Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Muzdlu snayperlər

“Qarabağ”ın hücumameyilli futbolçusu Reynaldonu azərbaycanlı futbolsevərlər yaxşı tanıyırlar. Premyer liqada rəqib tanımayan ağdamlıların bu uğurunun sözsüz ki, ən böyük paylarından biri də braziliyalı futbolçuya düşür.

Xüsusilə ön xətdə məhsuldarlığı ilə seçilən oyunçu artıq ilk mövsümündəcə ağdamlı azarkeşlərin qəlbində taxt qurmağı bacarıb.
Bu günlərdə istedadlı futbolçunun müsahibəsini oxudum. Bir çox mətləblərə aydınlıq gətirən oyunçunun xüsusilə Azərbaycan yığmasında oynamaqla bağlı verilən suala verdiyi cavab diqqətimi çəkdi. Reynaldo təklif olacağı halda, məmnuniyyətlə yığmamızın şərəfini qoruyacağını deyib.

Bunu elə-belə xatırlatmadım. Müasir futbolda legioner oyunçuların xidmətindən yararlanmaq olduqca geniş yayılmış haldır. Artıq nəinki klublar, hətta bir çox milli komandalar da öz tərkiblərində gəlmə oyunçulara yer verirlər.

Bu barədə dünya futbolundan kifayət qədər nümunələr göstərmək olar. Məsələn, Almaniya yığmasının heyətinə baxsaq, orda oynayan oyunçuların bir çoxunun qeyri millətlərdən olduğunu görərik.

Podolski, Kurani, Boatenq, Kloze, Mario Qomes kimi qeyri-alman futbolçular zaman-zaman budestimin əsas heyətində yaşıl meydanlarda boy göstəriblər.

Eləcə də, braziliyalı futbolçular Deko və Pepenin Portuqaliya yığmasındakı, Dieqo Kostanın İspaniya millisindəki çıxışları buna bariz nümunələrdir.

Bu siyahını üç qəzet səhifəsi həcmində uzatmaq olar. Ancaq əsas mövzumuz bu deyil. Biz başqa şeydən danışmaq istəyirik. Bir ölkənin əsas yığma komandasına xarici futbolçu cəlb olunursa, gərək o oyunçu yerli futbolçulardan ən az bir baş üstün olsun. Əks halda, əlində olan yerli futbolçularla kifayətlənmək daha yaxşıdır.

Azərbaycan yığmasında hələ müstəqilliyimizin ilk illərindən başlayaraq, həmişə xarici futbolçuların xidmətindən geniş istifadə olunub. Narvik Sirxayev, Deni Qaysumov kimi oyunçular 90-cı illərin əvvəllərində millimizdə oynayıblar.

Sonrakı dövrlərdə yerli klubların heyətində bir balaca fərqlənən az qala hər futbolçunu yığma komandaya dəvət eləmək “dəb” halını almışdı. Əvvəllər daha çox postsovet məkanından olan oyunçular çağırılırdı.

Şahin Diniyevin baş məşqçiliyi dövründə isə braziliyalı və afrikalı futbolçuların yığmaya kütləvi axını başladı. Andre Ladaqa, Leanro Qomeş kimi futbolçular məhz həmin dönəmdə və ondan sonrakı Karlos Alberto Torres dönəmində millinin əsas simaları idilər.
Təəssüf ediləcək haldır ki, bu gün də millimizin heyətində gəlmə futbolçulara yer verilir. Ancaq bu dəfə istiqamətimiz bir az dəyişib. Alman baş məşqçi Foqtsla bərabər milli komandaya Almaniyanın aşağı liqalarında oynayan türk futbolçuların ayaqları açılmağa başladı.
Futbolçu səviyyəsinə görə yerli oyunçulardan demək olar ki, heç nə ilə fərqlənməyən legionerlər komandanın heyətində boşuna yer tutmaqla və havayı qazanc əldə eləməklə məşğuldur.

Cihan Özkara, Uğur Pamuk, Ufuk Budak, Əli Gökdəmir, Taşkın İltər və s. kimi futbolçuların siyahısını çox uzatmaq olar. Ancaq bu da acı reallıqdır ki, onların hamısı səviyyəcə bir futbolçuya dəyməz, biri də heçə.

Sözümün canı odur ki, komandaya legioner cəlb eləyəndə də eləsini eləmək lazımdır ki, oyunu ilə, varlığı ilə komandaya xeyir vermək iqtidarında olsun. Reynaldo əgər milliyə dəvət olunsa yaxşı mənada fərqlənə bilər.

Nə qədər pis oynasa da, hər halda Cihandan, Ufukdan, Uğurdan daha çox səmərəli olacağı dəqiqdir. Hazır oynamaq həvəsi də varkən sınamaq olar. Nə deyirsiniz?

Zaur XUDIYEV

Fikirlərini bizimlə bölüş!