Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Məzəli futbolun “mırt” prezidenti

Dünya futbolunda qazandığı nəticələrdən çox qeyri-adi hərəkətləri, açıqlamaları ilə yadda qalan klub sahibləri olub, indi də var, bundan sonra da olacaq. Onlar həmişə mətbuatın diqqət mərkəzindədi. Çünki hamı bilir ki, ağızlarını açıb danışmağa başladılarsa…

Birinci divizionda keçirilən “Bakılı” – “Şəmkir” oyununda yaşanan əhvalatdan yəqin ki, xəbəriniz var. Meydan sahiblərinin prezidenti Misir Əbilov AFFA İntizam Komitəsinin qərarı ilə beş oyunluq cəzaya məruz qalmışdı və “Şəmkir”lə matçda stadionda olmamalı idi. AFFA belə qərar çıxarmışdı. Amma artıq bilənlər bilir, Əbilov nəinki stadionda olub, hətta paltardəyişmə otağına gedərək komandasının baş məşqçisini təhqir edib, oyunun gedişində futbolçularına göstərişlər verib.

Yəqin anladız, başdan-ayağa məzə olan Azərbaycan futbolunun ən “mırt” klub prezidentindən danışacağıq.

Kimdi Əbilov?

Misir Səttar oğlu Əbilov “Bakılı”nı 1995-ci ildə yaradıb. Əbilovun komandası rəsmi olaraq ilk dəfə «Araz» adı altında 1997-ci il martın 27-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1998-ci il fevralın 3-dən isə klub «Bakılı» adını daşımağa başlayıb.
“Bakılı” müəyyən dövrlərdə Azərbaycan futbolunun elitasında da çıxış edib. Amma artıq uzun müddətdi ki, komanda birinci divizionda mübarizə aparır.
Özünün dediyinə görə, Əbilov «Bakılı»nı öz cibindən maliyyələşdirir. Onun Rusiyada biznesinin olduğu deyilir. Lakin başqa məlumata görə, Əbilov neft biznesində AFFA-nın prezidenti Rövnəq Abdullayevə hansısa işlərdə kömək edir.

Bu adam düzəlməyəcək

Misir Əbilovun şəxsən özünün, klubu “Bakılı”nın AFFA İntizam Komitəsi tərəfindən cəzalanması halları o qədər çox olub ki, onları bir-bir sadalamaq sadəcə, vaxtınızı almaq deməkdi. Odu ki, bu məsələnin üzərində çox dayanmırıq. Sadəcə, gözünüzün önünə hər tur, bəzən “insafa gəlib” iki turdan bir cəzalanan klub prezidentini və klubu gətirin. Hə, bax, bu, Misir Əbilov və onun komandasıdı.

Məsələnin daha maraqlı yönü budu ki, Əbilova verilən cəzaların heç biri onun vecinə olmur. O, nə zamansa bəlkə də özünə, klubuna kəsilən cəza müddətinin bitməsini gözləyib. Amma artıq indi gözləmir. İntizam Komitəsi bu gün Əbilovu beş oyunluq cəzalandırır, səhərisi gün o, komandanın paltardəyişmə otağına girib baş məşqçini söyür, futbolçulara “belə oynama, elə oyna” tapşırıqları verir. AFFA-nın nə qərar çıxarması onun vecinə də deyil. Bəlkə də haqlıdı, AFFA-nı, çıxardığı qərarları ciddiyə almamaqda…

“Vaqon-vaqon” legionerlər

Azərbaycanda daş atsan, legioner futbolçuya dəyməyən dövrlər idi. Xaricdən Azərbaycan futboluna bu qədər axın yox idi. Balaca uşaqlar küçədə Afrikadan gəlmiş futbolçu görəndə gözlərini heyrətlə bərəldirdilər. Bax, hətta həmin dövrdə də Misir Əbilov “Bakılı”ya dünyanın mütxəlif ölkələrindən “futbolçular” gətirirdi. Aralarında az qala hansı ölkədən desən, “futbolçular” olurdu. “Futbolçular”ı ona görə dırnaqda yazırıq ki, Əbilovun gətirdiklərində futbolçuya aid çox az nəsə tapmaq olardı. O vaxtlar məşhur olan “bunu deyəsən, “benzinkalonka”dan tutub gətiriblər” ifadəsi daha çox “Bakılı”nın legionerlərinə aid idi. Əbilovun bu “futbolçular”ı kimin əliylə, necə gətirdiyi heç kimə məlum deyildi. Ancaq fakt bu idi ki, “Bakılı”ya “vaqon-vaqon” legionerlər gəlirdi.

Əbilovun məzhəkələri

Deyilənlərə görə, bir dəfə Misir Əbilov oyun vaxtı rəqib komandadan kimisə təhqir edir (bu onun üçün adi haldı). Buna görə AFFA İntizam Komitəsi ona cərimə kəsir. Özündən çıxan Əbilov federasiyaya gedir. Pulu çıxarıb stolun üstünə atır və deyir: “Puluyla deyil söymək? …onun ağzını”.

Bir dəfə isə “Bakılı”nın oyununda yanğınsöndürən maşının olmadığını görən AFFA-nın matça təyin etdiyi nümayəndə narazılıq edir, Əbilova qaydaları xatırladır. Əbilov isə əlini göyə uzadıb deyir: “Əə, nə gij-gij danışırsan, görmürsən yağış yağır?”.

Bəs bilirsiz ki, Əbilov dünyada bəlkə yeganə klub prezidentidi ki, öz komandasına baş məşqçini baxışa çağırıb? Bəli, bəli, bunu da Əbilov edib.

Onun hoqqaları çox, lap çoxdu. Amma burda dayansaq, yaxşıdı.

Əsl yerində olan adam

Sizcə, SOCAR-ın prezidenti postunu, Milli Məclisdə deputat kürsüsünü tutub, üstəlik boynuna Azərbaycan futboluna da rəhbərlik etmək biçilən və futboldan zərrə qədər anlayışı olmayan Rövnəq Abdullayev AFFA prezidentidisə, bu futbolda Əbilov kimi birisinin olması da doğal deyilmi?

Sizcə, Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev kimi əhli-kef, “məclis adamı” olan biridisə, Əbilovun onun keçirdiyi çempionatda klub sahibi olmasından qanunauyğun nəsə varmı?

Misir Əbilov Azərbaycan futbolunun boyuna biçilmiş adamdı, incitməyin onu, cəzaları, cərimələri ləğv edin. Onsuz da heç nəyi vecinə almır.

Fikirlərini bizimlə bölüş!