Hollandiyanın 2-ci liqa təmsilçisi “Den Boş”da çıxış edən həmyerlimiz Ziya Əzizov debüt matçındaca seçilib. Mərkəz yarımmüdafiəçisi mövqeyində çıxış edən 17 yaşlı oyunçu komandasının PSV-2 ilə oyununda 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İlk turda səfərdə keçirilən görüşün 22-ci dəqiqəsində meydana çıxan Əzizov 45-ci dəqiqədə 0:4 hesabı ilə geridə olan komandasının 1-ci hissədəki yeganə qoluna imza atıb. Ardınca o, “Den Boş”un 2-ci və 4-cü qollarının da məhsuldar ötürməsini veirb. Maraqlıdı ki, onun etdiyi məhsuldar ötürmələrdən biri cərimə, digəri isə künc zərbəsindəndi. Demək ki, o, gənc yaşına baxmayaraq, standart vəziyyətlərdən yaxşı istifadə edə bilir.
Yaxşı, görəsən, kimdi, bu Əzizov? Futbolçunun vikipediya səhifəsinə nəzər salsaq, görərik ki, həmyerlimiz 1998-ci il oktyabrın 4-də Hollandiyanın Oistervyik qəsəbəsində doğulub. Elə futbolun sirlərinə də yerli RKSV “Taksandriya” klubunda öyrənməyə başlayıb. 11 yaşına kimi burada məşq edən Ziya daha sonra indiki klubu “Den Boş”un aşağı yaş qruplarında məşq edib. Ötən mövsümü həvəskar “Brabant Yunayted”də keçirən futbolçu bu yay yenidən sabiq komandası “Den Boş”a geri dönüb. Burada “ağ-göy əjdahalar”ın əsas komandasına çıxış edən futbolçu, yuxarıda yazdığımız kimi, artıq debüt edib.
Maraqlıdı ki, o, millimizin heyətində də oynamaq imkanı tapıb. Yarımmüdafiəçi 2014-cü ilin oktyabrında 17 yaşlıların Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən qrup oyunlarından birində forma geyinib. Belçika və İsveçrəyə qarşı matçlarda adı iştirak ərizəsinə salınmayan Ziya yalnız son turda – Bosniya və Hersoqovinaya qarşı oyunun 80+1-ci dəqiqəsində meydana daxil olub. O, penaltilər seriyasında məğlub olduğumuz görüşdə topu ağ nöqtədən “çərçivə”yə sala bilib.
Həmin vaxt milliyə rəhbərlik edən Mirbağır İsayev də futbolçu haqda müsbət fikirdədi: “Perspektivli futbolçudu. Yadıma gəlir, ağır zədə almışdı. Xorvatiyada təlim-məşq toplanışında olanda zədələnmişdi. Ona görə də yalnız Bosniya və Hersoqovina ilə son matçda meydana buraxmışdım. Millinin həkimi Ziyanı son matça hazır edə bilmişdi. Bizim əsas futbolçularımızdan biridi. Mən millini qəbul edəndə o, artıq komandamızda idi. Onun əsas üstünlüyü intellekt səviyyəsinin yüksək olmasıdı. Hər şeyi tez qavrayır, ünsiyyət qurma bacarığı var. Özü də 2-3 xarici dil bilir. Yaxşı futbolçu olmaq potensialı böyük idi. Sonradan mən millidən ayrıldığıma görə aqibətindən xəbəri olmadı”.
Düzdü, “bir güllə bahar olmaz”. Amma hər halda, Hollandiya kimi futbol ölkəsində böyüyüb, burada futbolun sirlərinə yiyələnən birisinin normal oyunçu kimi yetişmək şansı daha böyükdü, nəinki burada üzə çıxanın. İnanaq və ümid edək ki, Əzizov birvaxtlar Hollandiyanın ən güclülərindən olan “Tvente”yə transfer olunub, özünü göstərə bilməyən Vaqif Cavadovdan fərqli “zanbaqlar ölkəsi”ndə potensialını ortaya qoyacaq.
İndi əsas iş AFFA-nın üzərinə düşür. Xaricdə yaşayan həmvətənlərimizi millimizə qazandırmaq xətti götürən qurum bu futbolçunu da ununtmamalıdı.
Elmar ABDULLA-ZADƏ




Fikirlərini bizimlə bölüş!