Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Medalın iki üzü

Prezident İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
1.1. birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;
1.2. ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;
1.3. üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
***
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Bakı şəhərində keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
– birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
***
Lirik-sentimental ruhlu xalqımızın özünətənqidlə arası olmasa da, bu sərəncamlardan sonra ən azı şeriyyata baş vurmalıdı:
Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə…
Mən belə dünyanın nəyindən küsüm?
Allah Məmməd Araza rəhmət eləsin…
***
Dünyanın ən mənasız yarışlarından olan İslam
Həmrəyliyi Oyunları tarixində belə mükafat görünməmişdi və bir daha görünməyəcək!
Hər qızıl medal ölkəmizin büdcəsinə 225 min manat ziyan vuracaq! Digər ölkələrin Bakıya yarıhəvəskar heyət gətirdiyini nəzərə alaraq Azərbaycan idmançılarının 100-dən, bəzi nikbin proqnozlara görə isə 150-dən artıq medal qazanacağı gözlənilir. Mən daha nikbin olanların tərəfindəyəm. İdman çoxdan təmiz deyil. 225000 manatın 25 minini bu yarışda iştirak edən istənilən idmançıya versən, uduzar. Ən azı ona görə ki, başqa ölkələrdə heç kim bu cür yarışda uğur qazanan yerli idmançılara mükafat verəsi deyil. Bundan başqa, bəzi növlər var ki, orda iştirakçı azlığına görə idmançılar avtomatik medal alacaq…
Çox güman, Prezidentin sərəncamından ilhamlanan Kəmaləddin Heydərov, Fazil Məmmədov, Azad Rəhimov, Rövnəq Abdullayev və başqa ağsaqqallar da medalçılara "görüm-baxım" edəcək. Olan büdcəyə olacaq…
***
Rövnəq Abdullayevdən söz düşmüşkən, müəllimi oğlunun komandasının premyer-liqaya vəsiqə qazanması münasibətilə təbrik etmək olar. "Səbail" yüksək liqada oynayacaq, 1-ci divizionun qalibi "Turan" isə "ata"sı olmadığına görə, çox güman, yenə 1-ci divizionda qalacaq və ya dağılacaq…
"Turan"ın dağılmaması üçün İslam Oyunlarının qalibi, hansısa monqol legionerə veriləcək məbləğ qədər pul lazımdı…
"Turan"ın AFFA-nın Lisenziya Komissiyasının qərarından apellyasiya şikayəti vermək üçün 10 gün vaxti var…
Ölkənin və Tovuzun imkanlı adamlarının laqeydliyi fonunda bütün dünyadakı "Turan" azarkeşləri birləşib sivil yolla istəyinə çata bilər! Dünyada klubun yaşaması üçün azarkeşlərin pul yığmaq praktikası var. Təklif edirəm ki, çoxminli "Turan" azarkeşləri bank hesabı açıb Tovuz klubunu sevənlərə müraciət etsin. Əminəm, Azərbaycan futbolu və "Turan" adına bütün dünyadan bu hesaba pul axacaq. Və yekunda lazım olan 250 min manatdan daha artıq məbləğ yığılsa, təəccüblənmərəm!

Fikirlərini bizimlə bölüş!