Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Nə olmalıydısa, o da oldu!

İndi “Qarabağ”ın “Sevilya”ya acı məğlubiyyəti ilə bağlı sonsuza qədər ah-vay etmək, bəlkələri muncuq kimi ipə düzmək olar. Amma gerçəklik heç vaxt dəyişməyəcək: ilk oyunda uduzmaqla bu qrupda APOEL ilə “Düdelanj”ı qabaqlamaq haqda düşünməyin daha realist yanaşma olmasıyla barışmışıq. Etiraf etmək lazımdı ki, o günkü mübarizənin bir saatı arxada qalandan sonra tabloda yanan 0-lar adamı bir qədər həvəsləndirir, mümkün xalın həniri sərin sentyabr axşamının havasına qarışaraq, bədənimizə qəribə ilıqlıq gətirirdi. Təbii, meydandakı komandalardan birinin primeranın, o birinin premyer-liqanın 1-ci pilləsində qərarlaşdığını anlayırdıq, bu iki turnirin səviyyə fərqini dərk etməyəcək dərəcədə axmaq deyilik. Sadəcə, vaxtaşırı rəqib qapısı önündə gərginlik yaratmaq mümkün olurdu deyə, adama elə gəlirdi ki, bəlkə ispanların başını aldadıb, 1 xal oğurlaya bilərik. Amma olmadı və mənə elə gəlir ki, bunun səbəbləri üzərində ilk növbədə duşdan sonra güzgü önündə dayanan Miçel düşünməliydi. Ən yaralı yerimiz olan standart vəziyyətə heç nədən səbəbkar olmaq olmaz. Rəqibin heyətində Çiçarito kimi əfsanə varsa, belə mənasız follardan çəkinmək lazımdı. Gördüz, adam üçxallıq atışları su içmək səviyyəsinə endirən MBA ulduzları kimi davrandı, zərbəni elə ustalıqla yerinə yetirdi ki, Beqoviçin ruhu da incimədi. Öz aramızdı, bəs 2-ci qol nə idi, Azərbaycan çempionatında belə “paraşüt”ü sonuncu dəfə nə vaxt görmüsüz? Əslində 3-cü qol da oyunla bağlı estetik mənzərəni tamamladı. Təbii ki, bunu ispanların mənafeyi baxımından deyirəm. Cərimə meydançasında rəqibin üç futbolçusunun düzəltdiyi belə “qayçı” qolu “Qarabağ”ın ad-sanına yaraşmadı.
Respublika stadionunu dolduran azarkeşlərin könlünü oxşamaq üçün Azərbaycan çempionunun təsəlli qolu yerinə düşərdi. Amma gəlin razılaşaq ki, həmin qol belə ümumi mənzərəni dəyişməyəcəkdi. Yavaş-yavaş qitə futbolundakı yerimizi bilməli, buna uyğun hərəkət etməli, ölçülü-biçili davranış sərgiləməliyik. Bu gün “böyük beşlik” və nadir istisnaları çıxmaq şərti ilə “ikinci eşelon” ölkələrinin təmsilçiləri ilə mübarizə aparmağa gücümüz yoxdu. İndiki anda maksimum vəzifə qitənin bu kateqoriyalara düşməyən ölkələrinin klublarını “dişimizə vurmaq”, onlarla mübarizədən qalib ayrılmağa çalışmaqdı.
Onsuz da müxtəlif yaş qrupları üzrə yığmalarla bağlı vəziyyət aydındı. Yaxın gələcəkdə yığmalar səviyyəsində hansısa böyük turnirin final mərhələsinə qatılacağımızı yalnız ağlı yerində olmayan adamlar düşünə bilərlər. Odu ki, ayağımızı yorğanımıza görə uzatmalı, real hədəflərdən yapışmalıyıq. Mənə elə gəlir ki, bugünkü “Qarabağ”ın APOEL ilə “Düdelanj”la mübarizədən qalib ayrılıb, Avroliqada yaza çıxması fantastik uğur olardı. Azarkeş üçün də, jurnalist üçün də, hətta “Qarabağ” rəsmiləri üçün də ortaq hədəf, ortaq baxış məhz bu olmalıdı. Açığı, belə düşüncələrin işığında “Qarabağ” azarkeşlərinin Çiçaritonun fantastik qoluna reaksiyası mənə qəribə gəldi. Bu mənzərə, demək olar ki, uduzduğumuz hər oyunda təkrarlanır. Qapımıza qol vurulan kimi azarkeşlər gücü su butulkalarına verir, rəqibin oyunçularını atəşə tuturlar. Deyəsən, unuduruq ki, belə hərəkətlərin “Qarabağ”ın imicinə, cibinə yalnız ziyanı var, heç bir halda xeyri yoxdu.
Bir daha vurğulayıram ki, nə olmalıydısa, o da oldu! “Qarabağ” düşərgəsi daha real hədəflərin planını cızmalı və həmin hədəflərə çatmağın yollarını axtarmalıdı. Bu gün üçün ortada olan qənaət budu ki, “Sevilya” nə qədər əlçatmaz olsa da, həm APOEL, həm də “Düdelanj” “Qarabağ”ın “dişinə”, gücünə, bacarığına görə rəqibdi. Bir qədər daha artıq inadkar olmaq, bəsit səhvlərdən qaçmaq, ələ düşən nadir qol imkanlarından yararlanmaq lazımdı. “Sevilya” ilə dünənki məğlubiyyət onsuz da gözlənilən idi. Sadəcə, dozası bir qədər artıq oldu. Dərs götürmək, hədəflərə doğru yürümək lazımdı. Keçmiş olsun, “Qarabağ”…
HUŞENG

Fikirlərini bizimlə bölüş!