Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi”nin oynamaqla oyunu…

Bilirəm ki, Azərbaycanda insanlar çox möhkəm iradəyə malikdirlər. Bizim küt futbolumuzu stadionun tribunalarından seyr edənlər isə dünyanın ən sadiq azarkeşləridir. Min bir zillətə sinə gərən, hakim-klub birjası təsiri bağışlayan çempionatımızda boşuna boğazı yırtılan, qazamatlara düşən, başını dubinkanın altına tutan fanatlarımız yaxşı ki, yenə komandalarımızın oyunlarına gedirlər.

Azərbaycan Premyer Liqasının XIV turunda “xalqın komandası” damğası vurulan “Neftçi” daha bir möhtəşəm tamaşa sərgilədi. “Qarabağ”la matçdakı teatrın əsas aktyorları yenidən səhnələrə qayıdan “sarı kurtkalı adam” (müəllif hüquqları Emin Tarverdiyevə məxsusdur) və gənc Elşən Abdullayev idi.

Bir tur əvvəl Lənkəranda səhnə alan istedadlı futbolçu Elşən baxımlı qol vuraraq gündəmə oturmuşdu. Azərbaycan Premyer Liqasında belə qollara az rast gəlindiyi üçün bir həftə ərzində hamı bu futbolçudan danışırdı. Ancaq “sarı kurtkalı adam” (yəqin ki, hər kəs bunun Əsgər Abdullayev olduğunu anladı) ilk gedişini görüşün start heyətləri məlum olanda etdi. Elşən Abdullayev “Qarabağ”la matçın ilk 11-də yox idi. Bu bir yana qalsın, oyunun gedişində meydana çıxan Elşən sona bir dəqiqə qalmış yenidən əvəzlənməli oldu. Əsl tamaşa isə bundan sonra başladı.

Görüşün sonunda, karyerasını "Neftçi"də başlayıb, "Neftçi"də bitirən (bu sözləri özü deyib) Əsgər Abdullayev həmsoyadının başına açdığı oyunu belə şərh edib: "Elşən çox güvəndiyim futbolçudur. Onu əvəzləməyimin 2 səbəbi var. Birincisi, Abdullayevin qasıq nahiyəsində ağrılar olduğundan, daha da şiddətlənməsindən qorumaq lazım idi. Digər tərəfdən, biz vaxt udmalı idik. İrəlidə olduğumuz vaxt müdafiədə daha ucaboy oyunçuya ehtiyac olduğundan, Elşəni oyundan aldım və Məhəmmədi meydana buraxdım. Yəni, taktiki dəyişiklik etdik. Abdullayev mənim ən çox istədiyim oyunçulardandır, başqa heç bir problem ola bilməz".

Burada adama deyirlər: ə kimə gəlirsən? – 21 yaşlı futbolçu zədəli idisə, niyə onu meydana buraxırdın? Sənə müdafiədə ucaboy futbolçu lazım idisə, Qurbanov nə vaxtdan müdafiəçi olub? Vaxt udmalı idin, meydanda yorğunluqdan sürünən o qədər futbolçu vardı, niyə gözün yalnız Elşəni gördü? Abdullayevin özünü ifşasında digər açıqlamaya fikir verin: "Futbolçular tapşırıqları yerinə yetirdilər. Oyunun son dəqiqələrində top bizdə az oldu. Sona doğru müdafiəyə daha çox diqqət ayırdıq. Elşən Abdullayevin əvəzlənməsi ilə bağlı ona deyə bilərəm ki, gənc oyunçudu, istəklidi, topla davranmağı sevir. Elşən ümidləri doğrulda bilən futbolçudur. Mənim futbol karyeram "Neftçi"də başlayıb, "Neftçi"də sona çatıb. Bu komandanın mənə ehtiyacı varsa, burdayam". Bəyəm istəkli, topla oynamağı çox sevən futbolçunun, matçın sonlarına yaxın topsuz qalan “Neftçi”yə xeyri daha çox olardı, yoxsa ziyanı?

Abdullayevin müsahibəsində Elşənə bəy tərifi qoşmağıda əbəs deyil. Axı uzatma dəqiqələrində baş məşqçi Elşən Abdullayevi oyundan çıxararkən, etirazla üzləşib. Şoka düşən gənc futbolçu “sarı kurtkanı” qara ilə əvəz edən məşqçisini saymayaraq birbaşa paltardəyişmə otağına yollanıb. Burada yadıma Azərbaycan kinosunda işlədilən ən məşhur kəlamlardan biri yadıma düşdü: "Söbət sosiskadan getmir e, əsas odur ki vnimatelni olasan".

Əsgər Abdullayev gərək narahat olmasın, “Neftçi” rəhbərliyi onun əlahiddə işindən razıdır, ən azı bu mövsümün sonunadək “Neftçi”də nömrə bir o olacaq. Çingiz Abdullayev demişkən: “Bəlkə çempion olacaq? Ümumiyyətlə, fikir dəyişmək istəmirəm. Amma bu, xalq komandasıdır. Təbii ki, yeni baş məşqçi olmalıdır. Məqsədimiz komandaya əcnəbi baş məşqçi gətirməkdir. Amma digər tərəfdən, Əsgər müəllimin uğurları da göz qabağındadır. Gəlin, heç olmasa, ilin sonunadək gözləyək”.

Gözləyək deyirsiniz, gözləyək də…

Araz ƏHMƏDOV

Fikirlərini bizimlə bölüş!