Azərbaycan yığması yarındığı gündən milliləşdirilmiş futbolçulara qucaq açıb. 25 ildi bu proses davam edir. Geridə qalan illər ərzində millimizin seçmə oyunlarda ən yaxşı halda 9 xal topladığını nəzərə alsaq, bu siyasətin tam fiaskoya uğradığını görərik.
Statistikaya nəzər salsaq, görərik ki, 1992-ci ildən bəri indiyə kimi 43 (!) futbolçu milliləşdirilib. Bu 43 nəfərdən isə üzə çıxardılası futbolçuların sayı barmaqla sayılacaq qədərdi. Amma əminliklə demək olar ki, milliləşənlərin böyük əksəriyyəti yığmaya xeyir verməyib.
Cədvəldə göstərilən oyunçular yığmada üst-üstə 429 oyuna çıxıblar. Onlar bu görüşlərdə cəmi 24 qola imza atıb. Siyahıda qeyd olunan futbolçuların yarısından çoxu – 24-ü yığmada heç 10 oyun həddinə də çatmayıb.
Keçmişə boylansaq, milliləşdirməni 3 yerə bölmək olar: İlk dövrdəkilər Fuad Musayev dönəmində milliləşənlərdi. İlk AFFA prezidentinin zamanında bu cür futbolçular adətən əksəriyyəti dağıstanlı olmaqla Rusiya və Ukrayna vətəndaşları, sovet futbol məktəbinin yetirmələri olub. 90-cı illərə təsadüf edən “transferlər”in özəlliklərindən biri də əksəriyyətinin adətən ortabab Rusiya klublarında çıxış etməsi olub. Amma bu oyunçuların milli komandaya elə də çox xeyri dəyməyib. Yalnız hardasa, Navrik Sırxayevin adını fərqləndirmək olar. Maraqlıdı ki, həmin dövr yerli oyunçular da elə milliləşdirilənlər kimi Rusiyanın ortabab, hətta Nazim Süleymanov iddialı klublarından birində çıxış edirdi.
İkinci dövr isə 2004-cü ildən 2007-08-ci illərə kimi gətirilənlərdi. Bu dövr ac-yalavac klubların birdən-birə milyonlara sahib olması və bu maliyyəyə görə vaqon-vaqon əcnəbi futbolçuların ölkə çempionatına üz tutmasından sonra başladı. Həmin vaxtlar ölkə çempionatında start heyətində 5 legioner futbolçu meydana çıxa bilərdi və mövsümün istənilən vaxtında komandalara legioner cəlb ediləməsinə icazə verilirdi. Belə olan halda 7-8 klub çempionluq uğrunda amansız mübarizə aparırdı. 5 əcnəbi futbolçu onlar üçün azlıq etdiyindən klublar hamılıqla yeni saxtakarlığa imza atmağa başladılar. Belə ki, hətta legioner Azərbaycana ilk dəfə ayaq basandan 1 ay sonra “azərbaycanlı” ola bilirdi. Ozamankı AFFA rəhbərliyi bu saxtakarlığa göz yummaqla kifayətlənmişdi. Hətta bu qurum rəsmiləri sonradan “kütləvi azərbaycanlaşdırılma”dan faydalanmağa da başladılar.
2006-cı ilin avqustunda yoxlama oyununda Ukraynda 0:6 hesabı ilə məğlubiyyətdən sonra baş məşqçi Şahin Diniyev Rəşad Sadıqov başda olmaqla bir neçə futbolçunu yığmadan kənarlaşdırdıqdan sonra artıq səviyyəli yerli oyunçu sarıdan korluq çəkməyə başladı. 1 ay sonra AÇSO-2008-in matçlarına start verəcək millimiz bu “azərbaycanlı”ların xidmətindən yararlandı.
Tsikl boyu bu praktikadan yararlanan yığmamızın start heyətində bəzən 5-6 əcnəbiyə rast gəlmək mümkün idi. Millimizin heyətində hər dindən, irqdən, millətdən futbolçu tapmaq olardı. Maraqlıdı ki, bu dövrdə yerli futbolçular da milliləşənlər kimi, daxili çempionatda çıxış edirdi. Amma yığmamız bu təcrübədən də səmərəli istifadə edə bilmədi. Sözgüdən dövrdə milliləşənlərin içində Branimir Subaşiç, Aleksandr Çertoqanov, Fabio Luis Ramim kimi futbolçuların az-çox nə iləsə yadda qaldığını demək olar.
3-cü dövr isə 2008-ci ildən başlayır. Bu dövrü bütövlüklə Elxan Məmmədov və Berti Foqtsun adına bağlamaq olar. Büdcədən pul talan etmək naminə Almaniyanın hətta məhəllə çempionatlarından əllərinə keçən hər kəsi milliləşdirən bu duet neçə illər xalqın sərvətini yarıtmaz siyasətlərinə qurban verdilər. Bu tandemin dövründə milliləşdirilən futbolçuları “odnorazovıy” da adlandırmaq olar. Belə ki, 2008-ci ildən bəri milliyə dəvət alan “azərbaycanlı”ların 14-ü yığmada 5 oyun həddinə çata bilməyib.
Ümumiyyətlə, vaxtilə Foqtsun məsləhəti ilə milliləşdirilən futbolçular indi hardadı? Nəzər salmağa dəyər:
Murad Hüseynov: Milli komandamızın heyətində 4 görüşdə 1 qola imza atan hücumçu karyerasının ən yaxşı dövründə – 27 yaşında artıq 2 ildi özünə klub tapa bilmir. Hüseynovun hansı özəlliyinə görə milliləşdirildiyi maraq doğurur. Məmmədovun sayəsində hücumçu 40 il sonra nəvələrinə danışmağa bir əhvalatı var – “babanız elə-belə futbolçu olmayıb, Almaniyaya qol vurub”.
Əli Gökdəmir: Hətta Almaniyanın məhəllə komandalarında belə özünə yer edə bilməyən türk əsilli oyunçunun son klubu “Simurq” olub. Zaqatala təmsilçisi 7-8 aydı tarixin yaddaşına köçsə də, Gökdəmirə hələ ki, heç bir komandada ehtiyac yoxdu.
Cihan Özkara: Almaniyanın 3-cü liqa təmsilçisi “Proyssen”də forma geyir. Hücumçu yığmada keçirdiyi 18 oyunda cəmi 1 dəfə fərqlənib.
Abdulla Abatsiyev: “İnter”ə lazım olmayan futbolçu bu qış komandadan ayrılıb. Yarımmüdafiəçi hələ ki, özünə klub tapa bilməyib.
Məhəmməd Qurbanov: Hazırda “Neftçi”nin şərəfini qoruyan hücumçu gününü ehtiyatda keçirməklə məşğuldu. Qurbanov çıxışı ilə hətta tarixinin ən zəif dövrlərindən birini keçirən “Neftçi”yə belə layiq deyil.
Andrey Popoviç: “Vurmaq” üzrə doktorluq dissertasiyasını müdafiə etməyə qadir olan ukraynaəsilli əlcək sahibinin top buraxmaqla da arası pis deyil. O, demək olar ki, meydana çıxdığı hər matçda azı 1 qolda kobud səhvə yol verir.
Eddi İsrafilov: Bu futbolçunun milliləşdirilməsi də elə digərləri kimi, bəzi şəxslərin marağına xidmət edir. Xüsusi heç nə ilə yadda qalmayan İsrafilov yığmaya, ümumiyyətlə, xeyir verməyib. Yarımmüdafiəçi yalnız “bizim də İspaniya çempionatında futbolçumuz var” demək istəyənlər üçün silinmiş milyonların cırıq qəbzidi. La liqa klublarına özünə yer edə bilməyən Eddi hazırda Sequndada çıxış edir.
Ümumiyyətlə, AFFA-nın baş katibi Elxan Məmmədovun birbaşa təlimatı ilə milliləşənlərin 90 faizini yararsız saymaq olar. Təbii ki, istisnalar da var. Məsələn, Almaniyanın 2-ci Bundesliqa klublarından “Karlsrue”də çıxış edən Dimitri Nazarov kimi. Yarımmüdafiəçi millinin heyətində vurduğu qollarla hələ ki, özünü doğrultmaqdadı. Yaxşı mənada seçilənlərdən biri də “Qarabağ”ın arxa xətt oyunçusu Bədavi Hüseynovdu. O, artıq komandasının əvəzolunmaz futbolçularından birinə çevrilib. Ağdam təsmilçisinin son 2 mövsümdə qazandığı uğurlarda onun da payı danılmazdı.
Bu futbolçulardan başqa Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyovu da fərqləndərimək olar. Amma geridə qalan bu illər ərzində hələ də istənilən səviyyədə, millini arxasınca aparacaq bir səviyyəli futbolçunu milliləşdirmək mümkün deyil. Onsuz da bu cür futbolçular doğma vətənlərinin əsas komandasına dəvət alırlar.
Milliləşmə dünyanın hər yerində var. Amma digər ölkələrdə buna müvəqqəti vasitə kimi baxır, vəziyyətdən çıxmaq üçün belə addım atırlar. Eyni zamanda yerli futbolçuların yetişməsi üçün iş görürlər. Bizdə isə milliləşməyə o qədər aludə olublar ki, indi yığma komandada oynatmağa futbolçu tapmırıq. Elə bu səbəbdən də aşağı yaş qrupundan olan millilərimiz də əcnəbilərin ümidinə qalıb.




Fikirlərini bizimlə bölüş!