Naxçıvan – təmizliyi ilə göz oxşayan qədim diyar. Səhər saatlarında ölkə kubokunun final görüşünü işıqlandırmağa gələn KİV təmsilçiləri təyyarədə “Kiçik torpağ”a qədəm basdı. İlk “zəbt” edəcəyimiz məkan “Duzdağ” oteli oldu. Həyəcan təbili də məhz “Duzdağ”dan başladı. Məskunlaşdığımız foyedə internet öz kefiylə işləyirdi. Bir saatdan artıq internetlə oynadığımız “lotereya” konfrans zalına dəvət almağımızla davam etdi. “Naxçıvan CUP”a həsr olunan mətbuat konfransında daha bir dəqqətçəkən məqam elektrik cərəyanına qoşulmaq üçün rozetkaların yoxluğu oldu. İnternet isə həmin məkanda ümumiyyətlə, “canını tapşırmışdı”. Konfransdan sonrakı yarım saat da foyedə internetlə çarpışmalara sərf olundu ki, konfrandan hazırlanmış materiallar ünvanına (hər kəsin çalışdığı mətbu orqanına) çatdırılsın…
Havanın həddən artıq isti olması isə təbii sualı şərtləndirirdi: saat 16:00-da start götürəcək “Qarabağ” – “Qəbələ” oyununda futbolçuların hər birinə kondisioner qoşulacaq ki, bu günəş altında normal futbol sərgiləyə bilsinlər? Yoxsa bu final heç kimə lazım deyildi? Hər halda PFL prezidenti Ramin Musayev sözügedən mətbuat konfransında bir neçə dəfə israrla “final oyunu niyə Naxçıvanda keçirilməməlidi” sualıyla KİV təmsilçilərinə müraciət etmişdi. Yəqin saat 4-də temperaturun düşəcəyinə əmin imiş. Başqa izah tapmaq mümkün deyil. Çünki bu saatda oyun təşkil etmək üçün ya bu sahədən uzaq adam olmalısan, ya da oyun keyfiyyətinin hansı səviyyədə olacağı vecinə olmalı deyil…
Saat 15:00-dan finalın açılış mərasiminə start verildi. Tribunalarda 10 minə yaxın insanın toplaşması böyük futbol bayramından xəbər versə də, tamaşaçılara baxdıqda, adamın ürəyi ağrıyırdı. Xüsusilə azyaşlı məktəbli qızların gözlərindən bir kədər yağırdı. Onların nə günahı var idi ki, bu qızmar günəş altında Röyanın fonoqram ifasının heç cür işləmək istəməyən kolonkalar vasitəsi ilə dinləsinlər? Rəsmi şəxslər heç olmasa üstüörtülü yerdə dayanmışdılarsa, 10 minə yaxın tamaşaçı və 40-a yaxın KİV təmsilçiləri Naxçıvanın “günəş vannası”nı qəbul etmək məcburiyyətində idilər…
Kolonkalar işləmir, Röya özünü itirib və tribunaların qarşısında mahnı parçasının sözlərini bilməyən və ümumiyyətlə, hansı günah sahibləri olduqları üçün bu istidə stadiona gətirilən insanlara oxutmağa çalışır, aparıcı start fitinədək 17 dəfə “titanların mübarizəsi” ifadəsini işlətməklə bayağı, süni bir aura yaradır. Start fitinədək yeganə qürur verən məqam dövlət himnimizin səsləndirilməsi idi.
Futbolçular isinmə hərəkətləri etməyə çıxanda ayaqlarının altı da od tutub yanırdı. Nəfəs almaq mümkün olmayan bir şəraitdə onlar 90, bəlkə də 120 dəqiqə mübarizə aparmalı idilər. Bu cür istidə “titanlar”da titanlıq qalar? Fariz Yusifovun start fiti səsləndikdən sonra da proqnozlar özünü doğrultdu. Nə “Qarabağ” qaçırdı, nə də “Qəbələ”. Ancaq bunda tərəflərin heç birinin günahı yox idi. Deyə bilmərəm həmin anlarda Ramin Musayev konfrans zalında səsləndirdiyi “niyə final Naxçıvanda keçirilməməlidi” sualına görə narahtçılıq hissi keçirirdi, ya yox. Ancaq bir şey dəqiqdi ki, projektorların tələblərə cavab vermədiyi üçün görüş daha gec başlana bilməzdi. Bunu PFL prezidenti dəqiq bilirdi. Havanın da həddən artıq isti olacağını da dəqiqliyi ilə bilirdi.
Matç haqda qısaca yazacağıq. “Qarabağ” bu, sərt meydan və dəhşətli istiyə daha tez alışdı. Temperatur da fasilədən sonra nisbətən aşağı düşdü. Ölkə çempionu bütün komponentlərdə rəqibini üstələdi. İstər fərdi mübarizələr olsun, istər kollektiv oyun, istər motivasiya. Qurban Qurbanovun yetirmələri hətta tablodakı yekun nəticədən daha böyük fərqlə qalib gələ bilərdilər. Lakin finalda top fərqinin heç bir əhəmiyyəti yoxdu. Ağdam klubu muzeyini daha bir kubokla bəzədi və ardıcıl 3-cü dəfə “qızıl dubl”u rəsmiləşdirdi.
Matçdan sonra yeni texniki problemlər baş qaldırdı. Ancaq yuxarıdakı qeydlər bir ilə yetər və bu səbəbdən də təkrarçılığa yol vermək istəmirik. Kiminsə xoşuna gəlməkdən ötrü “hər şey ən yüksək səviyyədə idi” deyib, ötmək də olardı. Bəlkə də Azərbaycan reallıqlarında bu, daha düzgün yanaşmadı. Ancaq fakt budu ki, belə şəraitdə kubokun finalı keçirilə bilmzədi və matçı Naxçıvana salmaqla, PFL rəhbərliyi (boynuna almasa belə) kobud səhvə yol verdi!
Yekun olaraq, bir təşəbbüsü irəli sürək. Ölkə kubokunun finalı iki matçdan ibarət olsun: finalçılar ev və səfər qarşılaşmasında qalibi müəyyənləşdirsinlər. Bax, onda süni şəkildə insanları işdən-gücdən didərgin salmayacaqlar, hər kəs sevimli komandasına azarkeşlik etmək üçün tribunaya gələcək. Bəlkə PFL səsimizə səs verdi?




Fikirlərini bizimlə bölüş!