkəran”, rəqabət gətirən “Bakı”, “Karvan” tarixin yaddaşına köcəndən bəri AFFA-da vəziyyət gərgindi. İntizam Komitəsinin “ağ-yaşıllar”a hər oyun kəsdiyi cərimələrin hesabına Maldiv adalarında dincələnlər indi heç Kürdəmirə belə gedə bilmir. Ramin Musayev və Xaqani Məmmədov ən perspektivli hakimimiz olan Ramil Diniyevin kəndlərindən onlar üçün gətirdiyi pendir-qaymaq və meyvələrin hesabına dolanır. AFFA yanında klub xadimələri komitəsinin son iclası lap bədbin notda bitib. “İnter”in xadiməsi deyib ki, “vaxt vardı adımda 12 milyon kredit vardı, amma indi iki aydı maaş ala bilmirəm”.

Bax, beləcə, futbolumuzda hələ ki, başqa yenilik yoxdu.

Hə, lap unutmuşdum. Mən sənə bu məktubu yazanda UEFA-nın yeni prezidenti Aleksander Çeferin Bakıya təşrif buyurdu. Deyirlər yeni prezident çox çətin adamdı. Onun şərəfinə verilən ziyafətdə nə qədər ediblər qara kürü yeməyib. Sakitcə Elxan Məmmədovun qulağına pıçıldayıb ki, “Sən canın, düzünü de, Platininin evini də bu qara ilə yıxdın?”.

Dostum, daha nə yazım? Sənə bacardığım qədər futbolumuzda baş verənlər barədə dolğun informasiya çatdırdım. Unudub yaddan çıxardığım məsələləri növbəti məktubumda qeyd edərəm. Özündən muğayat ol. Vətən sizə əmanət! Səbirsizliklə cavabını gözləyirəm. Meşəbəyi Hacıağanın balalarına, Arzumana, bizim üçün Gəncədən qəzet alıb gətirən avtobus sürücüsünə salam de.

Hüseyn CEBRAYILOĞLU

Fikirlərini bizimlə bölüş!