Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi”nin vəsiyyətnaməsi

Bu gün-sabah 80 yaşım tamam olacaq. Bir insan, elə bir klub üçün də az müddət deyil, bilirəm. Hələ Azərbaycan kimi, klubların, elə insanların da milçək kimi qırıldığı ölkədə 80 yaşın Allahın lütfü olduğunu da anlayıram.

Pis-yaxşı illərim olub. Sovet dövründən qalma, üstünü toz və ləkə örtmüş “bürünc”üm, müstəqillik dövründə qazandığım çempionluqlarım, kuboklarım var. Gerbim altından minlərlə futbolçu, yüzlərlə məşqçi, onlarla prezident keçib. Amma indi…

İndi ölürəm, can verirəm, nəfəs ala bilmirəm, havam çatmır, boğuluram. Yox, yox, bu, 80 ilin gətirdiyi fiziki ağrılar, yorğunluq, zəhrimara qalmış yaşın yaşatdığı əzablar deyil. Məni boğan, sıxan, yıxan sizsiz. Sizsiz – Rövnəq Abdullayev, sizsiz – Çingiz Abdullayev, sizsiz – Elxan Abdullayev, sizsiz – Elxan Məmmədov, sizsiz – Elnur Məmmədov.

Gör nə günlərə qaldım ki, yaşı yaşımın yarısının yarısı etməyən “Qəbələ” məni ayağının altına salıb tapdaladı, ürəyimdə 8 dəfə ağrı hiss etdim.

Gör nə günlərə qalmışam ki, dünən “cikkk” eləyib ortaya çıxan, ağzından süd iyi gələn “Zirə” adlı bir komandaya gücüm çatmır.

Uduzuram, tapdalanıram, əyilirəm, sınıram. Hər dəfə, təkrar-təkrar, dönə-dönə…

Gör nə gündəyəm ki, turnir cədvəlinin dibindən – “kars”dan üst-üstə yığsan, tarixi tarixim qədər etməyən “Sumqayıt”a, “Kəpəz”ə, “Zirə”yə, “Qarabağ”a, “Qəbələ”yə, “İnter”ə həsrətlə baxıram.

Mənəmmi xalqın komandası? Hardadı o xalq? Niyə sahib çıxmır mənə? Bu cür xalq komandası olmaqdansa, xalqlar məzarlığında yatmağı seçərdim. Amma qoymurlar, imkan vermirlər öləm. Yapışıblar yaxamdan, sürünməlisən, ayaq altında əzilməlisən, alçalmalısan deyirlər. Bilirsizmi, indi “Xəzər Lənkəran”ın, “MTK-Araz”ın, “Karvan”ın, “Bakı”nın yanında – ölülər dünyasında olmağı necə istəyirəm? Qoymurlar, şərəfimlə, ləyaqətimlə ölməyə də qoymurlar.

Mən çox məğlubiyyətlər yaşamışam, çox gədələr, çox Gedelər görmüşəm. Amma heç birində bu qədər sınmamışam, ağrımamışam, alçalmamışam. Heç biri bu qədər uzun çəkməyib, heç birinin ağrısını bu cür iliklərimə qədər yaşamamışam. Heç birində özümü bu cür sahibsiz, kimsəsiz, zavallı, miskin hiss etməmişəm. Xalq komandası olmaq budusa…

Mən ölürəm! Yox, yox! Bu, bu gün-sabah tamam olacaq 80 yaşın “zibil”i deyil. Bu, zibil kimi idarəçiliyin, məni oyuncağa çevirənlərin “zibil”idi. Bu, formamı üstlərində daşıyıb, ürəklərində pul, qız, ev, maşın sevgisi – məndən başqa, bütün canlılara, cansızlara sevgi daşıyan futbolçuların “zibil”idi.

Mən ölürəm…

Bilirəm, bilirəm ki, üstümdə yaradılan oyuncaq Müşahidə Şurasının sədri Çingiz Abdullayev dedektiv yazardı, kitabları dünyanın müxtəlif dillərinə tərcümə olunub. Ona deyin, deyin ki, mən öləndən sonra haqqımda kitab yazsın. Yazsın və öz dedektiv qəhrəmanı ilə “qatillərim”i orda-burda axtarmasın, nala-mıxa vurmasın. Onlar burdadı – lap yaxında, mənim üzərimdə, yanımda, yaxınımda.

Mən ölürəm…

Fikirlərini bizimlə bölüş!