Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mxitaryana məktub

O gün 1980-ci il Yay Olimpiya Oyunlarının finalını idarə etmiş Eldar Əzimzadənin doğum günü idi. Həmin Əzimzadə ki, onunla müsahibəyə gedəndə “Sahil” bağının yanında asfalta uzanmış vəziyyətdə tapmışdım. Həmin Əzimzadə ki, AFFA-nın qapısından qovulurdu və … futbol qurumunun divarına işəyirdi. Hakimbaşı Xaqani Məmmədovun da olduğu o federasiyada Əzimzadənin futbolda gəlib çatdığı yerə yaxın düşən yox idi. Belə adamları irəli çəkməkdən ayağının altını qazan, "torbasını tikən", paxıllığın, xəbisliyin neftlə bərabər fontan vurduğu, təbii sərvətləri ilə öyünməsinə baxmayaraq, məmur tamahı ucbatından sadə insanların "zar-zor" keçindiyi bir ölkədə doğulmuşdu Eldar Əzimzadə. Və bütün bunları edənlərin "düşmənlərimiz bir-birini dəstəkləyir, özümüzkülər isə "podnojka" vurur" giley-güzarından baş açılmayan analoqu olmayan bir ölkədə…
Tarixdə Yay Olimpiya Oyunlarının finalını idarə etmiş ilk və son azərbaycanlı hakimi "divaraişəyən alkoqolik" edən dəyişməz qalan cəmiyyətimiz idi. Rüşvət, tapşırıq, yaltaqlığın şiddətli forması kimi "dəyərlərdən” uzaq qalan Əzimzadə elə buna görə sevimli futbolundan da, cəmiyyətdən də uzaq düşmüşdü.
"Əzimzadə faciəsi" azmış kimi, həmin gün daha bir faciə Stohkolmda baş verdi. Erməni Henrix Mxitaryanın qolu Mourinyonun "Mançester Yunayted"ini Avroliqa çempionu etdi. Bundan sonra əsəb gərginliyi keçirən xalqımıza baxıb yaxşı ki, "İslam Oyunlarında çempion olduq" dedim. Xalqımız İslam Oyunlarındakı medallara baxıb təsəlli tapmaqdaykən Mxitaryana məktub yazmaq istədim. Henrixi təhqir edən həmvətənlərimə görə Aqşin Yenisey misalı…
Dərd ağır, hava da pis
Ara vermir yağışlar
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla…
Sənin Azərbaycanda futbolçu yetişməməyində heç bir günahın yoxdu! Yeganə "günahın” Ermənistanda yetişməyin və erməni olmağındı. Amma adamın milləti və valideynləri seçmək imkanı olmur…
Sən Rövnəq Abdullayevi, Elxan Məmmədovu, Ramin Musayevi, Xaqani Məmmədovu və onların "ideya qardaşlarını” bizim futbola rəhbər təyin etməmisən! "Futbolumuzun 10 illik inkişaf proqramı"nı yazıb, illərdi büdcədən ayrılan pulları yeyib xalqın başını İslam Oyunlarındakı analoqu olmayan qələbəylə sən aldatmamısan. Bu ölkəni rüşvət və day-day bəlasına sən düçar etməmisən!
Bu ölkənin və futbolumuzun bəlalarının səbəbkarı sən deyilsən! Səndən və səni yetişdirməkdə əməyi keçən adamlardan və cəmiyyətdən öyrənəcəyimiz çox şey var, Bağışla, Henrix!
…Eldar Əzimzadə öldü və çox güman, bir daha o səviyyəyə qalxacaq hakimimiz olmayacaq. Mxitaryan kimi futbolçumuzun olmasını isə indiki vəziyyətdə yalnız xəyal edə bilərik.
Bəlkə də belə cəmiyyətdə qalstuk taxıb gəzməkdən divara işəyib, asfaltda yatmaq daha yaxşıdı…

Fikirlərini bizimlə bölüş!