Bir müddət əvvəl prezident üsul-idarəsinə geri dönən “Neftçi” bu qərarla hər kəsin üzünə təbəssüm qondurmağı bacardı. İndi artıq klubda söz sahibi Müşahidə Şurası yox, prezident Orxan Hüseynzadədi. Vitse-prezident səlahiyyətlərini isə Elnur Eyvazov icra edəcək. Azərbaycan futbol ictimaiyyəti bu adamları tanımır, onlar haqqında demək olar ki, heç nə bilmir. Bu da normaldı. Axı bu adamların dünənə kimi futbol sahəsində harda çalışdığını, nə işlər gördüyünü, hansı uğurlara imza atdığını kimsə bilmir.
Yaxınlarda “Neftçi”də iclas olub. Biz də o iclasdan öyrəndiklərimizlə, əldə etdiklərimizlə klub prezidentini, vitse-prezidenti, digərlərini sizə tanıtmağa çalışacağıq.
İclasda iştirak edənlər
Orxan Hüseynzadə – Prezident
Elnur Eyvazov – Vitse-prezident
Çingiz Abdullayev – Müşahidə Şurasının sədri
Səməd Qurbanov – Müşahidə Şurasının üzvü
Elxan Abdullayev – Baş məşqçi
İclası giriş sözü ilə Elnur Eyvazov açır:
– Hər kəsi salamlayıram. Bu gün bura toplaşmağımızın məqsədi odu ki, klubun…
– Çingiz Abdullayev yerdən: Mənim saxat 6-da tələbələrlə görüş var, zəxmət olmasa, tezləşdirək.
Vitse-prezident sədrə tərs-tərs baxıb, davam edir:
– Məqsədimiz odu ki…
Çingiz Abdullayev dözmür:
– Çox xahiş edir, mənə qısa danışmaq üçün söz.
Orxan Hüseynzadə dillənir:
– Buyurun, Çingiz məllim, böyüyümüzsüz, ağsaqqalımızsız, söz sizindi.
Çingiz Abdullayev təşəkkür mənasında başını yelləyir:
– Spasibo! Mən demək istəyirdi ki, saxat 6-da tələbələrlə görüş var, mümkün qədər qısa edək.
Heç kim heç nə demir, bir anlıq sükut yaranır. Sükutu Səməd Qurbanov pozur.
– İcazə versəydiz, mənim də demək istədiklərim var.
Elnur Eyvazov:
– Buyurun, Səməd məllim.
Səməd Qurbanov məmnunluqla başını tərpədəndən sonra:
– Mən demək istəyirəm ki, o gün komandamızın “Şalke” ilə oyununa baxdım. Oyun çox xoşuma gəldi. Bildiyiniz kimi, “Şalke” komandası Almaniyanın ən nəhəng klublarından biridir. Belə bir komanda ilə oyunda qələbə qazandığımız üçün sevincdən gözlərim yaşardı. İnanın Allaha, komandamız qol vuranda sevincdən yerimdən dik atıldım. Uçmağa qanadım yox idi. Mən inanıram ki, bizim “Neftçi” komandası “Şalke”ni məğlub etdiyi kimi ölkə çempionatında da heç bir rəqibinə aman verməyəcək. Bu münasibətlə baş məşqçimiz Elxan Abdullayevi təbrik etmək istəyirəm.
Qurbanov yanında əyləşmiş Elxan Abdullayevin üzünü marça-murçla öpür, prezidentlə vitse-prezidentin çaşqın baxışları altında isə Çingiz Abdullayev əl çalır. Sonra araya qısa sürən sükut çökür.
Sükutu əliylə üzünü ehmalca silən Elxan Abdullayev pozur:
– Ee… hmm… mmm. Səməd məllim…
– Səməd Qurbanov: Can Səməd məllim!
– Elxan Abdullayev: Ee… hmm… Xoş sözlərə görə, çox sağ olun. Amma Səməd məllim…
– Səməd Qurbanov: Can Səməd məllim!
– Elxan Abdullayev: Siz yəqin “Şalke” ilə yoxlama oyununu nəzərdə tutduz. Amma… Ancaq biz o oyunda qələbə qazanmadıq ki.
– Səməd Qurbanov: Necə yəni qələbə qazanmadız? Bəs onda “Sıbısı”nın göstərdiyi oyun nə idi?
– Orxan Hüseynzadə: Nəyin göstərdiyi, Səməd məllim?
– Səməd Qurbanov: Əşi, kanalı deyirəm də. Oyuna kanaldan baxdım axı.
– Elxan Abdullayev: Vallah, biz “Şalke”yə uduzmuşuq.
– Orxan Hüseynzadə: Bəli, bəli, Səməd məllim, “Şalke”yə odin nol uduzmuşuq.
Səməd Qurbanov pərt halda mızıldanır:
– Onda bəs mən hansı oyuna baxmışam? Axı baxmışdım, öz gözümlə görmüşdüm…
Çingiz Abdullayev saatına baxıb narazı tonda:
– Çox xahiş edir, qısa olsun. Mənim saxat 6-da görüş var.
Vitse-prezident narazı nəzərlərlə prezidentə baxır. Bu günlərdə hələ də “Neftçi” kimi klubun prezidenti olduğuna inanmaqda zorluq çəkən Orxan Hüseynzadə üzünə süni təbəssüm verib, üzünü Çingiz Abdullayevə çevirir:
– Çingiz məllim, sizin çox vacib görüşünüz varsa, buyurub gedə bilərsiz. Bizim klubumuzun növbəti mövsüm üçün strategiyası ilə bağlı müzakirələrimiz olacaq. Hansısa vacib qərarlar qəbul etsək, gecə sizə “vatsap”la yazaram.
“Vatsap” sözünü eşidən Səməd Qurbanov pıçıltı ilə Elxan Abdullayevdən soruşur:
– Nə dedi o?
– Elxan Abdullayev: “Vatsap”! Telefonlarda olur, yükləyib rahat danışırsan. Çox pul da aparmır.
Səməd Qurbanov telefonunu Elxan Abdullayevə uzadır:
– Sən Allah, ondan mənə də yüklə, görüm nə olan şeydir.
Baş məşqçi Qurbanovun telefonunu alıb, ona “vatsap” yükləməyin qaydasını izah edir. Bu arada isə Çingiz Abdullayev ayağa qalxır, getməyə hazırlaşır:
– Məni sayın üzrlü. Saxat 6-da tələbələrlə görüş var. Mən getməli, elə indi getməli.
Müşahidə Şurasının sədri prezidentin və vitse-prezidentin baxışları altında otağı tərk edir. Elxan Abdullayevlə Səməd Qurbanovun Çingiz müəllimin otaqdan çıxmasından xəbəri olmur, onların başı telefona qarışıb.
Çingiz Abdullayevdən sonra otaqda qalanların nəyi müzakirə edib-etdiyini bilmirik. Ancaq Çingiz müəllimin sürücüsünün dediyinə görə, o, Müşahidə Şurasının sədrini həmin gün saat 6-da tələbələrlə görüşə aparmayıb:
– Çingiz məllim otaqdan çıxıb sürətlə pilləkənləri aşağı düşdü. Maşına oturan kimi “sür respublikanksi stadiona. Əmrax Çəlikələ demişəm liqa çempionovda “Qarabağ”ın oyunu üçün mənə vip-lojadan yer ayırsın. Sür stadiona, gedək futbola baxax” dedi.
Kürşad




Fikirlərini bizimlə bölüş!