AÇ-2016-nın seçmə qrup mərhələləsinin püşkü atıldı. Püşkatmaya keçməzdən əvvəl, yaltaqların cövlan etdiyi bir zəmanədə mərhum satira ustası Baba Pünhandan bir misra gətirmək istəyirəm: “Bütün dünya Aya raketlə gedir, bizimkilər, motosikletlə gedir”.
Motosiklet və raket
Ağayi Berti Foqts yığmamıza baş məşqçi təyin olunanda AFFA məmurları nəhayət ki, Azərbaycan futbolunun da “raket sürəti” ilə irəliləyəcəyini qabartmağa başladılar. Alman özü isə ümdə məqsədinin yığmamızı Avropa çempionatı-2016-nın final mərhələsinə yüksəltmək olduğunu bildirdi. Vaxt necə də tez uçurmuş, ay AFFA məmurları + Foqts. Kimin ağlına gələrdi bu, zəhrimara dönmüş AÇ bu qədər yaxın imiş? Dünyanın aparıcı yığmaları mundiala hazırlaşdığı bir dövrdə, bizimkilər “motosikletləri”ni xodlayıb getdilər püşkatmaya. Püşk isə…
“Şeytan arabası”
Yazının bu abzasını da sitatla başlamaq istəyirəm: “Vaay, şeytan arabası”. Püşkatma qeyri-obyektiv keçirildi. UEFA prezidenti Platini komandamızın rəqiblərini özünün seçdiyi iddia edilir. CNN, BBC və digər məşhur informasiya agentlikləri Azərbaycan millisinə qarşı təxribatın törəndiyinə biganə qalmadılar. Hadisə yerindən geniş reportajlar hazırlayan məşhur jurnalistlər, 1-ci pillə uğrunda mübarizədə yığmamıza mane olmağa çalışacaq İtaliyanın baş məşqçisi Çezare Prandellinin də fikirlərini öyrəniblər. “Nala-mıxa” vuran qorxaq italyan hər halda Azərbaycan futbolunun qüdrətini etiraf edib: “Biz bu gün Azərbaycanla oyuna hazır deyilik”… Ay başına dönüm, sən nə bu gün, nə də sabah hazır ola bilməzsən e! Mahir Şükürovun barmağından xəbərsiz olmazsan. Sizi tək barmağı ilə məhv edər. Əslində Prandelli bunu gözəl başa düşür. Böyük ehtimalla Prandelli dünya çempionatından sonra postundan gedəcək. Səbəb də məlumdur. Azərbaycanla oyunda rüsvay olmaq istəmir. Şayiələrə inansaq, Prandelli püşkatma zamanı Foqtsun komandası ilə eyni qrupa düşdüklərini görüncə qeyri-ixtiyari olaraq, “vaay, şeytan arabası”, deyərək çığırıb. BBC telekanalı bu cütlüyün İtaliyadakı qarşılaşmasını (yığmamız Bakıdakı oyunda aşkar favorit olduğu onsuz da hamıya bəllidir) seçmə tsiklin ən maraqlı görüşlərindən biri kimi qələmə verməklə yanaşı, Tərlan Əhmədovdan da süjet hazırlayıb. Kanal millimizin heyətində kifayət qədər qollara imza atan keçmiş müdafiəçinin İtaliyaya qarşı görüşdə də fərqləndiyini xüsusi qabardıb.
“Azerbajdzan, smiluj se na nas!”
Xorvatiyada 1 günlük matəm elan olunub. On minlərlə insan paytaxt Zaqrebin küçələrinə axışaraq, müxtəli şüarlar səsləndiriblər. Bunların arasında ikisi daha populyar olub: “Azərbaycan, bizə rəhm et!” və “Rədd olsun Platini!” olub. İlk şüar – “Azerbajdzan, smiluj se na nas”, – səbəbi aydındı. Davor Şukerin həmvətənləri biabırçı hesabla məğlub olmaqdan çəkinirlər. O ki qaldı Platini məsələsinə, burda da qeyri-adi heç nə axtarmaq lazım deyil. Məhz fransız faktiki olaraq, xorvatların “torbasını tikib”. Aydın məsələdir ki, Azərbaycanın aşkar favoriti olduğu qrupda, Xorvatiyanın AÇ-yə yüksəlmək şansları “yox” səviyyəsindədi. Binəvalar ümidlərini ancaq Maltayla görüşlərə bağlayıblar. Ki, bəlkə bu matçlardan 2-3 xal qopara bildilər.
Məmmədyarovun çempionluğu futbol millimizin əlindədi
Norveç kimi sabit bir ölkənin təşvişə düşəcəyini isə heç kim gözləmirdi. Demokratiyanın zirvə həddində olan bir ölkənin antidemokratik addım atacağını anlamaq olduqca çətindi. Məsələnin məğzi ilə sizləri tanış edim. Məlum olduğu kimi, martda Xantı-Mansiyskdə dünya şahmat Tacı uğrunda iddiaçıların turniri start götürəcək. Dünyanın 1 nömrəli şahmatçısı norveçli Maqnus Karlssenlə mübarizə aparmaq uğrunda 8 şahmatçı lövhə arxasına keçəcək. Bunların arasında həmyerlimiz Şəhriyar Məmmədyarov da yer alacaq. Bildiyiniz kimi, Şəhriyar SOCAR komandasının da üzvüdür və ordan məvacib alır. SOCAR-ın prezidenti kimdi? Bəli-bəli, yanılmadınız! AFFA prezidenti Rövnəq Abdullayev. Əldə etdiyimiz məlumata görə, Norveç Kralı Beşinci Harald AFFA prezidentyinə gizli məktub ünvanlayıb. Skandinaviyalı futbol millimizin Oslodakı qarşılaşmada Norveçə 1 xal bağışlayacağı təqdirdə, Məmmədyarov – Karlssen görüşü baş tutsa, maneəsiz olaraq, həmyerlimizin tacı Azərbaycana gətirəcəyinə yüksək səviyyədə söz verib. Ancaq nəzərə alsaq ki, Şəhriyar hələ iddiaçıların turnirində qələbə qazanmalıdı, bu təklifə konkret cavab vermək olmayıb.
“Primer za edin istinski muj”
Maraqlıdır ki, buna bənzər təklif Bolqarıstan prezidenti Rosen Plevneliyevdən də gəlib. Belə ki, Plevneliyevin həmyerlisi Veselin Topalov iddiaçıların yarışmasında yer alır və elə ilk turdaca Məmmədyarovla üz-üzə gələcək. Plevneliyev daha yumşaq mövqe tutaraq, Rövnəq Abdullayevdən xal istəməyib. Sadəcə, Topalov hər iki oyunda məğlub olmasını qabardaraq, futbol millimizin Sofiyada daha rəhmli (1-2 top fərqi ilə) nəticəylə qalib gəlməsini xahiş edib. Hazırda Rövnəq Abdullayev, Elman Rüstəmov (Milli Bankın sədri və Şahmat Federasiyasının prezidenti) qızğın müzakirələr gedir. Yaxın günlərdə Pnevleliyevə rəsmi cavab veriləcəyi gözlənilir. Əldə etdiyimiz informasiyaya görə, Bolqarıstan prezidenti məsələdən olduqca narahatdır və təklifi qəbul olunmayacağı təqdirdə, alternativ ideya üzərində baş sındırır. Plevneliyevin gizli saxladığı plan barədə qəzetimizə Sofiya Tomat Zavodunda çalışan mənbəmiz məlumat verib. Sən demə, bizimkilərə olduqca cəlbedici təklif verilə bilər: millimiz güzəştə gedəcəyi təqdirdə, Bakı şəhərinin meri Hacıbala Abutalıbovun heykəli Sofiyanın rəmzlərindən sayılan Kiril və Mefodinin kitabxanasının önündə ucaldılacaq. Artıq əsərin ilk eskizi də hazırlanıb. Əlində Koroğlunun qılıncı (orasını dəqiqləşdirə bilmədik, qılınc hündür olacaq, yoxsa Abutalıbov) olacağı planlaşdırılan heykəlin üzərində sözü üzə deməyi bacarığı ilə seçilən merimizin sinəsinin üzərində “Primer za edin istinski muj” (tərcümədə “əsl kişi nümunəsi” deməkdir) sözləri də əks olunacaq.
Aralıq dənizində alver
Maltayla qarşılaşmalara gəlincə, Foqts bu komandaya da sürpriz hazırlayıb. Əldə etdiyimiz informasiyaya görə, alman mütəxəsssis adalılarla qarşılaşmaya veteranlardan ibarət yığma komandamızı aparacaq. Belə ki, bir sıra veteran futbolçularımız Aralıq dənizi sahillərində yerləşən bu ölkədə heç vaxt alış-veriş etmədikləri üçün, Berti baba bu cür nəcib qərar verib.
Adalılara görə adalılara qarşı
Lakin rəqiblərə heç vaxt yuxarıdan aşağıya baxmayan alman mütəxəssis yetirmələrini arxayınlaşmağa qoymur. Məlum olduğu kimi, millimizi dünya şöhrətli Filippin yığmasına qarşı gərgin yoldaşlıq oyunu gözləyir. Deyə bilərsiniz ki, nəyə görə məhz Filippin? AFFA-nın uzaqgörən siyasəti burda da öz əksini tapıb. Az əvvəl qeyd etmişdim ki, Malta adadır. Xəritəyə diqqət yetirin. Filippin də bir neçə iri adadan ibarət ölkədir. Nə olsun ki, Sakit okeanının sahillərində, Asiyada yerləşir. Əsas uzaqgörən siyasətdir ki, federasiyamız da bunu məharətlə həyata keçirir. Axı gözlərimizi yumub, nağıllar aləminə qapılmasaq, anlayarıq ki, bizim komandanın “dişinə görə” yeganə rəqib elə Maltadı.|Het-trik news




Fikirlərini bizimlə bölüş!