"Qarabağ" və "Qəbələ"nin rəqibləri bilinəndə iki şəhər arasında seçim etməli idim. Çünki pulum yalnız iki şəhərdən birinə getməyə çatırdı. Ona görə də, qərara gəldim ki, "Qarabağ"ın səfər oyununa gedim.
Skandinaviyanı gəzmək çoxdan planımda idi. Haqqında eşitdiyim ölkələri bir də öz gözlərimlə görmək istədim. Ona görə, Berlindən Göteborqa təxminən 14 saatlıq avtobus səfərinə çıxdım. Almaniyanın Rostok dəniz limanında avtobusumuz gəmiyə mindirildi və səyahətimiz təxminən iki saat Baltik dənizində davam etdi. Danimarkaya çatdıqdan sonra elə avtobusun içində pasport kontrolundan keçib, yolumuza davam etdik. Axşamtərəfi Danimarkanın paytaxtı Kopenhagenə, ordan da dənizin içiylə, amma avtobusla Malmö şəhərinə keçdim. Bəli, Kopenhagenlə Malmö arasında uzun bir körpü var. Neçə km olduğunu dəqiq bilmirəm, amma körpü əvvəlcə suyun altı, daha sonra isə üstüylə davam edir.
Malmö şəhərinin girişində yenidən polis kontrolu var idi. Normalda Avropa ölkələri arasında belə kontrollar, sərhədlər olmur. Amma son zamanlar Skandinaviyaya qaçqınların həddən artıq gəlməsi belə bir yoxlamanın yaranmasına səbəb olur. Gözəl, hündürboylu, yaşıl gözlü, sarışın isveçli xanım polis mən də daxil olmaqla hamının pasportunu yoxladı. Daha sonra bir az yaşlı xanım polis mənə yaxınlaşdı, pasportumu bir daha yoxladı, 6 aydı Berlində yaşadığımı, İsveçə gəlmə səbəbimin futbol izləmək olduğunu öyrəndikdən sonra pasportumu geri qaytardı və yolumuza davam elədik.
Göteborqa çatanda dostumun atası məni qarşıladı, hansı ki, iki gün evlərində qalacaqdım. Səhər yeməyini yedikdən sonra dostum Turalla şəhəri gəzintiyə çıxdıq. Nə yalan deyim, Almaniya, Hollandiya, Çexiyada olsam da, Skandinaviya ölkələrinin yeri mənim üçün tamam ayrıdı. Dediyim kimi, hündürboy, sarışın, yaşıl gözlü xanımlar və bəylərin ölkəsidi İsveç. Amma başqa millətlərdən, o cümlədən azərbaycanlılar da çoxdu burda. Gəzintinin yarım saatı ərzində 5-6 azərbaycanlı ilə görüşdük.
Şəhərin 5 mərtəbəli kitabxanasını da gəzmək imkanım oldu. Alman, ingilis, ərəb, fars, fransız dilində tibb, texnika və digər sahələrə aid kitabları var idi. Maraqlı filmlərin diskləri, ən alt qatında pulsuz "playstation" oyunu oynamaq imkanı… "Burda ölüm qalım mən" deyə biləcəyimiz bir yer idi.
Göteborq həm də dəniz kənarında yerləşdiyi üçün həddən artıq gəmi var, üstəlik, böyük gəmilərin keçdiyi zaman açılan körpü də şəhərə xüsusi gözəllik verir. Musiqi, yaşıllıq, ah, İsveç, İsveç… Oyunun ab-havası da sözsüz ki, şəhərdə hiss olunur. "Höteborq" forması geyinmiş insanlar restoranlarda sakit tərzdə pivələrini içib, söhbət edirdilər. Ümumiyyətlə, söhbət etmək avropalıların sevdiyi işlərdəndi. Saatlarla yorulmadan, sıxılmadan söhbət edə bilərlər.
Şəhəri bir az da gəzdikdən sonra, oyuna iki saat qalmış stadiona üz tutduq. İsveçlilər sakit tərzdə stadiona axın edirdilər, oxumurdular, əylənmirdilər. Hiss olunurdu ki, bir az həyəcanlıdılar, "Qarabağ"dan çəkinirlər. Stadionun kənarında yetərincə Azərbaycan bayrağı da var idi. Vətəndən uzaq düşənlər, siyasi düşüncəsinə görə ölkədən gedən insanlar vətən həsrətini dindirmək üçün Azərbaycandan gəlmiş "Qarabağ"a azarkeşlik edəcəkdilər. Bir hissəmizə paylanılan pulsuz bilet, digər hissəmizin özünə aldığı biletlərlə stadiona daxil olduq. Təxminən 300-ə yaxın azərbaycanlı gəlmişdi "Qarabağ"ı dəstəkləməyə. Xanımlar, uşaqlar, babalar, nənələr İsveçin verdiyi rahatlıqla gəlmişdilər stadiona. Heç bir narazılıqdan, narahatlıqdan söhbət gedə bilməzdi.
Asayişi isə sadəcə iki polis qoruyurdu bizim olduğumuz sektorda. Elə digər sektorlarda da vəziyyət fərqli deyildi. O sakit tərzdə oyuna gələn isveçlilər stadionda anidən dəyişdilər. Bütün stadionun sinxron şəkildə oxuması, hərəkət etməsi, klublarını dəstəkləməsi insanı valeh edirdi. Bir ara qapı arxasındakı fanklub üzvləri eyni zamanda elə hərəkətlər edirdi ki, biz hamımız sakitcə dayanıb, bu şoudan zövq aldıq.
Oyunun sonunda təbii ki, hamımızın kefi pozulmuşdu. Amma "Qarabağ" şərait yaratmışdı ki, vətəndən kənarda yaşayan azərbaycanlılar bir yerə gəlsin, vətən həsrətini dindirsin. Ümid edirəm ki, "Qarabağ" Avroliqanın qrupuna düşəcək və mən hələ çox Avropa ölkəsinə gedəcəm. İndi isə Skandinaviya səfərini davam etdirirəm. Bu yazını da Töreboda şəhərinə gedəndə, İsveçin gözəl təbiətini seyr edə-edə qatarda yazdım…
Rəşad Müseyibzadə




Fikirlərini bizimlə bölüş!