✔️ Hafiz Zeynalovun eynəyindəki komanda
"Neftçi"nin tarixində indiki qədər dağıdıcı rəhbərlik olmayıb. Bu qədər uğursuzluğu belə ardıcıllıqla ipə düzmək… doğrudan xüsusi "istedad"dır.
Bu işlərin memarları haqqında yazmamaq olmur, amma tənqid xoşlarına gəlmir deyə gəlin biz də məsələyə “pozitiv” yanaşaq.
Məsələn, “Neftçi”nin kubokla da sağollaşmasını… sabitlik "nümunəsi" kimi qiymətləndirək. Azarkeşlərin də əsəbləri daha az sərf olunacaq – bu da müsbət tərəfi. Ona görə klub idarəçilərinə xüsusi “təşəkkür”: çap, çap, çap…
Müşahidə Şurasının sədri Hafiz Zeynalovun adı çəkiləndə kimlərinsə ürəyi sıxılır. Narahat olmasınlar, anlayıram. Amma yenə də soruşmaq istəyirəm: Zeynalov “Neftçi”ni hansı rakursdan müşahidə edir? Yaxud Cenk Sümerin, Zaur Əzizovun və Kamil Məmmədovun işi doğrudanmı onun eynəyindən yaxşı görünür?
Şuranın digər üzvləri nəyi gözləyirlər? Yeni baş məşqçi gələcək və hər şey düzələcək?
İdarəçilikdəki boşluqlar bu qədər aydın göründüyü halda, hansı məşqçi gəlib möcüzə yaradacaq?
"Neftçi"nin düşmənləri çöldə deyil, elə öz içlərindədir. Kimlərsə “Neftçi”nin şüarlarını eşitmək, uğurlar qazanmasını görmək istəmir…
✔️ “Neftçi”ni bölən xətlər
Bəli, “Neftçi" yeni baş məşqçi axtarışındadır. Azarkeşlərin beynində dolaşan sual isə dəyişmir: Bu dəfə necə olacaq?
Bizim suallar isə başqadır: Bu dəfə kimin namizədi önə çıxarılacaq? Komandaya daha çox hansı menecerin futbolçuları gətiriləcək? Bu dəfə kimin növbəsidir?
"Neftçi"də hazırda 2 menecer çalışır – Zaur Əzizov və Kamil Məmmədov. Klubda 2 menecerin olması problem deyil, problem onların klub daxilində 2 fərqli sistem yaratmasıdır. 2 komanda, 2 maraq qrupu, 2 transfer xətti… və nəticədə tam xaos.
Klubda baş məşqçi seçimi uğrunda savaş gedir. “Bu dəfə kimin növbəsidir?” sualı təsadüfi deyil. Bu klubda illərdir qərar mexanizmi belə işləyir. Hərənin “öz futbolçusu”, “öz dairəsi”, “öz planı” var. Vahid plan yoxdur. Elə buna görə də hər mövsüm eyni fəlakətin üzərinə yeni fəlakət əlavə olunur.
"Neftçi"nin gələcəyini düşünən, məsuliyyətini dərk edən yoxdur. Çünki burada klubun mənafeyi deyil, şəxsi ambisiyalar dövr edir. Belə mühitdə nə inkişaf olar, nə də nəticə.
İndi başa düşürsünüz, "Neftçi"nin əsas problemi nədir? Klubda hər iki tərəfin öz futbolçuları var. Bu tərəflər arasında Zaur və Kamil üzdə görünən fiqurlardır. Hədəflər ayrıdır. Hərənin öz dəstəsi, öz məqsədləri var.
“Neftçi”nin taleyini düşünən tək tərəf var — azarkeşlər. Qalanlarının marağı növbəti transfer pəncərəsidir.
Mirələm HƏSƏNLİ




Fikirlərini bizimlə bölüş!