Uzun zamandı başım bir araşdırmaya qarışdığı üçün çox yazı yaza bilmirəm. Artıq araşdırmamın nəticəsini almışam və istəyirəm ki, sizinlə də bölüşüm: Henrix Mxitaryanın Dortmund “Borussiya”sında oynamasının səbəbkarı erməni lobbisi imiş.
Bəli, bəli, yanlış oxumadız. Erməni lobbisi ilk öncə “Borussiya” rəhbərliyindən xahiş edib, rədd cavabı alınca isə hədə-qorxu gələrək, Mxitaryanın alman klubunda oynamasına şərait yaradıb. Araşdırmam zamanı o da məlum oldu ki, Mxitaryanın transfer məbləğini də erməni lobbisi ödəyib. Bilirsiz ki, Mxitaryan “Borussiya”ya 25 milyon avroya başa gəlib. Bu pulu erməni lobbisi ödəyib. Məbləğin 25 milyon olması da əbəs deyil. Azərbaycan millisinə çağırılan 23 futbolçunun toplam qiyməti təxminən 20 milyon olur. Mənfur düşmənlərimiz demək istəyir ki, bizim bir futbolçumuz sizin bütün milli komandanızdan daha dəyərlidi.
Deyə bilərsiz ki, yaxşı, tutaq ki, Mxitaryan erməni lobbisinin köməyi ilə transfer olunub, bəs bu adam özü də yaxşı oynayır axı. Hətta bu yaxınlarda “Qəbələ”ylə oyunda 1 qolun ötürməsini etdi, 1 qolu da özü vurdu. Araşdırmanın daha dəhşətli hissəsi burdadı: Mxitaryan ümumiyyətlə, ERMƏNİ DEYİL! Araşdırma zamanı Mxitaryanın hansı millətə mənsub olduğunu tapa bilmədim, amma erməni olmadığına əmin oldum.
Şübhələnməyimə futbolçunun üz quruluşu səbəb oldu. Futbolçunun estetik əməliyyat keçirdiyi açıq-aşkar məlum olur. Qafqazlılara xas estetik burun və üz quruluşu. Yoxsa necə yəni ee, azərbaycanlı futbolçu Türkiyə Superliqasının axrıncı yerində gedən bir klubunda oynamağa layiq olmur, bir erməni gəlib alman klubunda oynayacaq səviyyədə olur? Belə çıxır erməni futbolçular bizimkilərdən daha istedadlıdı? Qətiyyən! Bəlkə ermənilərin futbol başbilənləri, funksionerləri, məşqçiləri bizimkilərdən daha yaxşıdı? Bu versiyanı yaxına belə buraxmıram.
Mxitaryanın hərəkətləri də onun erməni olmadığını sübut edir. Təsəvvür edin, düşmən ölkənin klubuna qol vurursan, normal sevinirsən, heç bir artıq hərəkət etmirsən, üstəlik oyundan sonra da azərbaycanlı jurnalistlərə normal, peşəkar səviyyədə müsahibə verirsən. Bizim bir futbolçumuz Yunanıstan klubuna qol vurmuşdu deyə, stadionda yığışan hamıya əl hərəkəti göstərdi, üstəlik bir jurnalistin döyülüb-öldürülməsində günahlandırılır, indi də həbsdədi. İndi belə çıxır erməni futbolçular bizimkilərdən daha mədənidi? Mümkün deyil!
Ermənilərin, erməni lobbisinin bütün planlarını alt-üst etmək üçün Mxitaryanın ayağını sındırmaq lazım idi. Amma heyif ki, bizdə nəinki “Borussiya” formasında, heç “Qəbələ” formasında da “Siqnal İduna Park” stadionunda meydana çıxmağa layiq azərbaycanlı futbolçu olmadığı üçün hələlik, bu planımız təxirə salındı. Amma şərhçilərimiz qismən də olsa, acığımızı çıxdı. Oyunboyu Mxitaryanın adını yalnız 2-3 dəfə çəkməklə, ürəklərini partlatdılar ermənilərin. Mən bu yazı vasitəsiylə onların hər birinə təşəkkür edirəm.
Mən araşdırmanı etdim, indi qalıb bu araşdırmanı ingilis, alman və fransız dilinə tərcümə edib, ermənilərin bu saxtakarlığını üzə çıxarmaq.




Fikirlərini bizimlə bölüş!