Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mənim pasportum, mənim qürurumdur!

2007-ci ilin yayında qısamüddətli səfər üçün getdiyim Bişkekdən Almatıya qayıdırdım. "Korday” sərhəd-keçid məntəqəsindəki növbədə məndən irəlidə qırğız bir qadın dayanmışdı. Əlində tutduğu Qırğızıstan pasportunu qazax sərhədçiyə təqdim etdi. Üzü keyfiyyətsiz örtükdən hazırlanmış pasport əzik-üzük olduğundan içindəki bəzi məlumatlar oxunmaz hala düşmüşdü. "Yuxarıya” məlumat verən sərhədçi qadına gözləməyi məsləhət bildi və mənim yaxınlaşmağımı istədi. Azərbaycan pasportunu ona verən kimi, sərhədçinin üzünün ifadəsi dəyişdi. Məmnunluqla pasportumu həmin qırğız qadına göstərdi və "bax, pasport belə olar. Əlinə götürəndə hiss edirsən ki, qarşında vətəndaş dayanıb” sözlərini dilinə gətirdi.

Əlbəttə, həmin günə qədər artıq 4 ildi Qazaxıstanda yaşayırdım və qazaxların qırğızlara necə yuxarıdan aşağı baxdığından, hər fürsətdəcə onları incitməkdən həzz aldıqlarından xəbərdar idim. Bununla belə, ürəyimin dərinliklərində az da olsa, öz pasportumuzla qürur hissi keçirdim. Həmin məqamda başbilənlərimizi minnətdarlıq duyğularıyla xatırladım ki, xarici pasportumuzu keyfiyyətli örtüklə hazırlatdırıblar və əcnəbilər bizim pasportumuzu əllərində tutanda bizə hörmət etmək lazım olduğunu anlayırlar. Şübhəsiz ki, hər bir pasporta hörmət qazandıran təkcə onun hansı keyfiyyətdə materialdan hazırlanması deyil.

Pasportu dəyərli edən onu gəzdirən vətəndaşlar və məxsus olduğu dövlətin gücüdü. Bizim də hər birimizin vətəndaşlıq borcudu ki, əcnəbilərin yanında öz dövlətimizi və onun əsas atributlarından biri olan pasportumuzu qorumağı bacaraq, dəyərlərimizi yüksək tutaq. Eləcə də Azərbaycan vətəndaşı olduğumuzla fəxr edək, başqalarının bizə yuxarıdan aşağı baxmasına, pasortumuzu və dövlətimizi ucuzlaşdırmasına imkan verməyək. Təkrar edirəm, bu bizim hər birimizin borcudu. O cümlədən AFFA-da outran, bu ölkənin torpaqlarının üzərində gəzən, havasını udub, suyunu içən məmurların da!

Amma onlar neynəyir? Rusiyanın künc-bucağından rusların özünə lazım olmayanları Azərbaycana gətirir, onlara milli pasportumuzu min cür əyri yollarla düzəltdirib, vətəndaşlıq verirlər. Bundan sonra da həmin futbolçunu milli komandaya dəvət edir, ölkə klublarına baha qiymətə sırıyırlar. Yerli futbolçulardan heç nəylə fərqlənməyən Məhəmməd və Ruslan Qurbanovlar "Neftçi”nin, həmçinin də milli komandanın dəyişməz üzvünə çevriliblər. İçki düşkünü olduğu hər kəsə bəlli olan Andrey Popoviç "Qəbələ”də kök salıb, özü də buraxdığı "quş”lar belə onu ordan uçura bilmir.

Dərd orasıdı ki, bu gün Azərbaycan onlar üçün günlərinin xoş keçdiyi, rahat çörək tapdıqları müvəqqəti məmləkətdir. Həm özləri qazanırlar, həm də onları bu xoş günlərə çatdıran himayədarlarına qazandırırlar. Sabah hər hansı səbəbdən rahatlıqları pozulsa, asanlıqla bizim pasportumuzu cırıb tullayacaqlar, xoşbəxtliyi başqa yerdə axtaracaqlar. Bu ilin fevralında AFFA-nın belə "tapıntı”larından olan Şamil Heydərov Ermənistanın "Uliss” komandasına baxışa yollanmışdı. Son anda ermənilər bizim "milliləşdirdiyimiz” Şamili bəyənmədilər, Antalyadan geri göndərdilər. Bu biabırçılıq bizimkilərə dərs olmayıb, ondan sonra da eyni siyasət davam etdirilir. Almaniyada PKK terrorçularına dəstək verən Melis Sarıaltın indiyə qədər Azərbaycan pasportundan məhrum olunmayıb və 19 yaşadək qızlardan ibarət millimizin üzvü sayılır. Gələcəkdə bizi daha böyük biabırçılıqların gözlədiyinə isə şübhə etmirəm.

2011-ci ildə "milliləşdirilən”, "İnter”in yaxşı günlərində yağ-bal içində üzən, U-21-ə və əsas milliyə cəlb olunan Abdulla Abatsiyev pulumuzun tükəndiyini fərq edib. Vladiqafqazlı futbolçu burda gələcək perespektiv görmədiyindən Azərbaycan vətəndaşlığından imtina edib Rusiyaya dönmək fikrindədi. Kim təminat verə bilər ki, sabah ona "Pünik”dən sərfəli təklif gəlsə, Abdulla həmin təklifi qəbul etməyəcək? Onun üçün Ermənistanla Azərbaycanın nə fərqi var? Əsas pulunu qazansın, topunu diyirlətsin. Biz də burda əsəbimizdən zəncir çeynəyə-çeynəyə çərləyəcəyik. AFFA-dakı məlum mafiya isə yenə maqalar, popoviçlər, abatsiyevlər, heydərovlar axtarışına davam edəcəklər.

Onlara qucaq açdığımız qədər Ukraynada doğulan, amma Azərbaycan millisində oynamaqla özünü "Metallurq”da legionerə çevirən Pavel Paşayevə sahib çıxa bilsəydik daha yaxşı olardı. Sofiya aeroportunda tək-tənha boynunu büküb outran, heç kimin ünsiyyətə cəhd etmədiyi Paşayevin də qərarından peşiman olacağı gün də uzaqda deyil. Çünki onun menecerləri AFFA-da oturmayıb, ona "day-daylıq" edən yoxdu. "Day-daylar” üçün Pavel yox, Abatsiyev, maqalar maraqlıdı.

Unutmayın, ey gözlərini pul örtənlər: vətən daşı olmayandan olmaz ölkə vətəndaşı!

Fikirlərini bizimlə bölüş!