Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“NEFTÇİ” – 80: ağ və qara tarix

Məmləkətimizdə futbolun ilk dalğası

Birinci dünya mübaribəsinin başlamasına az bir müddət qalmış Azərbaycanda ilk futbol komandaları yaradılmağa başladı. 1911-ci ildə oyunlarını Bakının torpaq meydançalarında keçirən bir neçə kollektiv var idi. O dövrdə ingilislərin neft yataqlarına meyl etməsi futbolun inkişafına müsbət və mənfi təsirlərini göstərdi. Futbolun vətəni İngiltərə olduğundan, onların Bakıya gəlməsi yerli əhali arasında da bu idman növünü populyarlaşdırdı. Elə paytaxtımızda ilk futbol komandasının da adı "Britaniya klubu" idi. Görüşlərini Bakıda keçirən bu klub 1912-ci ildə Gürcüstana yola düşərək ilk beynəlxalq matçda qüvvəsini sınadı. Tiflisdə keçirilən qarşılaşmada yerli "Sokol" Bakı təmsilçisinə 2:4 hesabıyla məğlub oldu. Azərbaycanda sovet hökuməti qurulanadək gürcülərlə Bakı komandalarının 11 görüşü baş tutmuş və ümumi hesab Azərbaycan komandalarının xeyrinə nəticələnmişdi.
1914-cü ildə Bakı Futbol İttifaqı (BFİ) yaransa da, bu təşkilatın ömrü çox sürmədi. 1917-ci ildə sovet hökuməti qurulandan sonra 20 komandanı birləşdirən BFİ süquta uğradı. 1920-ci ildə futbol həyatı Bakıya qayıtdı və ilk şəhər birinciliyinin qalibi "Sokol" oldu. 1923-cü ilin yazında komsomolun Zaqafqaziya olimpiadası keçirildi. Tiflisdə düzənlənən yarışa meydan sahiblərilə yanaşı, Bakı, Batumi, İrəvan komandaları da qatıldı. Bütün görüşlərdə qələbə qazanan bakılılar ilk olimpiadanın qalibi adını qazandı. 1925-ci və 1926-cı illərdə də Bakı komandası birinci yeri tutdu.

Balaxanı futbolçularının uğuru

1921-ci ildə Bakıda fəaliyyət göstərən komandalar arasında "Komsomolçu" və "İdman" daha uğurla çıxış etdi. 1923-cü ildə "Komsomolçu"nun adı dəyişdirilib və bir çox variantlar arasından "Proqress" seçildi. Bundan sonra isə "Proqress"lə "İdman"dan vahid komanda yaratmaq zəruri hesab edildi. Yenidən ad məsələsi gündəmə çıxdı. Bu dəfə qərar daha ədalətli oldu: iki komanda arasında görüş keçirərək vahid komandaya qalibin adını vermək. "Proqress" 4:2 hesablı qələbə qazandı və adını tarixdə əbədiləşdirdi. Daha çox Balaxanı sakinlərindən ibarət olan bu komanda 1926-cı ildə Zaqafqaziya çempionatında Azərbaycanı təmsil edirdi. Tiflisdə keçirilən turnirin açılış oyununda qonaqlar – Bakı və İrəvan komandaları üz-üzə gəldi. Balaxanı futbolçuları ilk rəsmi oyunda 4:0 hesabıyla qələbə qazandı. Meydan sahibləri erməniləri daha böyük hesabla (7:0) məğlub etdi. Son oyunda gürcüləri heç-heçə də qane edirdi. Oyunun bitməsinə 4 dəqiqə qalmış hesab 3:3 idi. Lakin Qnezdovun qolu ilk çempionatın qalibi adını "Proqress"ə gətirdi.

İlk Zaqafqaziya çempionu adını bu futbolçular qazandı: qapıçılar – Aqapov, Makoqonov; müdafiəçilər – Maraxtanov, Kosenkov; yarımmüdafiəçilər – Frolov, İvanov, Pantsev; hücumçular – Qnezdov, Yeliseyev, Kuznetsov, Makoqonov, Komarov, Semyanistı. Oyunlardakı sxemə gəlincə 2-3-5 sistemi tətbiq olundu. Növbəti mövsüm "Proqress"in Azərbaycanı təmsil etməsinin əleyhinə çıxan bir neçə komanda öz oyunçularını da ezam etməyi təklif etdi. Heyətdə xeyli dəyişikliyə baxmayaraq, komanda gürcülərlə "duel"dən xalla ayrıla bilir – 1:1. Gürcülərin ermənilərlə də qarşılaşması 1:1 bitdi, bakılıların ilk pilləni tutmaq şansı xeyli artdı. Komanda erməniləri 6:3 hesabı ilə məğlub etdi. Bu oyunda qapıçı İkonnikov ermənilərin iki penalti zərbəsini dəf etməyə müvəffəq olur. Beləcə, ikinci Zaqafqaziya çempionatının qalibi adına yenə də Azərbaycan komandası layiq görüldü.
1930-1931-ci illərdə Azərbaycanı yoldaşlıq görüşlərində Bakının seçmə fəhlə komandası təmsil edirdi. Komanda Almaniyanın seçmə fəhlə komandası (4:3 və 1:0) və İngiltərənin seçmə fəhlə komandası (5:2 və 3:1) üzərində qələbə qazandı.

Peşəkar klubun işartıları

1937-ci ildən ölkə rəhbərliyi çempionatı klub komandalarının iştirakıyla keçirməyi qərara alır. Digər idman növlərindən fərqli olaraq, futbol komandası yaratmaq üzərində çox baş sındırmaq lazım olmur. "Qara qızıl” sahəsində çalışanlar 18 mart 1937-ci ildə futbol komandası yaradır. Əvvəllər "Balaxanı Futbolçular Dərnəyi” və "Proqress” adları ilə fəaliyyət göstərmiş Lenin (indiki Sabunçu) rayonunun "Leninneft” Neftçıxarma İdarəsinin komandası neftçilərə məxsus ən güclü komanda olduğundan, baza seçilir. Əslində, "Neftyanik”in yaranma tarixi sələflərinin yaranma tarixindən hesablanmalı və daha əvvəldən götürülməli idi. Amma "Leninneft”in futbol komandası "Neftyanik”ə verilsə də, sonradan bu təşkilat gəncləri toplayaraq öz komandasını bərpa edir. Başqa sözlə, "Leninneft”in fəaliyyətini davam etdirməsi onların adının "Neftyanik”ə dəyişməsi faktını sanki yarımçıq qoyur və "Neftyanik” sadəcə "Leninneft”də oynamış futbolçulardan yeni təşkil olunmuş komanda kimi qeydə alınır. Ad üzərində də çox fikirləşmək lazım gəlmir. Həmin dövrdə rus dili daha işlək olduğundan, komanda "Neftyanik" adlandırılır.

Komandanın geyimində və emblemində də onun neftçilərə məxsus olduğunu bildirən nişanələr əks olunur. Emblemdə neft buruğunun fonunda Kiril əlifbasının "H" hərfi – "Neftyanik" sözünün birinci hərfi idi. Təbii ki, "qara qızıl"ın da rəngi formanın əsasını təşkil edir. O dövrdə neftlə bərabər "ağ qızıl" adlandırılan pambıq da Azərbaycan SSR-in şöhrətlənməsində neftdən az rol oynamadığından, qərara alınır ki, pambığın rəngi də formada əks olunsun. Komandamız haqda ilk məlumat "Azərbaycan Bədən tərbiyəçisi” qəzetinin 21 mart 1937-ci il tarixli nömrəsində verilir. Həmin nömrədə komandanın ilk heyətinin üzvlərinin soyadları qeyd olunur: Cəfərov, İsmayılov, Rıjov, Vıbornov, Nexoroşev, Nifontov, Abramov, N.Kuznetsov, Liskunov, Mironov, Ştırlin, V.Kuznetsov, Makaqonov, Krasilnikov, Sidorenko. Elə həmin nömrədə komandanın ilk kapitanı Məmmədəli İsmayılovun futbol mövsümü haqda fikirləri də dərc olunur: "Bizim komanda Lenin mədən sənayeçiləri bədən tərbiyəsi kollektivi nəzdində, əsasən gənclərdən təşkil olunub. Bir neçə təcrübəli oyunçuyla gücləndirildikdən sonra biz çıxış etməli olduğumuz Ümumittifaq yarışlarında yaxşı nəticələr əldə edə bilərik”. Həmin dönəmdə Qroznıda, Krasnodarda və başqa şəhərlərdə eyniadlı komandalar meydana gəlsə də, SSRİ neft sənayesinin əsas komandası Bakı təmsilçisi idi. O vaxtdan Azərbaycan futbolunun tarixinə çevrilən "Neftçi" tarix boyu bir neçə dəfə formasının rənglərini dəyişə belə, hazırda ağ-qara rənglər klubun əsas rəngləridir.

İlk qol ermənilərə

"Neftçi" ilk rəsmi matçını 24 may 1937-ci ildə keçirir. Bu həmçinin, komandanın debüt oyunu idi. SSRİ Kubokunun 1/64 finalında o zaman "Neftyanik" adlanan komanda Bakının "Dinamo" stadionunda 5 min azarkeşin izlədiyi matçda İrəvan "Dinamo"sunu 1:0 hesabı ilə məğlub edir. Pavel Ştırlinin 87-ci dəqiqə vurduğu top "Neftçi"nin tarixində ilk qol idi. Oyunu gürcüstanlı hakimi Nikolay Larionov idarə edir. Yarandığı ildən SSRİ çempionatının "Q" qrupunda çıxış edən komanda debüt ilində 12 komanda arasında 11-ci yeri tutur. Həmin il SSRİ kuboku uğrunda yarışlarda isə "Neftçi" 1/64 finalda İrəvanın, 1/32 finalda isə Batuminin "Dinamo" komandalarına qalib gəlsə də, 1/16 finalda "Dinamo Tbilisi" klubuna uduzaraq mübarizəni dayandırır. 1938-1941-ci illərdə "Neftçi" Azərbaycan və Zaqafqaziya birinciliklərində iştirak edir. Müharibənin başlaması ilə əlaqədar, komanda üzvlərinin əksəriyyəti Böyük Vətən müharibəsinə yollanır. Müharibədə həlak olanlar arasında müharibəyə qədərki dövrdə komandanın şərəfini qorumuş Mirmehdi Ağayev də vardı.

Dünyaca məşhur hakimin doğma komandası

Müharibə sona yaxınlaşdıqca artıq komanda da fəaliyyətini bərpa edirdi. 1944-cü ildə "Neftçi" yenidən Azərbaycan birinciliyinə qayıdır və bir il sonra respublika çempionu ünvanını əldə edir. 1946-cı ildə SSRİ çempionatının 2-ci Cənub yarımqrupunda çıxış edən "Neftçi" 1947-ci ildə ikinci qrupda 4-cü yerə yüksəlir. Növbəti mövsüm 17 yaşlı Ələkbər Məmmədovun debüt ili olur.
1949-cu ildə güclülər dəstəsini genişləndirmək qərarı nəticəsində "Neftçi" də A qrupunda debüt edir. Həmin heyətə sonralar tanınmış hakim olan Tofiq Bəhramov və məşhur Ələkbər Məmmədov da daxil idi.

"Neftçi" A qrupu tarixində ilk oyununu o vaxt Lenininin adını daşıyan indiki "İsmət Qayıbov" stadionunda HHQ (Hərbi Hava Qüvvələri) ilə keçirir. Bu tarixi matçda komanda 1:0 hesabı ilə qalib gəlir. SSRİ çempionatının A qrupunda ilk qolu isə Viktor Anoşkin vurur. Çempionatın startı sensasion olur. Beş turdan sonra "Neftçi" birinci pilləyə yüksəlir. Lakin yekunda komanda 14-cü sıranı tutur.

Qızıla bərabər bürünc

"Neftçi" SSRİ çempionatlarında ən böyük uğurlarından birini 1966-cı ildə qazanır. Həmin ildə 36 oyunluq marafonu major notlarla bitirən "Neftyanik” tarixində ilk dəfə o zamanlar üçün "kiçik Avropa çempionatı” kimi dəyərləndirilən SSRİ çempionatında üçüncü yeri tutur. Komandanın mövsümə tam hazırlıqlı gəlməsində baş məşqçi Vasili Sokolovun xidmətini danmaq, elə futbolun özünü danmaq olardı. Eyni zamanda mövsümlərarası dövrdə "yığılan enerji”ni çempionat boyu bacarıqla, ölçülü-biçili şəkildə xərcləmək də xüsusi bacarıq tələb edir ki, bu mənada da, "Neftyanik”ə rəhbərlik etmiş Əhməd Ələsgərovun əməyi böyükdür; məşqçi Valentin Xlıstovu da unutmaq olmaz. 1966-cı ildə aprelin 10-da 19 komandanın iştirakı ilə 28-ci SSRİ çempionatı başlayır. "Neftyanik” "A” qrupunun güclülər dəstəsində 9-cu mövsümünü keçirir. İlk oyunda Minskin "Dinamo” komandasını qəbul edən bakılılar heç-heçə ilə kifayətlənir – 0:0. Ümumiyyətlə, "Neftyanik” 8 turdan sonra məğlubiyyətə uğramayan 4 kollektivdən biri idi, ancaq bakılılar Leninqrad, Alma-Ata və Daşkənd səfərindən xalsız dönür. Komandamız səfərdən daha bir dəfə əliboş qayıdır: 14-cü turda Tbilisidə, ardınca Yerevanda uduzur. Məhz qonşu respublikaların komandalarına məğlubiyyətdən sonra baş məşqçi Vasili Sokolov istefa ərizəsi yazmadan postundan gedir və 16-cı turdan etibarən "Neftyanik” oyunlara Əhməd Ələsgərovun rəhbərliyi altında çıxır.
Mövsümü uğurla başa vuran "ağ-qaralar” sonda bürünc medalları qazanır.

O dövrdə əsasnaməyə görə, mövsüm ərzində yalnız oyunların minimum 50 faizində çıxış edən futbolçuya medal verilə bilərdi. "Neftyanik”də 50 faizlik səddi adlayan, yəni, 18 oyunda meydana çıxan 12 futbolçu olur. Lakin intizamsızlığa görə komandadan xaric edilən, həm də əksər oyunları yarımçıq keçirən S.Melkumova medal verilmir. Əvəzində, müstəsna hal kimi, SSRİ yığma komandasındakı xidmətləri nəzərə alınaraq, 14 oyunda çıxış etməsinə baxmayaraq, A.Banişevskinin adı siyahıya salınır. Beləliklə, bürünc medal alan futbolçularımız (ardıcıllıq 66-cı il mövsümündə keçirdiyi oyun sayına görədir): V.Semiqlazov, V.Bruxti, S.Kramarenko, K.Tuayev, V.Hacıyev, A.Trofimov, E.Markarov, A.Qryazev, N.Boqdanov, Y.Babayev, M.Zeynalov, A.Banişevski. Mövsümün yekununda, mütəxəssislərin rəyinə əsasən, A.Banişevski və K.Tuayev SSRİ-nin "33 ən güclü futbolçusu” siyahısına daxil edilir.

Komandanın ən məhsuldar oyunçusu Anatoli Banişevski SSRİ yığmasının heyətində İngiltərədə təşkil olunan Dünya Çempionatında əsas simalardan biri olmağı da bacarır. Sonda 4-cü olan SSRİ yığması ilə yanaşı, 1966-cı ildəki mundiala bir zamanlar "Neftyanik”in heyətində çıxış edən, İngiltərə-Almaniya final matçında yan xətt hakimi olan Tofiq Bəhramov da öz damğasını vurur.

Gəncəlilərə gözlənilməz məğlubiyyət

Bürünc medallar paytaxt futbolçularına təntənəli şəkildə təqdim edilir. Respublika stadionunda təşkil edilən möhtəşəm idman bayramı "Neftyanik” ilə Kirovabadın "Dinamo” kollektivlərinin yoldaşlıq görüşü ilə başa çatır: Gəncə futbolçuları gözlənilmədən "bürünc "Neftyanik”i 2:1 hesabıyla məğlubiyyətə uğradır. Oyunun fasiləsində SSRİ Futbol Federasiyasının sədri Nikolay Ryaşentsev Azərbaycan SSR Futbol Federasiyasının sədri Adil Eldarov və federasiyanın baş məşqçisi Rauf Adıgözəlov ilə birlikdə "Neftyanik”in 12 futbolçusuna bürünc medalları təqdim edir. Nailiyyətdə böyük xidməti olmuş komandanın rəisi Şövkət Orduxanov, həmçinin məşqçilər Əhməd Ələsgərov və Valentin Xlıstov, inzibatçı Aydın İsmayılov və həkim Boris Xetaqurov isə diplomlarla təltif olunurlar.

Bürünc medalların qazanılmasından cəmi bir il sonra SSRİ Kubokunda yarımfinala qədər irəliləyən klubumuz eyni uğuru 1968-ci ildə təkrarlayıb. Klubun ən tanınmış futbolçusu, məhsuldar oyunu ilə göz oxşayan Anatoli Banişevski SSRİ yığmasının tərkibində Avropa Çempionatının yarımfinalçısı olub. Həmin il başqa bir hadisə ilə də əlamətdar olur. Məhz 1968-ci ildə "Neftyanik" adının "Neftçi"yə çevrilməsi Mərkəzi Komitədə ideoloji şöbənin katibi Cəfər Cəfərovun təşəbbüsü ilə baş tutur.

"Eniş dövrü” və Birinci dəstədə itirilən illər

1970 və 1971-ci illərdə ölkə kubokunda yarımfinala vəsiqə əldə edən "Neftçi” bu turnirdə bir daha uğura imza ata bilmir. 1971-ci ildə Banişevski də artıq əvvəlki formasını yığmışdı və Şevçenko ilə birlikdə həm "Neftçi”nin hücum xəttini təşkil edirdi, həm də SSRİ yığmasına cəlb olunurdular. Buna baxmayaraq, çempionatın ikinci dövrəsini zəif keçirən komanda sonda 9-cu olur. Yeni mövsümə "Neftçi” mövsümə itki ilə başlayır. Ən böyük itki mövsümün yekunlarına görə ən yaxşı sol kənar hücumçusu kimi "33 ən yaxşı” arasına düşən Vitali Şevçenkonun Bakı klubunu tərk edərək Kiyev "Dinamo”suna yollanması idi. Kazbek Tuayevlə Yaşar Babayev isə karyeralarını bitirməyə qərar verir.

Hər bir komandanın tarixində olan eniş dövrü "Neftçi” üçün məhz 1972-ci ildə başlayır. Düzdür, həmin il bakılıların hücumçusu Anatoli Banişevski SSRİ yığmasının heyətində Belçikada keçirilən Avropa Çempionatında gümüş medalları qazanır. Ancaq Banişevskinin doğma "Neftçi”si mövsümü olduqca zəif keçirir və Birinci dəstəyə düşməkdən qurtula bilmir. Uzun müddət Güclülər dəstəsində mübarizə aparan "Neftçi” 1973-cü ildə bu dəfə oraya yüksəlmək üçün çalışır. Mövsümün əvvəlindəki proqnozlarda favoritlərin arasında ilk növbədə komandamızın adı çəkilir. Hamı bakılıların elə birinci cəhddən vəzifənin öhdəsindən layiqincə gələcəyini düşünür. 1973-cü il çempionatı həm güclülər dəstəsində, həm də Birinci dəstədə SSRİ Futbol Federasiyasının tətbiq etdiyi yeniliklə yadda qalır. Belə ki, danışılmış oyunların qarşısını almaq məqsədilə heç-heçələr "ləğv edilir”. Əsas vaxt heç-heçə bitən kimi oyunsonrası penaltilər vurulmalı və penaltilərlə qalib gələn komanda bir xal almalı idi; məğlub olan komandaya isə xal verilmirdi.

Məhz 1973-cü ildə dövrələrarası fasilədə Asəf Namazovun gətirilməsi zəif təsir bağışlayan müdafiə xəttinin gücləndirilməsinə xidmət edirdi. Lakin yekunda 4-cü sıranı tutan paytaxt futbolçuları Güclülər dəstəsinə çıxmaq vəzifəsinin öhdəsindən gələ bilmir. Növbəti mövsümü boşa verən komandamız iki il dalbadal qarşıya qoyulan məqsədə çata bilməyən heyətdə ciddi dəyişiklik etmir. Heyətə cəlb edilən üç futbolçu Roman Cəfərov, Elbrus Abbasov və Şakir Qəribov "ən yaxşılar”ın sırasına qoşulmaqda komandaya kömək etməli idi. Komanda oyunundakı qeyri-sabitlik, mövsüm boyu fiziki qüvvənin düzgün bölüşdürülməməsi sonda "Neftçi”yə əsas məqsədə çatmağa imkan vermir.

Birinci dəstədəki dördüncü ilində rəhbərlik əvvəlki səhvlərdən nəticə çıxardığını və bu dəfə mütləq qarşıya qoyulan məqsədə çatacağını açıqlamaqdan çəkinmir. Komanda üçün demək olar, hər cür şərait yaradılır. Yaradılan şəraitdən düzgün yararlanan "Neftçi” turnir cədvəlində ikinci pillədə qərarlaşaraq, 1977-ci ili güclülərlə bir sırada keçirməyə nail olur. Ümumiyyətlə isə həm vurulan qollara, həm də topların fərqinə görə komandamız hamını qabaqlayır. "Neftçi” səfərdə də hamıdan çox – 20 xal toplayır. Bakıdan isə heç kim qələbə ilə qayıda bilmir. Mövsümü yuksək səviyyədə keçirən hücumçumuz Elbrus Abbasov 28 qolla birinci dəstənin ən sərrast futbolçusu olur.

Komandanın uğuru respublika rəhbərliyinin də diqqətindən kənarda qalmır. Azərbaycana rəhbərlik edən Heydər Əliyev "Neftçi”ni qəbul edir.

"Banış”ın 100-cü qolu və səfər sindromu

1977-ci ildə mövsümün yarıdan çoxunu "ilk onluq” ətrafında keçirən "Neftçi” sona yaxın gözlənilmədən "təhlükəli zona”ya yaxınlaşır. Bakıda "Zarya” üzərində qələbə ilə səfərdə "Karpatı” ilə heç-heçə vəziyyəti düzəltsə də, Kiyevdəki məğlubiyyət hər şeyi son tura saxlayır. "Dnepr”lə Bakıdakı heç-heçə növbəti mövsümü də güclülərlə bir yerdə keçirməyi təmin edir.
1978-ci ildə güclülər dəstəsində yerini qoruyan Bakı klubunun simvoluna çevrilən Banişevski üçün yaşıl meydanlara vida ili olur. O, Moskvaya oxumağa yollanır, Bakıya məşqçi kimi qayıtmaq üçün…
Məhz 1978-ci ildə A.Banişevski 100-cü qolunu vuraraq "Qriqori Fedotov” klubuna daxil olur.

İsgəndər Cavadov isə "Neftçi”yə çox kömək olacaq qollarının əsasını sona beş tur qalmış Bakıda "Dnepr” üzərində qələbə ilə başa çatan görüşdə qoyur. Növbəti il "Neftçi” mövsümü 14-cü pillədə başa vuraraq, güclülər dəstəsində yerini qoruyur. Bu işdə Əhməd Ələsgərovun təcrübəsi və məşqçilik bacarığı böyük rol oynayır. Moskvada keçirilən Olimpiada ilə əlaqədar bütün SSRİ ərazisində idman ili kimi xatırlanan 1980-cı il "Neftçi” üçün uğurlu başlayır. Ötən mövsüm əvəzedicilərin turnirində ikinci yeri tutan komandamızın bir neçə üzvü əsas komandaya cəlb olunur. Komandanın yeni kapitanı İsgəndər Cavadov seçilir. "Neftçi” sonda güclülər dəstəsindəki yerini qoruya bilir.

44-cü SSRİ çempionatı da bakılılar üçün əvvəlki illərdən fərqlənmir. Yenə də əsas məqsəd güclülər dəstəsində yerini qoruyub saxlamaq olur. Mövsümü 10-cu sırada tamamlayan "Neftçi” daha yaxşı nəticə əldə edə bilərdi. Güclülər dəstəsinə qayıtdığı son 5 il ərzində yalnız burada yerini qorumaq uğrunda apardığı mübarizə komandaya təsirsiz ötüşmür. Belə ki, futbolçular oyunlara stimulsuz çıxır, güclülər dəstəsinin autsayderləri olduqları ilə, bir növ, barışırlar. 1979-cu ildən komandada baş məşqçi vəzifəsini yerinə yetirən Ə.Ələsgərov da komandanı bu psixoloji durumdan çıxarmağa müvəffəq ola bilmir. "Neftçi”nin ən ağrılı problemi isə səfər sindromu sayılır. Bakıda istənilən rəqibi udmağı bacaran komanda səfərdə bunu edə bilmir. 1982-ci il çempionatında "Neftçi”səfərdən cəmi üç xal gətirə bilir. Buna baxmayaraq, Bakıda keçirdiyi oyunlarda komandanın oyununda yüksəliş hiss olunurdu. Hətta Səmədağa Şıxlarovla Asim Xudiyev SSRİ-nin Olimpiya yığmasına cəlb olunurlar və komanda ilə birlikdə Trindad və Tobaqoya səfərə yollanırlar. Fasilə dövründə isə "Neftçi” liderlərindən birinin itkişi ilə barışır. Komamdanın "qol silahı” İsgəndər Cavadov Moskva "Dinamo”suna yollanır.

Sonda 16-cı sıranı tutan bakılılar güclülər dəstəsində yerini qoruya bilir. 1983-cü ildə "Neftçi” 46-cı SSRİ çempionatına böyük dəyişikliklərlə başlayır. Əhməd Ələsgərovu Kazbek Tuayev, Rafiq Məmmədovu isə Rauf Adıgözəlov əvəz edir. Kazbek Tuayevə Ruslan Abdullayev və Ali Məşqçilər Məktəbini bitirib Bakıya dönən Ağasəlim Mircavadov köməkçi təyin edilir. Komandanı böhrandan çıxarmaq üçün bəzi addımlar atılır. Oyunlara daha yaxşı hazırlaşmaq məqsədilə 1967-ci ildə tikilmiş təlim-məşq bazası qısa müddətdə təmir olunur. Komanda Güclülər dəstəsində qalmaqda o qədər də çətinlik çəkmir və 13-cü yeri tutur. Bir il sonra uğursuz nəticələrə görə istefaya göndərilən Kazbek Tuayevi əvəz edən Ruslan Abdullayev komandanın "ən yaxşılar”ın sırasında saxlaya bilir. 1985-ci il mövsümü ərəfəsində SSRİ Futbol Federasiyası bir daha çempionatın Əsasnaməsində dəyişiklik etdi.

1979-cu ildən 18 iştirakçının qatıldığı ölkə çempionatında növbəti mövsümdən komandaların sayının 16-ya endirilməsi haqda qərar çıxarıldı. Buna görə də 17-18-ci yerləri tutan komandalar güclülər eşalonunu tərk edirdi. 15-16-cı yerləri tutan komandalarla Birinci liqada ilk iki yeri tutan komanda "Keçid turniri”ndə qarşılaşacaqdılar. Etiraf etmək lazımdır ki, bu məsələ "Neftçi”nin vəziyyətini xeyli çətinləşdirirdi. Nəticədə mövsümün sonunda son oyunu "ev”də "Kayrat”a uduzan "Çernomorets”lə "Neftçi” keçid turnirində oynamalı oldular. Birinci dəstədən isə MOİK və "Dauqava” (Riqa) turnirə qatılmaq imkanı əldə etdi. Beləliklə, 4 komanda Moskvada örtülü manejdə 2 dövrədən ibarət turnirdə kimin növbəti mövsümü güclülər arasında keçirəcəyini müəyyənləşdirməli idi. "Neftçi”nin hər iki oyunda "Dauqava”ya qalib gəlməsi (3:0 və 4:0) həlledici oldu və "Çernomorets”lə MOİK-dən alınan daha 3 xal komandamızın turniri ikinci pillədə başa vurması ilə nəticələndi. Beləliklə, "Çernomorets”lə (9 xal) "Neftçi” (7 xal) həmin il birinci liqadan heç kimi güclülər dəstəsinə buraxmadılar.

49-cu ölkə çempionatı ərəfəsində "Neftçi”də elə bir böyük dəyişiklik baş vermədi. Həmin mövsüm "Neftçi”nin hücumçusu Maşallah Əhmədov üçün daha da yaddaqalan olur. Komanda yekunda 13-cü sırada qərarlaşır. Növbəti mövsüm komanda uğurlu çıxış edərək yekunda 9-cı pillədə qərarlaşır.

Keçilməz "Kayrat” və Avropaya ilk "qaranquş”

1987-ci il klubun uğurlu çıxışı ilə yanaşı, heyətin üç gənc oyunçusu SSRİ-nin 17 yaşa qədər futbolçulardan ibarət yığmasının heyətində dünya çempionu olur. Arif Əsədov, Vladislav Lemiş və Vladislav Qədirov Kanadanın stadionlarında keçirilən turnirdə ən yaxşılardan idi. 1988-ci ildə SSRİ Futbol Federasiyasının Kubokunun finalına adlayır. Finala gedən yolda "Jalqris”(Vilnüs), "Spartak”(Moskva) kimi o dönəmin güclü komandalarını mübarizədən kənarlaşdıran bakılıları finalda eyni qrupda mübarizə apardığı Alma-Ata "Kayrat”ı gözləyirdi. 22 noyabrda Kişinyovdakı Respublika stadionunda keçirilən final matçında Yuri Kuznetsovun rəhbərlik etdiyi "Neftçi” rəqibinə 4:1 hesabı ilə məğlub olaraq medal qazanmaq şansını əldən verir. Komandamızın yeganə qolunu Vəli Qasımov vurur. O bu turnirdə 4 dəfə fərqlənərək bombardirlər sırasında yer alır. Mövsümün sonunda komandanın ən aparıcı üzvlərindən biri olan İqor Ponomaryov klubu tərk edərək İsveçə, "Nörçepinq” klubuna yollanır.

Bununla İqor klubun tarixinə Avropaya transfer olunan ilk futbolçu kimi düşür. SSRİ çempionatları tarixində ardıcıl 24 penaltini qola çevirərək rekorda sahib olan Ponomaryov 1988-ci ildə SSRİ yığmasının heyətində Seul Olimpiadasının qalibi olmağı da bacarır. İqorun komanda yoldaşı Arif Əsədov 1988-ci ildə daha bir uğur qazanır. SSRİ yığmasının heyətində 19 yaşa qədər futbolçuların Avropa çempionatına yola düşən gənc müdafiəçi turnirin qızıl medallarını əldə edir. Ancaq bütün bu uğurlar fonunda komanda 1988-ci ildə Birinci dəstəyə yuvarlanır.

"Futbolçu gəldilər, əsgər dönürlər!”

1989-cu ildə qeyri-sabit çıxış qrafikinin ardından "Neftçi” birinci dəstədə yalnız 8-ci ola bilir. Bakı klubu peşəkar əsaslara keçsə də, bu, həyatda çox ləng gedir. Respublikada siyasi və iqtisadi həyatın gərginliyi nəzərdə tutulan bütün işlərin həyata keçirilməsinə çətinlik törədirdi. Bu gərginlik heyətin tam komplekləşdirilməsinə də mane olurdu. Ötən mövsümün sonunda komandaya baş məşqçi təyin olunan Ruslan Abdullayev yenidən vəzifəsini icra etməli idi. "Neftçi”də artıq nəsildəyişmə prosesi də gedirdi. Abdullayev bu məqsədlə əsasən yerli gənclərin xidmətindən yararlanmaq qərarına gəlir. İlk olaraq Nazim Süleymanov Moskva "Spartak”ına keçir. Maşallah Əhmədov isə, ümumiyyətlə, futbolçu karyerasına son qoyur. Bundan başqa, Novruz Əzimov, Yaşar Vahabzadə, Vaqif Sadıqov, Vyaçeslav Lemiş də komandanı tərk edənlər arasında idilər. Moskva Bakıya ordu yeridir və 20 Yanvar faciəsini bizlərə yaşadır. Bu qanlı hadisələr zamanı "Neftçi” İstanbulda idi. Türkiyədə Azərbaycan günləri çərçivəsində mədəniyyət xadimləri ilə birgə futbolçularımız da səfərə yollanmışdılar. Tədbirlər çərçivəsində "Neftçi” "Qalatasaray”la qarşılaşır. Məhz bu matçdan (2:2) sonra futbolçulara Bakı qırğınları barədə xəbərlər çatır. Hətta Türkiyə baş verənlərdən dəhşətə gəlmiş, yerli mətbuat isə futbolçularımızın nə vəziyyətə düşdüklərini manşetə çıxardıqları xəbərlərlə oxuculara çatdırır. "Milliyet” qəzeti manşetə bu sərlövhəni çıxarır: "Futbolçu gəldilər, əsgər dönürlər!”.
Bakıya qayıdan komandamız dərhal Şəhidlər Xiyabanını ziyarət etdi.

Hamıya məlum idi ki, bu şəraitdə futbol yada düşmürdü. Buna baxmayaraq, növbəti SSRİ çempiontının başlamasına az qalırdı. Lakin futbol mövsümü ərəfəsində Gürcüstan və Litva komandaları çempionatdan çıxır. SSRİ imperiyasının və onun futbol çempionatının tam dağılmasının an məsələsi olduğu gün kimi aydın idi. Nəticədə komanda SSRİ adlanan məkanda son mövsümünü, bir il əvvəl olduğu kimi, yenə də 8-ci yerdə başa vurdu.

Fikirlərini bizimlə bölüş!