Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Neftçi”yə ilk ev məğlubiyyətini yaşadan klub

"İNŞAATÇI": SOVET AZƏRBAYCANININ SON QALİBİ

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsini davam etdiririk.

Müstəqilliyin ilk illərindən indiyə kimi bir çox klub tarixin yaddaşına köçüb. Azərbaycanın klub qəbiristanlığının o qədər çox sakini var ki, hətta ən diqqətli azarkeşlər belə, bu “mərhumlar”ın çoxunun adını çoxdan yaddan çıxarıb. Unudulmayanlar isə Azərbaycan futbolunda iz qoyanlardı. Bu klublar ya qazandığı titullarla, ya da avrokuboklarda iştirakla azarkeşlərin yaddaşında özlərinə yer ediblər. Bakı “İnşaatçı”sı da unudulmayanlar siyahısındadı. Hər dəfə ölkə kubokundan söz düşəndə, ilk xatırlanan komanda məhz “İnşaatçı” olur.

Bu yazıda sizə müstəqil Azərbaycanın ölkə kubokunun ilk qalibi Bakı “İnşaatçı”sından bəhs edəcəyik.

“İnşaatçılar”ın komandası

“İnşaatçı”nın yaranma tarixini 1986-cı il kimi qeyd etmək olar. Belə ki, məhz bu ilə qədər əvvəllər ayrı-ayrı fəaliyyət göstərmiş Ev Tikmə Kombinatlarının (ETK) komandaları birləşərək, Bakı birinciliyində çıxış etməyə başlayırlar. Komandanın yaradıcısı isə 3 saylı ETK-nın idman şöbəsinin rəisi Məmmədəli Məmmədov idi. O vaxt hələ ETK komandası adlanan klubun ilk çıxışı uğurlu alınır. Bakı birinciliyini qalib başa vuran komanda Azərbaycan çempionatının 2-ci divizionuna vəsiqə qazanır. 1987-ci ildə burda da qalib olan “inşaatçılar” güclülər dəstəsinə yüksəlir. 1988-ci ildə Azərbaycan çempionatının güclülər dəstəsində çıxış edən komanda məhz bundan sonra “İnşaatçı” adlanmağa başlayır.

Komandanın yaradıcısı, eyni zamanda baş məşqçisi olan Məmmədəli Məmmədov güləş üzrə idman ustasıdı. O, komandaya gəlişini belə xatırlayır:

“7 yaşımdan idmanla məşğul olmağa başlamışam. “Dinamo” cəmiyyətində yunan-roma güləşi üzrə məşqlərə gedirdim. Bundan başqa, 1 il “Spartak”da futbol da oynamışam. Ancaq sonradan futbolla güləş arasında seçim etməli oldum və güləşi seçdim. 1979-cu ildə yunan-roma güləşi üzrə SSRİ idman ustası adını aldım. Lakin əsgərlikdən qayıtdıqdan sonra güləşi atdım və 1983-cü ildən etibarən 2 sayl Ev Tikmə Kombinatında (ETK) idman işləriylə məşğul olmağa başladım. Bura ilk gələndə, mənə güləşlə məşğul olmağa şərait yaratmalarını xahiş etmişdim. Amma burda güləşə yox, futbola maraq göstərirdilər. ETK-nın futbol komandası var idi. Komandanın üzvləri yerli işçilərdən ibarət idi. Çoxu da yaşlıydı. Bu kombinatın komandası daim digər kombinatlarla oyunlar keçirirdilər. Mən də 2 saylı ETK-nın idman bölməsində cavabdeh şəxs kimi bizim kombinatın komandasının baş məşqçisi idim. 1, 2 və 3 saylı kombinatlar arasında gərgin oyunlar baş tuturdu. Kombinatın komandasını çalışdırdığım zaman bir müddət Bakı şəhər birinciliyində hakim kimi də çıxış etdim.

1987-ci ildə 2 saylı Ev Tikmə Kombinatından 3 saylı kombinata keçdim. Bundan bir il öncə artıq bu 3 kombinatın oyunçularından təşkil olunmuş komandayla Bakı birinciliyində çıxış etməyə başlamışdıq. Mən həm komandanın rəhbəri, həm də baş məşqçisi idim. Elə “İnşaatçı”nın yaranma tarixi kimi də 1986-cı ili göstərmək olar”.

Sovet Azərbaycanının son qalibi

Komanda yarandığı vaxtlarda özünə baza da tapmışdı. Belə ki, Ev Tikmə Kombinatının idman sarayı komandanın ixtiyarına verilmişdi. Komanda Bakı birinciliyində ev oyunlarını idman sarayının önündəki daş meydançada keçirirdi. Ancaq sonradan komanda FŞM stadionunda (hazırki Tennis Akademiyası) çıxış etməyə başlayır. Lakin Azərbaycan çempionatının 2-ci dəstəsinə vəsiqə qazandıqdan sonra komandaya bu stadionda oynamağa icazə verilmir. “İnşaatçılar” bundan sonra İdman Akademiyasının stadionuna üz tutur.

Komanda 2-ci dəstədə çıxış etməyə başladıqdan sonra heyətə daha çox peşəkar oyunçular cəlb edilir. Məmmədəli Məmmədovun sözlərinə görə, bu, tezliklə öz nəticəsini verib:

“2-ci dəstəyə vəsiqə qazandıqdan sonra Nəriman Ələkbərov, Yadigar Rəhimov kimi oyunçuları komandaya cəlb etdik. Onlar günün yarısını kombinatda işləyir, digər yarısında isə komandayla məşq edirdilər. Əvvəllər komanda yarımhəvəskar oyunçulardan təşkil olunsa da, 2-ci dəstədə artıq demək olar, tam peşəkar futbolçulardan qurulmuşdu. Komanda məhz həmin ildən “İnşaatçı” adlanmağa başladı. Həmin mövsümdə 2 dövrəlik çempionatı 1-ci pillədə başa vuraraq, Azərbaycanın güclülər dəstəsinə vəsiqə qazandıq. Güclülər dəstəsində ilk mövsümümüzdə 2-ci olduq. Çempion olmuş Sabirabad “İnşaatçı”sından cüzi xal fərqiylə geri qaldıq. 1990-cı ildə isə SSRİ-nin 1-ci, 2-ci dəstəsində çıxış edən komandalar Azərbaycan çempionatında oynamağa başladı. Buna görə, yalnız 6-cı ola bildik. Ancaq komanda ölkə kubokunda finala çıxdı və yalnız həlledici görüşdə “Qarabağ”a uduzduq. Sonrakı ildə isə 50-ci Azərbaycan kubokunu qazandıq. Həlledici oyunda “Nəvai”ni 3:2 hesabıyla məğlub etdik. Bu, həm də, sovet dövründə keçirilmiş son Azərbaycan kuboku idi”.

Kalininqradda, Bakeuda təlim-məşq toplanışı

“İnşaatçı” hələ Bakı birinciliyində çıxış etdiyi dövrlərdə komandaya hər cür şərait yaradılmışdı. Komanda hətta ölkə xaricinə təlim-məşq toplanışına da yollanmışdı. Məmmədəli bəyin sözlərinə görə, ilk xarici səfər Kalininqrada olub:

“1987-ci ildən Rusiyanın Kalininqrad şəhərində təlim-məşq toplanışına yollandıq. Məndən əvvəl kombinatda idman işləriylə məşğul olmuş Həbib müəllim bizə bu işdə çox kömək etdi. O, kombinatdan ayrılsa da, öz köməyini əsirgəmirdi. Onun Kalininqradda qohumu yaşayırdı. Bir dəfə dedi ki, istəsəz, komandanı ora apara bilərəm. Sağ olsun, kombinatın rəhbərliyi “hə” cavabı verdi və biz Kalininqrada yollandıq. 1993-cü ilə kimi hər il həmin şəhərə bir dəfə təlim-məşq toplanışına yollanırdıq. Həmin təlim-məşq toplanışları komandanın nəticələrində özünü göstərirdi. Bundan başqa, Bolqarıstan və Rumıniyaya da yollanmışdıq. Amma Bolqarıstana təlim-məşq toplanışına yox, gəzmək üçün getmişdik. Lakin orda da formamızı qorumaq üçün məşqlərə çıxırdıq. Rumıniyada isə Bakeu şəhərində 2 yoxlama görüşü də keçirmişdik. Aşağı liqa klublarıyla oyunların birində qalib gəlib, birində isə heç-heçə etmişdik. Öz nəticələrimizlə rəhbərliyin etimadını qazandığımızdan, təlim-məşq toplanışlarına yollanmaqda problem olmurdu”.

1992-ci ildə ilk Azərbaycan çempionatının iştirakçılarından biri də “İnşaatçı” idi. Məmmədovun sözlərinə görə, ilk ölkə çempionatında komandanın qarşısına hansısa hədəf qoyulmamışdı:

“Biz artıq 1992-ci ildə tam peşəkar klub idik. Elə həmin ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçdik, müstəqil Azərbaycanın ilk çempionatında çıxış etməyə başladıq. Bizə yardım edən kombinatın rəhbərliyi komandaya yaxşı şərait yaratmışdı. Ancaq qarşımıza konkret nə isə vəzifə qoymamışdıq. Bizə əsas köməkliyi Sənaye Üsulu ilə Ev Tikmə Birliyi edirdi. 1992-ci ildən etibarən birliyin sədri bizə daha yaxından kömək etməyə başladı. O vaxt gənclərə şərait yaradılırdı. Gənc komanda olsaq da, bizə inanırdılar”.

Ölkə kubokunun ilk qalibi

Bu inam özünü tezliklə doğrultdu. “İnşaatçı” heç kimin gözləmədiyi halda, ilk ölkə kubokunun qalibi oldu. Məmmədəli Məmmədovun yetirmələri kuboka 1/4 finaldan qoşuldu. Komanda bu mərhələdə ölkənin flaqmanı – “Neftçi”ni mübarizədən kənarlaşdırdı. Özü də, Respublika stadionunda – 2:1. Bu, ölkədaxili yarışlarda “Neftçi”nin doğma meydanda ilk məğlubiyyəti kimi tarixə düşdü (1992-ci il 21 avqust). Yarımfinalda – Sumqayıt “Xəzər”iylə oyun isə daha çətin oldu. Əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə nəticələnən oyunun penaltilər seriyasında 5:4 hesabıyla qalib gələn “inşaatçılar” həlledici görüşə vəsiqə qazandılar. Finalda isə Bakı klubunu Mingəçevirin “Kür” komandası gözləyirdi. Respublika stadionunda keçirilən oyun gərgin mübarizə şəraitində keçir. İlk ölkə kubokunun qalibinin adına əlavə vaxtda aydınlıq gəlir. “İnşaatçı” İlham Əliyevin 101-ci dəqiqədə vurduğu qolla 2:1 hesabıyla qalib gələrək, müstəqilik tarixinin ilk kubokuna sahib çıxır. Maraqlıdı ki, “İnşaatçı” sovet Azərbaycanının son kubokunun da sahibi olmuşdu. Komanda çempionatı isə 6-cı pillədə başa vurur. “İnşaatçı” ölkə kubokunun qalibi kimi ilk ölkə superkubokunun (“Səhər” kuboku) da iştirakçısı olur. Sumqayıtdakı Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirilən oyunda son ölkə çempionu “Neftçi” və ölkə kubokunun qalibi “İnşaatçı” üz-üzə gəlir. “İnşaatçılar” flaqmanla oyundan bu dəfə məğlub ayrılır – 1:4.

“Komanda zəif nəticə göstərəndə daş meydançada məşq edirdik”

Ağ-göy rəngli formalarda çıxış edən komanda elitada ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirirdi. Sonradan bu arenanı yenidən İdman Akademiyasının stadionuna dəyişən “inşaatçılar”, dağılana kimi ev oyunlarını burda keçirir. Məmmədəli Məmmədovun sözlərinə görə, komandanın Respublika stadionunda çıxış etməsində “Neftçi”nin sabiq prezidenti Aydın İbrahimovun böyük rolu olub:

“Azərbaycan çempionatının oyunlarını bir müddət Tofiq Bəhramov adına Respublika stadionunda keçirdik. Bu stadionda oynamağımıza “Neftçi”nin ovaxtkı prezidenti Aydın İbrahimov bizə çox kömək etmişdi. Mövsümyarım bu stadionda çıxış etdik. Daha sonra yenidən İdman Akademiyasının stadionuna qayıtdıq. Ancaq bu stadionda oynamağımıza görə haqq ödəmirdik. Yalnız stadionun kiçik xərclərini qarşılayırdıq.

Məşqlərimizi isə ya İdman Akademiyasının stadionunda, ya da ki, Dərnəgüldəki daş meydançada keçirdik. Bu, komandanın nəticəsindən asılı olurdu. Komanda zəif nəticə göstərəndə daş meydançada məşq edirdik. Ta ki, komanda öz oyununu tapana kimi”.

Qarabağ müharibəsi başladı, planlar alt-üst oldu

Məmmədovun sözlərinə görə, Ev Tikinti Kombinatının rəhbərliyi gələcəkdə bu daş meydançanın yerində stadion tikməyi planlaşdırırmış. Həmin vaxt hətta tribunalar da quraşdırılmağa başlanıbmış:

“Həmin meydançadan gələcəkdə stadion kimi istifadə etmək istəyirdik. Artıq tribunalar quraşdırılmağa başlanmışdı. Tribunalar quraşdırılandan sonra isə meydançada ot örtüyü salınmalıydı. Amma Qarabağ münaqişəsi başlayandan sonra həmin meydançanın yerində məcburi köçkünlər məskunlaşdılar. Bu məsələlər olmasaydı, kombinat orda normal stadion tikəcəkdi”.

“İnşaatçı”nı yalnız “Neftçi”yə dəyişərəm”

“İnşaatçı”nın ilk ölkə kubokuna yiyələnən heyətində Şahin Cəfərov da var idi. Cəfərov komandanın uğurunun sirrini oyunçuların öz öhdəsinə düşən vəzifələri tam yerinə yetirməsində və komanda ruhunda görür:

“1988-ci ildən “İnşaatçı”da çıxış etməyə başladım. Bu komandada oynayan uşaqların çoxunu tanıyırdım. Mənə təklif etdilər ki, gəl, bizdə oyna. Məmmədəli müəllimlə danışdım və komandada çıxış etməyə başladım. Komandada oynadığım zaman qapı və hücumdan başqa, bütün mövqelərdə çıxış etmişəm. Hətta elə olurdu ki, bir oyunda üç mövqe dəyişirdim. Komandanın qələbəsi üçün bütün mövqelərdə oynamağa razı idik.

“İnşaatçı”nın əsas gücü birliyində idi. Həm də, Məmmədəli müəllim komandanı oyunlara yaxşı kökləyə bilirdi. Bundan əlavə, neçə il komandada oynadım, kiminsə top itirəndə hansısa oyunçunun “niyə topu itirdin?” dediyini eşitmədim. O itirdisə, bu gedib almalı idi. Biz komanda oyunu nümayiş etdirirdik. Hərə öz üzərinə düşən işi tam yerinə yetirirdi”.

Karyerasını çox tez bitirməli olan Cəfərov, bir neçə dəfə fürsət olsa da, karyerasının sonuna kimi “İnşaatçı”da çıxış edib:

“Futbol oynamağa 5-ci sinifdən, Uşaq Gənclər İdman Məktəbində (UGİM) başlamışam. 1980-ci ildə “Spartak”la yoxlama oyunundan sonra məni “Neftçi”yə baxışa çağırdılar. Həmin vaxt “Neftçi”ni Əhməd Ələsgərov çalışdırırdı. Bəzi səbəblərdən bu komandada çıxışım alınmadı. Yenidən UGİM-ə qayıtdım. Daha sonra əsgərliyə yollandım. Kalininqradda əsgərlikdə olduğum zaman da futbolu atmadım. Qayıtdıqdan sonra “Vışka”də çıxış etməyə başladım. Daha sonra “Metallist”də çıxış etdim. Burdan da “İnşaatçı”ya keçdim. Karyeramın sonuna kimi də bu klubda çıxış etdim.

1989-cu ildə Kalininqraddan gəldikdən sonra “Neftçi” ilə yoxlama görüşündə üz-üzə gəldik. Həmin vaxt “Neftçi”nin baş məşqçisi Ruslan Abdullayev bizi baxışa dəvət etdi. Mən, Zöhrab Qədiyev və Aydın Ələkbərov baxışa getdik. Mingəçevirdə baxışdan keçdikdən sonra Bakıya gəldik. Burda ikitərəfli oyundan sonra Zöhrab komandada qaldı. Bizə isə üç aylıq Gəncəyə getməyi təklif etdilər. Bundan sonra “Neftçi”yə çağıracaqlarını dedilər. Aydın getdi. Onu sonradan doğrudan da, “Neftçi”yə götürdülər. Mən isə Gəncəyə getməkdənsə, “İnşaatçı”ya qayıtmağı üstün tutdum. Onda da demişdim, “İnşaatçı”nı yalnız “Neftçi”yə dəyişərəm. Bu qərarıma görə peşman deyiləm. Yaxşı komandamız var idi. Heyf ki, bu komanda dağıldı”.

AZAL-ın vitse-prezidenti də “İnşaatçı”nın çörəyini yeyib

Komandanın çalışdırıcısı olmuş Məmmədəli Məmmədov isə “İnşaatçı”nın uğurunun əsas səbəbini burda top qovan futbolçuların futbol istedadıyla yanaşı, insani keyfiyyətlərinin də yüksək olmasıyla əlaqələndirir:

“Bizim komandanın bir xüsusiyyəti var idi ki, rəhbər vəzifədə çalışanlar hamısı bizdə oynamış oyunçular idi. “İnşaatçı”da oynayıb karyerasını bitirən futbolçular bizdə qalaraq, rəhbər vəzifədə olurdular.

Komandada oynayan futbolçular həm insani keyfiyyətlərinə, həm də istedadına görə seçilirdi. Mən onlardan yaxşı komanda yaratmağı bacardım. Bizim komandada hazırda AZAL-da vitse-prezident olan Fikrət Hüseynov, hakim İlham Əliyev, Faiq Əzizov kimi futbolçular çıxış edirdi. Vurğun Quliyev, Abuzər İbrahimov, Samir Məmmədov kimi gənclər onların yanında öyrənirdilər. Bu komandanın böyük potensialı var idi”.

Futbol qəbiristanlığının növbəti sakini

Komandanın böyük potensialı var idi, ancaq… Ölkədə zavodların, kombinatların bağlanması, sosial-iqtisadi vəziyyətin pisləşməsi klublara da təsirsiz ötüşməmişdi. Hər il bir neçə klub tarixin yaddaşına köçürdü. SSRİ dövründə zavodların, kombinatların balansında olan və burdan gələn maliyyə ilə yaşayan komandalar bu zavodların bağlanmağa başlamasıyla əsas maliyyə dayağından məhrum olmuşdu. Bazar iqtisadiyyatı şəraitində ayrı-ayrı sahibkarlar heç bir gəlir gətirməyən futbol sahəsindən uzaq gəzirdilər. Belədə, klublar sürətlə Azərbaycanın futbol qəbiristanlığının sakininə çevrilirdilər. “İnşaatçı” da öz əcəlinə doğru irəliləməkdə idi. Komandaya maliyyə yardımı edən Ev Tikmə Kombinatı “İnşaatçı”ya yardımı dayandırmasa da, büdcəni bir xeyli azaltmışdı. Bu şəraitdə komandanın yeganə çıxış yolu avrokuboklara vəsiqə idi. Belə ki, avrokuboklara vəsiqə qazanacağı təqdirdə, klub burda iştiraka görə veriləcək məbləğ hesabına bir müddət çıxışını davam etdirə bilərdi. Məmmədəli Məmmədov da elitadakı son mövsümlərində məhz buna kökləndiklərini deyir:

“Bəlkə də, 1992-ci ildə ölkə kubokunun qalibi kimi avrokuboklarda çıxış etsəydik, komanda dağılmazdı. Komandanın dağılmasının əsas səbəblərindən biri bütün ölkədə yaranmış sosial iqtisadi vəziyyətin pisləşməsi idi. Amma bizə yenə də köməklik olurdu. 1994/95 mövsümündə əsasən, ölkə kubokuna köklənmişdik. Burda qalib gəlməklə, avrokuboklara vəsiqə qazana bilərdik. Bəlkə də, ordan gələcək gəlirlə komandanı yaşatmaq mümkün olardı”.

“Komandanın adını dəyişin, köməklik edək”

Ancaq bu, Məmmədovun yetirmələrinə müyəssər olmur. Ölkə çempionatının 1994/95 mövsümünü 13 komanda arasında 11-ci pillədə başa vuran “İnşaatçı”, kubokda 1/4 finala qədər irəliləsə də, burda həmin vaxt çox güclü heyətə malik olan “Neftçi”yə məğlub olaraq (0:3, 1:5) mübarizəni dayandırır. Bununla da, komandanın fəaliyyətini başa vuran digər klubların cərgəsinə qoşulmasına böyük ölçüdə aydınlıq gəldi. Lakin “İnşaatçı”nın yaşamaq şansı da var idi. Bir şərtlə ki…

Məmmədəli bəyin sözlərinə görə, son mövsümdə komandaya bir neçə dəfə köməklik təklifi edilsə də, onların klubun qarşısına qoyduğu şərt anlaşmaya mane olub:

“Biz güclülər dəstəsindəki son ilimizdə yüksək liqanı tərk etməmişdik. Həmin vaxt bizə kömək olsa da, çox az idi. Mən oyunçulara əziyyət vermək istəmirdim. Buna görə, bütün oyunçulara azad agent statusu verdim. Ancaq bundan öncə kluba bir neçə yardım təklifi olmuşdu. Binəqədi rayonunun icra hakimiylə görüşdə, o mənə təklif etdi ki, “komandanın adını dəyişin, köməklik edək”. Mən bu təkliflə razılaşmadım. Ev Tikmə Kombinatı Binəqədi rayon icra hakimiyyətinin nəzdindəydi. Niyə komandanın adını dəyişib, “Binəqədi” qoymalıyıq? Fikirləşdim ki, komanda “İnşaatçı” kimi doğulubsa, “İnşaatçı” kimi də öləcək. Axı niyə başqa ad altında dağılsın? “Titanik” öz adıyla batıb, başqa ad altında yox ki? Həm də, mən bu təklifdə perspektiv də görməmişdim. Düzü, sonradan məni səhv addım atmaqda günahlandırdılar. Elə kombinatın birliyinin sədri mənə deyirdi ki, “gərək razılaşardın”. Amma məncə, düz addım atmışdım.

Bizim komandanın rəisi var idi – Bayram Bayramov. Onun qohumu yeni komanda yaradırdı. Mənə təklif etdilər ki, bu komandanı “İnşaatçı”nın bazası əsasında yaratsınlar. Ancaq mən bununla da razılaşmadım. Onlar da komandanın adını dəyişdirmək və “Fərid” adlandırmaq istəyirdilər. Təklif etdim ki, komandanın adı dəyişsə də, “İnşaatçı” adı saxlanılsın. Məsələn, “İnşaatçı-Fərid” kimi. Amma onlar da bu təkliflə razılaşmadılar. “Fərid”i yaratdılar və bu komanda sonradan güclülər dəstəsində çıxış etdi”.

“O avtobusu görəndə, ürəyim ağrıyırdı”

“İnşaatçı” çox qısa müddətdə fəaliyyət göstərsə də, bu komandanın artıq müəyyən sayda azarkeşləri də formalaşmışdı. Məmmədəli Məmmədovun sözlərinə görə, komandanın bəzi oyunlarında azarkeşlər hətta ayaq üstə qalırdılar:

“Oyunlarımıza o qədər də az azarkeş gəlmirdi. Elə təkcə “Kür”ə qarşı kubokun finalında minlərlə azarkeş gəlmişdi. Bu, bizim üçün də gözlənilməz olmuşdu. İdman Akademiyasının stadionundakı oyunlarımıza 500-1000 aralığında azarkeş gəlirdi. Bəzi oyunlarda hətta azarkeşlər oturmağa yer tapmır, oyunu ayaq üstə izləyirdilər”.

“İnşaatçı” Azərbaycan kubokunun ilk qalibi kimi yadda qalsa da, bu komandanın başqa uğurları da olub. Komanda 6 dəfə “Molodyoj Azerbaydjana” qəzetinin təşkil etdiyi turnirin qalibi olub. Bu turnir sonradan qəzetin əməkdaşı, Qarabağda şəhid olmuş Salatın Əsgərovanın adını daşıdı. Elə turnirin son qalibi də “İnşaatçı” oldu.

İlk ölkə kubokunun qalibi milli komandada da təmsil olunub. Millimizin Gürcüstana qarşı keçirdiyi ilk oyunda (3:6) “İnşaatçı”nın da bir üzvü (Aydın Ələkbərov) heyətdə olub.

Klub dağıldıqdan sonra da, komandanın adı bir müddət yaşayıb. Ancaq stadionlarda yox, avtomobil dayanacaqlarında. Söhbət kluba məxsus avtobusdan gedir. Komandanın yaradıcısı Məmmədəli bəy sonradan marşrut kimi fəaliyyət göstərmiş avtobusu hər dəfə görəndə ürək ağrısı keçirdiyini deyir:

“Kombinat bizi həmin dövrdə Bakıya yeni gətirilmiş “Laz” avtobusuyla da təmin etmişdi. Bütün oyunlara bu avtobusla gedirdik. Avtobusun üzərinə “İnşaatçı” yazılmışdı. Komanda dağıldıqdan sonra bu avtobusu qaraja verdilər. “İnşaatçı” təzə dağılanda bu avtobusu tez-tez görürdüm. Marşrut kimi istifadə edilirdi. Elə olurdu ki, işə gəlib-gedəndə, bu avtobusu görürdüm. Açığını deyim, hər dəfə o avtobusu görəndə, ürəyim ağrıyırdı. Təxminən 1998-ci ilə kimi bu avtobusu gördüm”.

Cəmi 4 mövsüm Azərbaycan çempionatı və kubokunda çıxış edən “İnşaatçı”, bu qısa müddətdə adını ölkə futbol tarixinə əbədi qazımağı bacardı. Artıq 21 ildi “İnşaatçı” yoxdu. Buna baxmayaraq, ilk ölkə kubokunun qalibi kimi bu komandanın adı həmişə yaşayacaq.

Fikirlərini bizimlə bölüş!