Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi”dən sonra ilk peşəkar klub: Orda Banişevski də olub!

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsinin ikinci hissəsinin icrasına başlayırıq.

Müstəqil Azərbaycanın futbol üzrə ilk ölkə çempionatı ən çox komandanın mübarizə apardığı birincilik kimi ölkə futbolunun tarixinə düşdü. Ancaq hazırda birinci Azərbaycan çempionatında çıxış etmiş 26 komandadan cəmi 5-i həyatdadı. 1992-ci ildə güclülər dəstəsində çıxış etmiş 4 Bakı klubundan isə yalnız “Neftçi” hələ də yüksək liqada mübarizə aparır.

Lakin həmin çempionatda mübarizə aparmış Bakı klublarından daha biri hazırda heç bir peşəkar liqada mübarizə aparmasa da, fəaliyyətini hələ də davam etdirir. Söhbət ilk 3 çempionatda çıxış etmiş, amma sonradan qeybə çəkilmiş “Azəri” klubundan gedir.

Fəhlələrin komandası

Hələ sovet dövründə fəaliyyət göstərmiş bir çox klub kimi “Azəri”nin də əsası zavodda qoyulub. 1984-cü ildə Qazan Mexaniki zavodunun nəzdində fəhlələrdən ibarət komanda yaradıldı. Komandanın yaradıcısı isə Əli Ağamalıyev idi. O, komandada həm futbolçu, həm baş məşqçi, həm də rəhbər kimi fəaliyyət göstərirdi. Təbii ki, Bakı çempionatında çıxış edən komandanın adı da o zaman “Azəri” deyildi. Həmin vaxt “Metallist” adlanan komanda ilk uğurunu Bakı çempionatında qazanır. Komanda elə ilk mövsümündə paytaxt birinciliyini çempion kimi başa vurur. Klubun təsisçisi Əli Ağamalıyev illər sonra “Azəri” adlanacaq komandanın doğuşunu belə xatırlayır:

“1984-cü ildə Nizami rayonu ərazisində yerləşən Qazan Mexaniki zavodunun nəzdində komanda yaratmaq qərarına gəldik. Komandanın adını “Metallist” qoyduq. “Metallist” zavodun işçilərindən ibarət idi, bir sözlə, fəhlə kollektivi idi. Elə yarandığımız ildə Bakı çempionatında iştirak etdik və çempion olduq. Daha sonra isə komandaya peşəkar futbolçular da cəlb etdik. Bu, öz təsirini komandanın çıxışında da göstərdi. 1987-ci ildə SSRİ çempionatının 2-ci zonasına, yəni Azərbaycan çempionatının əsas dəstəsinə vəsiqə qazandıq”.

“Neftçi”dən sonra ilk dəfə…

80-ci illərin sonlarında Azərbaycanda milli özünüdərkin güclənməsi komandaya da təsir edir. Ölkədə baş verən siyasi hadisələr komandanın adında özünü göstərir. Komanda yarışlara “Azəri” adı altında qatılmağa başlayır. 1990-cı ildə klubdaxili iclas keçirilir və Əli Ağamalıyev klubun prezidenti seçilir. Komanda həmin ildə Nizami rayonunda peşəkar klub kimi qeydiyyatdan keçir. Bununla da, “Azəri” Azərbaycanda “Neftçi”dən sonra qeydiyyatdan keçmiş ilk klub olur. Ağamalıyevin sözlərinə görə, komandanın “Azəri” adlanması məhz onun ideyası olub:

“1990-cı ildə klub daxilində seçki keçirdik və mən prezident seçildim. Bundan öncə isə komandada həm baş məşqçi, həm də oyunçu kimi çıxış edirdim. Klub prezidenti seçildikdən sonra da oyunlara çıxırdım. 80-ci illərin sonlarında komandanın “Azəri” adlanması qərarına gəldik. Komandanın belə adlanması mənim ideyam idi. Klubu belə adlandırmağımızda həmin vaxt ölkədə baş verən siyasi proseslərin də təsiri oldu. Həmin dövrdə baş verən hadisələrdən təsirlənərək, komandaya xalqımızın adını vermək qərarına gəldim. Müstəqillikdən öncə, 1989-cu ildə də bu ad altında çıxış etmişdik. 1990-cı ildə isə “Azəri” adı ilə qeydiyyatdan keçdik. O vaxt Ədliyyə Nazirliyi olmadığından, rayon icra hakimiyyətində qeydiyyata alındıq. 1994-cü ildə isə Ədliyyə Nazirliyində də qeydiyyatdan keçdik. Ümumiyyətlə, “Azəri” ölkədə “Neftçi”dən sonra qeydiyyatdan keçmiş ilk klubdu”.

“Milyonlar kuboku”nda qalmaqal

1991-ci ildə komanda SSRİ-də fəaliyyət göstərən müəssisələrin komandaları arasında təşkil edilən “Milyonlar kuboku”nda çıxış etdi. Həmin turnirdə Azərbaycandan “Azəri”dən başqa, “İnşaatçı” (Bakı) və “Pambıqçı” (Bərdə) da iştirak edirdi. Sırayla “İnşaatçı”nı, Daşkəndin komandasını və Moskva “Enerji”sini sıradan çıxaran “Azəri” yarımfinalda Bərdə “Pambıqçı”sı ilə qarşılaşır. Ancaq Bərdə təmsilçisiylə oyun qalmaqalla nəticələnir. 1990-cı ildə klubun vitse-prezidenti seçilmiş Vaqif Davudov həmin oyunları belə xatırlayır:

“Azəri” ilk Azərbaycan çempionatında iştirak edən komandalardan idi. Ancaq bundan öncə komanda SSRİ-də keçirilən “Milyonlar kuboku”nda çıxış etdi. Əvvəlcə “İnşaatçı”nı sıradan çıxardıq. Daha sonra isə Daşkənddə yerli komandanı məğlub etdik. Həmin oyundan sonra özbəklər Bakıda keçiriləcək cavab oyununa gəlmədi və biz 1/4 finala adladıq. Burda isə Moskvanın “Enerji” klubuna səfərdə 0:3 hesabıyla uduzsaq da, evdə 6:1 qalib gəlib, yarımfinala adladıq. Yarımfinalda Azərbaycanın turnirdəki digər təmsilçisi Bərdə “Pambıqçı”sıyla üzləşdik. Bakıdakı oyun qolsuz bərabərliklə nəticələndi. Bərdədə keçirilən cavab oyununun gedişində 2:0 hesabıyla öndə olsaq da, sonradan bu üstünlüyü əldən verdik. Hesab 2:2 olduğu zaman – hansı ki, bu hesab bizi finala çıxaracaqdı – baş hakim qapımıza penalti təyin etdik. Penalti vurulmamış klubun prezidenti Əli Ağamalıyev komandanı meydandan çıxardı. Həmin oyunun hakim-inspektoru Tofiq Bəhramov idi. O, bizə qalıb oynamağı təklif etsə də, komanda meydançanı tərk etdi. Belədə, bizə texniki məğlubiyyət verildi, finala isə “Pambıqçı” vəsiqə qazandı.

“Milyonlar kuboku”ndan öncə də beynəlxalq oyunlar keçirmişdik. 1989-cu ildə İrana yollanaraq, orda “Zəncan” komandası ilə yoxlama oyununda qüvvəmizi sınamışdıq”.

Ruslan Abdullayev, Aslan Kərimov…

1992-ci ildə “Azəri” ilk ölkə çempionatının iştirakçısı olur. Füzuli Əliyev, daha sonra isə mərhum Ruslan Abdullayevin çalışdırdığı komanda güclülər dəstəsini 26 komanda arasında 18-ci pillədə başa vurur. Həmin mövsümdə “Azəri”də sonralar uzun müddət millimizin şərəfini qorumuş Aslan Kərimov, hazırda “Nefçi”nin baş məşqçisi olan Elxan Abdullayev kimi oyunçular da top qovurdu. Komandanın bombardiri isə Cəfər Əliyev olur (13 qol). “Azəri”nin prezidenti Əli Ağamalıyev ilk ölkə birincliyinin təkcə klub rəhbəri yox, həm də futbolçu kimi iştirakçısı olur. O, çempionatda 21 oyuna meydana çıxıb, 4 qola da imza atır.

Növbəti mövsümdə komanda ölkə çempionatında ən yaxşı nəticəsinə imza atır. Nadir Qasımovun çalışdırıdığı “Azəri” güclülər dəstəsinin B qrupunu 4-cü pillədə başa vurur.

Stadion problemi

“Azəri” ölkə çempionatında ev oyunlarını bir neçə stadionda keçirib. Klub ilk mövsümdə rəqiblərini 20-ci sahə stadionunda (indiki “Bayıl Arena”) qəbul edirdi. Bir neçə oyundan sonra isə komanda ADBTİA stadionuna köçüb. Növbəti mövsümdə komanda ev oyunlarını Bakıxanov qəsəbəsindəki İsmət Qayıbov adına stadionda keçirib. “Azəri” güclülər dəstəsindəki son – 1993/94 mövsümündə isə “Termist” (sonradan bu arenanın yerində “Şəfa” stadionu tikildi) stadionunda çıxış edib.

Klub stadion cəhətdən ciddi problem yaşadığından, Nizami rayon icra hakimiyyətinə bu rayonun ərazisində yerləşmiş stadionlardan birinin onlara verilməsini istəyir. Onsuz da məhdud maddi imkanlara malik olan komandanı stadiona verilən icarə haqqından xilas etmək istəyən klub prezidenti Əli Ağamalıyevin bu müraciəti nəticəsiz qalır:

“Nizami rayonu ərazisində iki stadion var idi. Biri o vaxtlar “Termist” adlanan indiki “Şəfa” stadionu, digəri isə 8-ci km qəsəbəsində olan stadion. Biz istəyirdik ki, bu iki stadiondan biri bizə verilsin. Bu stadionlar Nizami rayonunun ərazisində idi və rayonun nəzdində olan zavodların hesabına tikilmişdi. O vaxt icra hakimiyyətinin rəhbərliyi ilə münasibətim var idi. Onlarla əlaqə saxlayaraq, bu stadionlardan birinin bizə verilməsini istədim. Nə vaxta qədər icarə haqqı ödəyəcəkdik? Öz stadionumuz olmalıydı.

Biz futbolçu yetişdirirdik. Bu işi davam etdirmək üçün də stadionumuz olmalı idi. Azərbaycan çempionatında oynamış futbolçuların bir çoxu bizim yetirmələrimizdi. Həmin oyunçuların bir çoxu hazırda da futbol sahəsində çalışır. Hazırda məşqçi kimi fəaliyyətini davam etdirən Elxan Abdullayev, Elman Sultanov, Aslan Kərimov, Rauf Mehdiyev və başqaları vaxtilə bizim komandanın şərəfini qoruyub”.

Tütün kombinatının maliyyələşdirdiyi komanda

“Azəri”nin əsas maliyyə qaynağı Bakı Tütün Kombinatı və Elektron Hesablama Maşınları zavodu idi. Zavod həmçinin klubun təsisçisi hesab edilirdi. Ancaq 1993-cü ildə Nizami Rayon İcra Hakimiyyətinin sərəncamı ilə təsisçilik klubun prezidenti Əli Ağamalıyevə verilir. Buna səbəb EHM zavodunun komandanı maliyyələşdirmək üçün yetəri qədər imkanı olmaması idi. Ağamalıyev özü sahibkarlıqla məşğul olduğundan, təsisçiliyin ona verilməsi məqsədəuyğun hesab olunur.

“Azəri” 1993/94 mövsümündən etibarən ölkə çempionatlarında iki komanda ilə təmsil olunur. Güclülər dəstəsində mübarizə aparan əsas komanda ilə yanaşı, birinci divizionda “Azəri 2” də mübarizə aparırdı. “Azəri 2” əvəzedici komanda funksiyasını daşıyırdı və əsası gənclərdən təşkil edilmişdi.

Banişevski “Azəri”də!

Azərbaycan futbolunun əfsanəsi Anatoli Banişevski də vaxtilə “Azəri”də çalışıb. Klubun prezidenti Ağamalıyevin sözlərinə görə, o vaxt Banişevskini kluba dəvət edərkən çoxu onun bu qərarına qarşı çıxıb:

“Bizim komandada əfsanəvi futbolçumuz Anatoli Banişevski də çalışıb. 1991-1993-cü illər aralığında o, klubda məsləhətçi kimi fəaliyyət göstərib. Onu mən dəvət etmişdim. O vaxt bəzi insanlar buna etiraz etmişdilər. Banişevskinin içki düşkünü olduğunu, komandaya heç bir xeyir verməyəcəyini deyirdilər. Mən isə dedim ki, onun adı kifayətdi. Düzü, Burkino-Fasoda çalışdığı zaman ciddi psixoloji travma almışdı. Ancaq ona klubda maaş ayırdıq. Banişevskinin komandada çalışması bizim üçün simvolik xarakter daşıyırdı. Onunla bağlı ilk tədbirləri də biz başladıq. 1993-cü ildə 47 yaşını qeyd etdik və 8-ci km stadionunda onun adına beynəlxalq turnir keçirdik. 1995-ci ildə 49, 1996-cı ildə isə 50 illik yubileyini keçirdik. Bir il sonra isə dünyasını dəyişdi. Onunla bağlı tədbirləri ilk olaraq mən həyata keçirmişdim. Bunadək onu heç yada salan da yox idi”.

Narazılıq, maddi problemlər və…

1993/94 mövsümü “Azəri”nin AFFA-nın bayrağı altında keçirdiyi son yarış olur. Komanda hazırda həyatda olmayan Rəhim Xudiyevin rəhbərliyi altında çempionatı 16 komanda arasında 14-cü pillədə başa vurur.

90-cı illərdə ölkə çempionatında çıxış edən klublarla o zamankı AFFA rəhbərliyi arasında narazılıq bitib-tükənmək bilmirdi. AFFA prezidenti Fuad Musayevin siyasətiylə razı olmayan klublardan biri də “Azəri” idi. Çox çəkmir ki, narazı klublar AFFA-nın bayrağı altında çıxış etməkdən imtina edərək, Peşəkar Futbol Liqası yaradırlar. “Azəri” də üsyançı klublara qoşulur. Amma sonradan həmin klubların bir çoxu federasiya ilə dil taparaq çempionatda iştirakı davam etdirsə də, “Azəri” bir də peşəkar liqalarda görünmür.

Komandanın çempionatda iştirakını dayandırmasında narazılıqla yanaşı, maddi vəziyyət də rol oynayır. Klub ölkə çempionatında iki komanda ilə təmsil olunurdu və bu komandaları maddi cəhətdən təmin etmək heç də asan deyildi. Ağamalıyevin sözlərinə görə, o vaxt federasiya prezidenti Fuad Musayevə üzvlük haqqının azaldılması ilə bağlı müraciət etsə də, qəbul edilməyib:

“Mənimlə o vaxtkı AFFA prezidenti Fuad Musayev arasında fikir ayrılığı yaranmışdı. Ona iki komanda saxladığımızı, ödənişlərin azaldılmasını təklif etdik. Amma Musayevlə razılığa gələ bilmədik. İki komanda ilə çıxış edirdik. Birinə görə 9, digərinə görə isə 4,5 milyon manat ödəyirdik. Ən azı bu üzvlük haqlarından birinin azaldılmasını istədik.

Başqa məsələlər də var idi. Çempionatda qeyri-qanuni hərəkətlərə yol verilirdi. Bəzi oyunlarda komandaya qarşı hakim haqsızlıqları da olurdu. Bunlara etiraz elədim və çempionatdan çıxdıq. Mən AFFA İcraiyyə Komitəsinin də üzvü idim. Komitənin üzvlüyündən də çıxdım. Əvvəlcə Peşəkar Futbol Liqasında çıxış etdik. 1995-ci ildə isə əsas komanda fəaliyyətini dayandırdı. “Azəri” daha sonra həvəskarlar liqasında da oynadı. Burda əsasən, gənc oyunçular iştirak edirdi.

Həmin vaxt mənim əsas məqsədim o idi ki, bazanın tikintisini başa vurum. Ancaq sponsorsuz komandanı saxlamaq qeyri-mümkün idi. Bilirdim ki, komandanın yaşaması üçün yaxşı maddi-texniki baza olmalıdı. Nə qədər sponsor komandaya pul ayıracaq? Sponsor bu gün var, sabah yoxdu”.

20 ildən artıq keçsə də…

Beləliklə, “Azəri”nin əsas komadası 1995-ci ildə fəaliyyətini dayandırır. Buna baxmayaraq, klub fəaliyyətini hələ də davam etdirir. Hazırda “Azəri” klubunda bir neçə aşağı yaş qrupu fəaliyyət göstərir. Komandanın özünün idman kompleksi də var. Ağamalıyev hazırda klubda 50-yə yaxın uşağın məşq keçdiyini deyir:

“Hazırda klubun nəzdində “Azəri” idman kompleksi var. Burda aşağı yaş qrupları fəaliyyət göstərir. Ən böyük yaş qrupları 11-12 yaşlılardı. Aşağı yaş qruplarında fəaliyyətimizi davam etdiririk. “Sabahın ulduzları” və digər yarışlara qatılırıq. Hazırda klubda 40-50 uşaq çıxış edir”.

“Azəri” peşəkar liqalarda fəaliyyətini dayandırdıqdan sonra da yaşayan çox nadir klublardandı. Əli Ağamalıyev komandanın nə vaxtsa yenidən yüksək liqada çıxış edəcəyini arzulayır:

“Nə vaxtsa “Azəri” komandansının yenidən yüksək liqada çıxış etməsini arzulayıram. Bu komandanın çox gözəl adı da var. Burda çoxlu oyunçular yetişib. Ancaq təəssüf ki, heç bir dəstək görmədim”.

İlk 3 ölkə birinciliyinin iştirakçısının gələcəkdə yenə ölkə çempionatlarında çıxış etmək şansı var. Ancaq böyük pulların dövr etdiyi müasir zamanda bunun üçün yaxşı sponsor lazımdı ki, “Azəri” də bu cəhətdən bəxti gətirməyən klublardandı. İstənilən halda, klubun artıq 20 ildən artıqdı peşəkar liqalarda çıxış etməməsinə rəğmən, hələ də öz varlığını qoruyub-saxlaması gələcək üçün ümid verir.

Rəşad ERGÜN

Fikirlərini bizimlə bölüş!