Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Milli Premyer Liqada legioner limiti və komanda sayı yenə dəyişdirildi

AFFA İcraiyyə komitəsi 2014-15-ci illər mövsümündən Azərbaycan Premyer Liqasında qüvvəyə minəcək legioner limiti ilə bağlı yekun qərarını açıqlayıb. Növbəti mövsümdən meydana eyni zamanda altı legioner və beş yerli futbolçu çıxa biləcək.

Yerli futbolçulardan birinin yaş həddi isə 21 yaşdan yuxarı olmamalıdı. Daha bir yerli futbolçu üçün isə 23 yaşadək olması şərti qoyulub.

Qeyd edək ki, cari mövsümdə komandalar “7+4” sxemi ilə çıxış edir. Əvvəlki qərara əsasən isə, növbəti mövsümdən meydana çıxmalı olan 5 yerli futbolçudan ikisinin yaş həddi 21-dən yuxarı olmamalıydı.

Növbəti mövsümdən Azərbaycan Premyer Liqasında klubların sayı artırılacaq. Bu barədə də İcraiyyə komitəsi qərar verib.

Qərara görə, lisenziyadan keçmək imkanı olan klubların Premyer Liqada iştirakına icazə veriləcək. Belə ki, növbəti mövsümdə elitada 12 klub çıxış edəcək. Yəni elitanı heç bir klub tərk etməyəcək. 1-ci divizionun isə 2 ən güclüsü Premyer Liqaya yüksələcək.

İcraiyyə Komitəsinin iclasından sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev jurnalistlərin suallarını cavablandırıb:

– Azərbaycan futbolunun inkişafı üçün futbolçularımız legioner həyatı yaşamalıdı, xüsusilə cavan futbolçuları xaricə qovmaq lazımdı. Millinin üzvləri məhz Rövnəq Abdullayevin mükafatı üçün oynayır…
– Mən sizə bir şey deyim. Biz İK-nın iclasında belə bir qərar qəbul etdik. 22 yaşa qədər oyunçuların maaşına limit qoyulmalıdı. Bunu açıq deyirəm. Əgər bir kluba 1000 manat maaş verilirsə, həmin futbolçular gedib rayonda da eyni məbləği alırsa, bu, şübhəlidi. Biz bunları araşdıracağıq, belə şeylər ortaya çıxsa, onları sərt cəzalandıracağıq.

– Olimpiya stadionu tikilməkdədi. Onun açılışı nə vaxt olacaq? Milli nə vaxt oyunlarını həmin arenada keçirəcək?
– O stadion 2015-ci ildə keçiriləcək olimpiya oyunları üçün nəzərdə tutulub. Həm də U-17-lərin Avropa çempionatı da orada keçirilə bilər.

– Hər kəs gənclərə üstünlük verilməsindən danışır. Digər tərəfdən Almaniyanın aşağı liqalarında gözdən itən qeyri-azərbaycanlıların milliyə çağırılması nə dərəcədə düzgündü?
– Klublara baxın. Görün orada azərbaycanlı hücumçu var? Həmçinin dayaq müdafiəçiləri də yoxdu. Berti Foqts bunu hardan alsın? Maksimum cavan oyunçular yığmağa çağırılır. Onu da deyim ki, Almaniyanın 2-ci liqasında oynayan futbolçunun səviyyəsi daha yüksəkdi.

– Futbolumuz azarkeş baxımından əziyyət çəkir. Olanlar da stadionlarda dava-dalaşdadı. Klublara təhlükəsizlik baxımından hansı tapşırıqlar verildi?
– Desəm ki, azarkeşlər dostdu, yalan olar. Azarkeşlik o deyil ki, dağıdasan, söyüş söyəsən. Çoxları Türkiyədəki oyunlardan nümunə götürürlər. Yaxşıları götürmürlər, pisləri götürürlər. Biz klublarda reformlara başlamışıq. Bütün klublarda müşahidə şurası yaradıldı. Bütün klublarda futbolu bilənlər olacaq. “Klub prezidenti belə deyir” söhbəti olmayacaq. Biz xaricdən mütəxəssislər yığırıq. Bunu elə-belə yerə etmirik. Hər kluba nümayəndəmizi qoyuruq. Biz məşqçinin bütün xərcini çəkib, onları kluba qoyuruq. Beləliklə, həm vəziyyəti biləcəyik, həm də uşaq futbolunun inkişafına nail olacağıq.

– “Neftçi” son turlarda uğursuz nəticələrdən sonra həm PFL, həm də AFFA-nı günahlandırır…
– Sən indiyədək görmüsən ki, uduzan getsin kiməsə razılıq etsin? Uduzubsa, şikayət etməlidi. Boş şeylərdi. Uduzan hər kəs deyir ki, məni sıxdılar. Avropada da hakimlər elə səhvlər edir ki, bizimkilər etsə, onları güllələyərlər. Hansısa klub uduzursa, deyir belədi. Kim oynayırsa, meydanda özünü göstərməlidi.

– Millinin oyunları yayımlanmır. Nə vaxtadək azarkeşlər əsas komandamızın oyunlarını sayt vasitəsilə izləyəcək?
– Bu, televiziyaya aiddi. Qarşıdakı ABŞ-la oyunu televiziya vasitəsilə yayımlanacaq. Televiziyalar deyir yayım hüququnu bizə ver. Niy verməliyəm? Türkiyə Futbol Federasiyası televiziyalardan 450 milyon dollar pul alır. Kim vermək istəyirsə, reklam bazarı var..

Fikirlərini bizimlə bölüş!