Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Xəzər Lənkəran”dan SUPERTRANSFER İNQİLABI üçün 12 milyon dollar!

“Xəzər Lənkəran”ın məğlubiyyətsiz oyunlar seriyası doğma publika önündə qırıldı. Premyer Liqanın XXII turunda öz meydanında “Bakı”ya yenilən cənub təmsilçisi türkiyəli baş məşqçi Mustafa Dənizlinin rəhbərliyi altında ilk dəfə xalsız qaldı. Bu matçda 0:2 hesabı ilə uduzan “Xəzər Lənkəran” çempionatdakı son 8 oyununda uduzmamışdı. “Ağ-yaşıllar” sonuncu dəfə XV turda meydanı başıaşağı tərk etmişdi. Maraqlıdı ki, onda da cənublular zərbəni “Bakı”dan almışdılar. 2013-cü il noyabrın 22-dəki qarşılaşmada bakılılar öz meydanında 3:0 hesabı ilə qalib gəlmişdi. 89 gündən sonra uduzan komanda bu müddətdə 4 qələbə qazanmış və 4 heç-heçə etmişdi. Kubok qarşılaşmasını da nəzərə alsaq, “Xəzər Lənkəran” ardıcı 9 oyunda uduzmamışdı. Dənizlinin seriyası isə daha qısa oldu. Ötən ilin dekabrında bu posta gətirilən türkiyəli 7 məğlubiyyətsiz matçdan sonra yenilgi üzüntüsü yaşadı. Bu matçlarda biri kubokda olmaqla, 5 qələbə və 2 heç-heçəsi olan mütəxəssis üçün ilk uğursuzluq doğma arenada qeydə alındı. Özünün də bildirdiyi kimi, bu yenilgini gözləyirdi, sadəcə, geci-tezi vardı.

Gəncləri oynatmır ki…

Marafonun bitiminə 14 tur qalıb. «Ağ-yaşıllar»ın ilk 3 yerdən birini tutması riyazi cəhətdən mümkündü. Yarışın final mərhələsinə minimum xal itkisi ilə girməli və son 9 turda qələbələri sıralamalıdılar. Eyni zamanda turnir cədvəlində özündən yuxarıdakı 5 komandanın üst-üstə xal itirməsini arzulamalıdı. XL uğurlu seriya yaxalamalıdı ki, ən yaxşı halda bürünc mükafata əlini vursun. Üçüncü dövrənin ilk 3 turu bəlirlədi ki, Dənizli inanılmazı bacara bilər. Bunun üçün heç nə yox, yalnız komandanın gücünü zərgər dəqiqliyi ilə hesablamalı, azarkeş kartını düşərgənin içinə yedirtməlidi. «12-ci oyunu» ilə tez dostlaşan çalışdırıcı məşq meydançasının ətrafını qəbələlik etməlidi ki, futbolçusun mənəvi məsuliyyətini ikiqat artsın. Çətinlik onda yaranır ki, ehtiyat skamya qısadı. Düzdü, çox qısa deyil, amma kənarda qalanların komandanın gücünə güc qatacağı gümanı azdı. Orxan Əliyev, Slavik Alxasov, Kamran Abdullazadə, Elnur Cəfərov, Kazım Kazımlı və başqaları yaxın perspektiv üçündü. Bu gün heç biri Dənizlinin tələblərinə cavab vermir. O, demək olar bütün oyunlada eyni «11-liy»ə üstünlük verir, riskə getmir. Gəncləri oynatmır ki, çempionatın qızğın çağında istər özü, istərsə də onlar yanmasın. Junior Nildo ilə Zohair Benuahini gözdən çıxaran mütəxəssisin Vyekoslav Tomiçlə Eliasın köməyindən yararlanmağa tərəddüd eləməsi maraqlı nüansdı. Superliqada Dənizlinin gözünün qabağında oynayan, hər üzünə bələd olduğu xorvatiyalı qapıçının hələ də debüt etməməsi təəccüblü gəlməyə bilməz. «Beşiktaş»ın arxasınca düşdüyü braziliyalı yarımmüdafiəçinin də əsas heyət uğrunda rəqabətdə ikinci plana keçməsi qəribə görünür. Deyvid Sakkoni haqda da oxşar ifadələr işlədilməlidi.

Öz-özünü aldatmır

Sadaladıqlarımız bu günün gerçəyidi. Komandanın tak4tiki cizgiləri, topla oyunu, irəlidə pressinq dayanıqlığı alqışlanmalıdı. Biz bunları Mirça Rednikdən sonrakı məşqçilərin hər hansı birinin vaxtında müşahidə etməmişik. Con Toşakın dönəmindən qalma dağınıq, müdafiəmeylli və «vur qabağa, nə olar, olar» düşüncəsini tərkislah edən türkiyəli özünəinam hissini futbolçularının başına yeridib ki, bu, ən vacib etüddü. Çatışmayan hal fiziki planda axsamaların hələ də nəzərə çarpmasıdı. Aldığımız məlumata görə, Dənizli üç həftəlik Antalya toplanışında «fizika»ya ayrıca bölüm ayırmayıb, toplu çalışmalara və beynindəki taktiki sxemi müxtəlif təmrinlərlə aşılamağa səy göstərib. Alınmağına böyük ölçüdə alınıb. Futbolçular komanda şəklində əzmkarlıq göstərir, hesabda geri olduğu zamandan ruhən sınmır və boşalmır. «Qarabağ» və «Qəbələ»ni ikinci hissədə vurduğu qollarla üstələməsi, «Neftçi»yə məğlubiyyətdən son 4 dəqiqədən qaçması fiziki əyər-əskiklərin üstünü örtə bilməz. Hər halda «Bakı» ilə görüşün axır 20 dəqiqəsi bu sarıdan adi incələmə mövzusudu. Dənizli ağıllı məşqçidi, o, yenilgini Rahid Əmirquliyevin 44-cü dəqiqədə zədələnməsi və erkən əvəzlənməsi ilə əlaqələndirmədi. İlk məğlubiyyətini yalnız kapitanın sıradan çıxmasıyla bağlasaydı, bununla oyun sxeminin korlanmasını iddia etsəydi, öz-özünü aldatmış olardı.

Ondan bunu tələb edən yoxdu
Hazırda «Xəzər Lənkəran» iki cəöhədə elan olunmuş mübarizə aparır. Kubok kanalı avrokuboklara gedən ən qısa yoldu ki, Dənizlinin məhz bu istiqamət üzrə köklənməsinə dair əlimizdə məlumatlar kifayət qədərdi. O, Premyer Liqada imic yarışmasını sonadək sürdürməy düşünürsə, kubokda minimum finala vəsiqə qazanmağa israrlıdı. Bildiyimizə görə, hoca cari mövsümü titula tamamlayacağını bossuna vəd etməyib. Ondan bunu tələb edən də yoxdu. İstər İstanbuldakı, istər Bakıdakı rəhbərlik yaxşı başa düşür ki, Toşak Dənizliyə hazır maşın qoyub getməyib. Komandanı söküb-yığmaq zaman istəyir. Ancaq türkiyəlinin qış fasiləsində sən deyən zamanı olmadı ki, qollarını çırmalasın, yeni evin fundamentini atmağı ağlının ucundan keçirsin. Limonu əllə sıxıb suyunu çıxarmaq dədə-baba üsuludu və Dənizli də bu prinsipə sadiq qalıb. Doğrusunu o, edir. Əks halda, qaş düzəldən yerdə vurub göz çıxarardı.

“Qara siyahı”sındakı ilk ad
Sportinfo.az-ın «Palmali»nin İstanbuldakı mərkəzinə yaxın mənbələrdən aldığı məlumata görə, baş məşqçi komandanın mövcud durumu ilə bağlı Mübariz Mənsimovu yerli-yataqlı məlumatlandırıb. Fevralın 2-3-ü aralığında İstanbulda fəxri prezidentlə görüşən Mustafa bəy görülməli işlərlə bağlı geniş hesabat verib və 4 ay sonrakı proseslər üçün tam dəstək alıb. Onu rahat edən, fikrini yayındırmayan Mais Mənsimovdan da eyni münasibəti görməsidi. Klubun prezidenti Toşaka olduğu kimi, Dənizliyə də yaxşı üz göstərir, nəzərini üzərindən əskik eləmir. Qısacası, Mənsimov qardaşları bütün məsələlərdə arxasındadı. Toşak bu isti yanaşmadan öz imici və nəticə naminə yararlanmadısa, türkiyəli eyni səhvi təkrarlamayacaq qədər tədbirlidi. Ünlü hoca artıq indidən müəyyənləşdirib ki, kimləri düşərgədən uzaqlaşdırmaq lazımdı. Yerli müdafiəçilər fikirləşməsin ki, limit onları bu seldən qurtaracaq. Rasim Ramaldanov «qara siyahı»nın qara lideridi. Ötən yay «Simurq»dan 300 min dollar qarşılığında gələn müdafiəçi ilk gündən onda rəğbət doğurmayıb. Ramaldanovun qasıq nahiyəsindən aldığı zədə üzündən son turlar tribunada əyləşdiyi bildirilir, yalandı. «Quşçular»ın eks kapitanı, Dənizliyə görə, olduqca «mandrajist»di, müdafiəçi keyfiyyətlərindən tamamilə uzaqdı. Rasim gündəlik məşqlərdə ən çox danladığı futbolçudu.

İstədiyi yerlilər
Benuahi, Nildo, Alvaro Silva, Deyvid Sakkoni və Nikola Qliqorov «qara siyahı»nın digər üzvləridi. Hətta Elnur Abdullayev sürətli və pressinqli oyun fəlsəfəsinə uyğun gəlmir. Tomiçlə Tyeqo de Xesusla müqavilənin vaxtından əvvəl pozulması gündəmə gələ bilər. Dənizli ilk növbədə yerli futbolçu bazarında işlərini tamamlamağı planlaşdırır. Yalnız milli üzvlərini deyil, Berti Foqtsun ciddiyə almadığı digər oyunçuları da nəzarət altına alıb. Bunun üçün Oğuz Çətinə xüsusi tapşırıq verib. Əsas yardımçısı hər tur hansı rəqiblə qarşılaşacaqlarsa, onların son 5 oyununun kassetlərini əldə etmək və incələmək barədə ondan göstəriş alıb. Dənizli qiymətə fikir vermir. Fikir verdiyi raportunu aldığı oyunçunun xasiyyəti, rejimi və özü barəsində nə düşünməsidi. «Neftçi»dən Araz Abdullayev, Emin Mehdiyev, Elvin Yunuszadə, «Bakı»dan Rauf Əliyevlə Cavid Hüseynov, «Qarabağ»dan Maksim Medvedev, «İnter»dən Vaqif Cavadovdu. Biz ilkin siyahıda adı olanların bir qismiylə sizləri tanış etdik.

Yıldırıma bir zəng
Türkiyəli legioner alış-verişində tanıdıq isimlərə üz tutacaq. Bu məqsədlə ölkəsindən tanıdığı menecerlərlə sıx-sıx əlaqə saxlayan Dənizli vaxtilə çalışdırdığı futbolçuların bir neçəsiylə şəxsən ünsiyyət qurub. Mübariz Mənsimovdan 5 səviyyəli legioner gətirmək üçün vəd aldığı söylənilən mütəxəssis Tuncay Şanlı ilə bərabər, «Beşiktaş», «Kasımpaşa», «Elazığspor», «Konyaspor» və «Trabzonspor»dan bir neçə nəfəri diqqətə alıb. «Fənərbaxça»dan maraqlandığı 2 oyunçunun keçidi Mənsimovun Əziz Yıldırıma bir zəngindən asılıdı. O, Almaniyadan bəzi qürbətçi türklərlə bağlı təklifləri gözdən keçirir. Yeni transfer büdcəsi Dənizlinin əl-ayağını açır. İyun-iyulda bu bazara ən çox pul qoyub çıxan klubun «Xəzər» olması bu baxımdan realdı ki, «Palmali» 10-12 milyon dolları gözdən çıxarıb.

Fikirlərini bizimlə bölüş!