Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Mənsimovun fikri nədi?

"Xəzər Lənkəran"ın yubiley ili böyük fiaskoyla əlamətdar oldu. Təsəvvür belə etməzdim ki, bir mövsüm ərzində iki məşhur mütəxəssis Azərbaycanda eyni komandada çalışa və onların heç biri həmin komandanı bataqlıqdan xilas edə bilməyə. Con Toşakın uğursuzluğu müəyyən mənada anlaşılan idi. Karyerasının qürub çağını yaşayan Toşakın son illərdəki fəaliyyəti bundan xəbər verirdi. Üstəlik, Avropada yetərincə tanınan birisinin mentallıq fərqinə görə bizim məmləkətə uyğunlaşması asan məsələ olmayacaqdı. Amma qardaş Türkiyənin ən bacarıqlı məşqçilərindən sayılan, İstanbul nəhəngləriylə və milli komandayla kifayət qədər uğurlar qazanmış Mustafa Dənizli haqda eyni sözləri demək mümkün deyildi. Əvvəla, ilk gündən Dənizlinin xeyrinə sayılan məqam kimi din və dilimizin eyniliyi, mentallığın oxşar olması göstərilirdi. Mustafa hoca ölkəmizə ayaq basan ərəfələrdə "Xəzər Lənkəran"ın mövsümü boşa verəcəyi onsuz da məlum idi. Turnir cədvəlinin ortalarında var-gəl edən "gəmiçilər"in mükafatçılar sırasına düşəcəyi çox müşkül görünürdü. Ölkə kubokunu qazanmaq üçün isə qısa müddət ərzində heyətdə köklü islahatlar aparmaq, ciddi dəyişikliklər etmək tələb olunurdu.

Zaman göstərdi ki, bütün bunları etmək Dənizliyə qismət olmadı. Mustafa hocanın istefa xəbərini oxuyan kimi arxivimdən noyabrın sonlarında sizə təqdim etdiyim yazımı tapdım. Həmin yazıdan bir sitatı yenidən oxumağınız məsləhətdi: "Lap elə Mustafa Dənizli Lənkərana gəlib "gəmiçilər"i batmaqdan xilas eləməyə razılaşsa belə, qısa vaxt ərzində ciddi irəliləyişə nail olacağı inandırıcı görünmür. Məşhur təmsildə deyildiyi kimi, Azərbaycana gələn istənilən əcnəbi məşqçi özündən əvvəl dərisi soyulmuş həmkarının vəziyyətinə baxıb dərs çıxarmalıdı. Qış fasiləsinə qədər oyunları yola verməyə məcbur olan çalışdıcı transfer dövründə hər mövqeyə azı iki futbolçu transfer edə biləcəkmi? Bu yerdə limitin törədəcəyi əngəlləri də unutmayaq. Elə bu səbədən Orxan Sadıqlıyla Ağabala Ramazanovdan asanlıqla imtina oluna bil-məz". Hər şey elə təxmin etdiyimiz ssenariylə oldu. Limit problemi üzündən Dənizli öz koman-dasını qura bilmədi. Qışda keyfiyyətli yerli futbolçu tapa bilməyən hoca yüksək ödəniş qar-şılığında Lənkərana gətirdiyi əcnəbilərdən də lazımınca faydalana bilmədi.

Oğuz Çətinin rəhbərliyi altında meydana çıxan "ağ-yaşıllar"ın qazandığı nəticələr də yetərincə şübhə doğururdu. Sanki Dənizli komandanın başında dayananda futbolçular meydanda can qoymur, hansısa formada onu məyus etməyə çalışırdılar. Türkiyəli mütəxəssisin rəhbərliklə münasibətləri də müəmmalı idi. Əslində hələ kubokdakı uğursuzluqdan sonra Dənizlinin gedəcəyini proqnozlaşdırmaq mümkün idi. Çünki məhz həmin məğlubiyyətin ardından çalışdı-rıcı qəfil ölkəsinə yollandı və onun nə zaman geri dönəcəyi haqda hətta klub rəhbərliyindən konkret bilgi almaq mümkün olmadı. Heç onlar da hocanın nə vaxt qayıdacağını bilmirdi. İstanbulda yubanan Dənizlinin israrla Mübariz Mənsimovla görüşmək istəməsi onun Mais Mənsimov və Tuyqun Nadirovla anlaşa bilməməsinin xəbərçisi idi. Deməli, burdakılarla ipləri qopa-ran təcrübəli mütəxəssis fəxri prezidentdən daha böyük səlahiyyətlər istəyib. Çətin seçim qarşısında qalan Mübariz bəy isə adət etdiyi kimi məşqçini qurban verməyə razılaşıb.

Yarandığı gündən bəri "Xəzər Lənkəran"da problemli üçbucaq var. Həmin üçbucağın hər küncündə bir cəbhə yaranıb. Rəhbərlik – futbolçu – məşqçi mübarizəsi "gəmiçilər"i illərdi geri atır. Tərəflərin eyni hədəfə vura bilməməsi izafi enerji və zaman itkisinə səbəb olur. Nazim Süleymanov hansı problemlərlə qarşılaşmışdısa, eynisini Rednik də yaşadı. Ağasəlim Mircavadovun klubdan uzaqlaşdırılması üçün zəif "Olimpiya"ya belə məğlubiyyət qəbul olundu. Dənizlinin üzləşdiyi durum zahirən fərqli görünsə də, mahiyyətcə tam eynidi. Günlərdi istefa üçün bəhanə axtarılırdı. Bəhanə isə zənbillə göydən düşdü.

Belə çıxır ki, Mustafa hoca mətbuat konfransı keçirməklə özü özünə quyu qazdı? Çalışdırıcının konfransda səsləndirdiyi fikirləri təkrar nəzərdən keçirdim. O dəqiqə hiss olunur ki, istefa vermək fikrində olmadığına görə gələcək planlarından, arzuladığı transferlərdən danışıb. "Mən heç bir işimdə istefa verməmişəm" deyən adamın cəmi bir gün sonra işdən könüllü imtina etməsi üçün ruhi xəstə olması lazımdı. Rəhbərlik çalışdırıcının mətbuatla görüşündən narazıydısa, niyə mətbuat xidmətinin rəhbəriylə tərcüməçini "Hilton"a göndərmişdilər? Görünür, qələm əhlinin önünə çıxıb gələcək planlarından danışan çalışdırıcıya qarşı konfrans bitən kimi son və qəti hücuma keçilib. "Əməliyyat"a da Mais Mənsimov başçılıq edib. Növbəti məşqçi istefasından danışan Mais bəy "Dənizliylə fikirlərimiz üst-üstə düşmədi" deyib. Əcəba, Mənsimovun fikri nədi ki, dünyanın dörd bir yanından mütəxəssilər gəlsə də, onunla üst-üstə düşən fikir sahibi tapılmır? Deyirəm hər variantı sınanıb, biri qalıb. Bu dəfə məşqçi çağırmayın. Gələn mövsümdən "Xəzər Lənkəran"ı meydana Mais Mənsimovla Tuyqun Nadirov birlikdə çıxarsınlar. Bəlkə alındı…

Fikirlərini bizimlə bölüş!