Azərbaycan futbolu

Xəbərlər və təhlillər

MEHMAN ALLAHVERDİYEV & ŞAHİN DİNİYEV:

"Mehriban düşmənlər" "Kəpəz"də necə yanaşı addımlayacaq?

Aradan 10 il keçdi, Şahin Diniyev yenə Gəncəyə döndü. AFFA Premyer Liqaya qaytardığı kluba Diniyevin özünü də qaytardı. Tanış sima tanış məkanda tanış üzlərlə üz-üzə işləyəcək. Yan-yana yox. Gəncədə çiyin-çiyinə gedilməz.

Gəncədə işləmək çox çətindi. Burda bir Mehman Allahverdiyev var, hər "mənəm-mənəm" deyən onunla çəkişə bilməz. Yerin altını da bilir, üstünü də. Nizami yurduna çoxları gəlib, çoxları gedlb, Allahverdiyevə batan olmayıb. Hamısına o batıb. Bunun dibinə kimi bilənidi.

Diniyev 2005-ci ildə bacarmamışdı. Başını götürüb qaçmışdı. Tək qaçmamışdı. Ovaxtkı sponsor Ruslan Məmmədov da az sonra dalısıyca qaçmışdı. Allahverdiyev işləri elə düzüb-qoşdu ki, Ruslan Məmmədov axırda özünü təyin etməyə məcbur olmuşdu. Zəhləsi getdiyi halda.

Hərəyə öz çuğun qabı. Şahin Diniyevin getməyə zatən başqa yeri yoxdu. Gör, neçə ildi "Terek"dən ayrılıb, nə salam verdilər, nə də "sağ ol". Yalnız "Rəvan"da işlədi. Bir neçə ay. Yenə "Kəpəz"də nəsə edə bilər. Bu dəfə imkan versələr.

Diniyev güclü mütəxəssis kimi heç vaxt özünü doğrultmayıb. Fürsəti olub-olmayıb, məqamı düşüb-düşməyib – nə dəxli, fakt budu ki, bacarmayıb. Ümumiyyətlə, böyük klublar Diniyev üçün deyil. "Qarabağ"da 3 ildən artıq çalışdı, qazandı, amma qazandırmadı. İddialı, çempionluq uğrunda mübarizə aparan komanda yaratmaq istəyən sponsora Diniyev heç nə verə bitlməz. Cani dildən can atsa da, verə bilməz. Axı adamın özündə böyük klubu çalışdırmaq xarakteri yoxdu, olmayandan sonra nə versin?

Amma xeyr, Şahin Diniyev Vaqif Sadıqov qədər fərasətsiz və qorxaq deyil. O, ortabab, boyundan bir balaca yuxarı tullanmaq fikrində olan klubda adından söz etdirər. 10 il öncəki "Gəncə"ni (indiki adıyla "Kəpəz") bir yerə gətirmişdi. Diniyevə ulduz olmayan, əldə-ayaqda qalan, başqalarının qapıdan qovduğu futbolçuları verəsən, işləyər. Normal oyun göstərər. Həmin "Gəncə"nin Bakıda "Neftçi"ni 2:1 udmasını, yəqin ki, nə özü unudub, nə də Ağasəlim Mircavadov. "Gəncə" yeri gələndə döyüşürdü, yeri gələndə oynayırdı.

Əli bala batmadığı üçün Diniyev getməyib Gəncəyə. Getməyib nə edəsidi ki? Əldən qalar əlli il qalar. Ağasəlim Mircavadov, Böyükağa Hacıyev, Nazim Süleymanov və başqalarına boş klub tapılmır, Diniyev hardan tapasıdı ki? Elə bir fövqəladə üstünlüyü yoxdu ki, bir pillə yuxarıda dayansın. Adi məşqçidi. Sadəcə, reklamı güclüdü.

Diniyev məşqçi kimi ictimaiyyət tərəfindən qəbul olunmasına görə birinci və axırıncı mediaya təşəkkür etməlidi. Yoxsa istedad-bacarıq müstəvisində xüsusi vurğulanası tərəfini sübuta yetirməyib. Nəzəriyyəni bilməsi və jurnalistlərlə dil tapması Diniyevi daim gündəmdə bəsləyib. O, özünü mələk libasında təqdim etməyi hələ futbol oynadığı illərdə öyrənib. Növbəti dönüşündə "Kəpəz"ə uğur qazandırması üçün bunlar yetərli olacaqmı? Mehman Allahverdiyev kürəyini bu dəfə AFFA-ya söykəmiş "mehriban düşməni"ylə yanaşı addımlayarmı? Gəlin, vaxtı qabağa çəkməyək.

Məsəli bunlardan uzaq, qurdla quzunun bir çəmənlikdə baş-başa verib, bir-birini yola verməsi, salyanlıların təbirincə, eycahanlıq demək olardı "Kəpəz"də.

Fikirlərini bizimlə bölüş!