Kiyev "Dinamo"sunun veteran futbolçusu Viktor Serebryanikov "Neftçi"nin 1966-ci ildə SSRİ çempionatında qazandığı bürünc medala kölgə salan açıqlama verib. Qocanın efirdə çıxışı zamanı Anatoliy Banişevski və Eduard Markarovun verdiyi 80 min rubl qarşılığında, bakılılara qəsdən uduzduqlarını etiraf etməsi gündəmin əsas mövzusuna çevirilib.
"Neftçi"nin mətbuat xidmətində çalışsaydım, düz 1 (bir) səhifəlik yazı hazırlayar, məhz bakılıların SSRİ çempionatında və kubokunda hamıdan artıq dərəcədə haqsızlıqlara məruz qaldığını, sıxışdırıldığını və sövdələşmələrə qurban getdiyini faktlarla sübut edərdim!
Nə baş verirdi? Rusiya klubları "Spartak"ın, Ukrayna klubları Kiyev "Dinamo"sunun çempionluğu üçün hər cür əclaflığa gedirdi. Arada qalan isə "Neftçi" kimi yazıq-yuzuq komandalar olurdu.
Və yalnız bir fakt deyirəm ki, təkəm-seyrək uğurlarımıza qara yaxanlar dayansınlar, düşünsünlər: 1967-71 aralığında "Neftçi" dörd dəfə ölkə kubokunun yarımfinalında dayanıb və bunlardan birində elə uduzdurulub ki, SSRİ futbolunun sütunları laxlayıb!
Vaxt olanda SSRİ dövründə yazdığım gündəliklərə baxıram. Təbii ki, uşaq yaddaşı yalana köklənməz. Çox tez-tez hakimlərin ünvanına "maraqlı" ifadələr var. Bunlar şəxsən gördüklərimin və radioda qulaq asdığım reportajların təəssüratıdı.
Bu gün "Neftçi"nin uğurlarına rusların, ukraynalıların züyü ilə şəbədə qoşuruqsa, sabah da Banişevskidən və Tuayevdən, Ələsgərovdan və Məmmədovdan, Cavadovdan və Ponomaryovdan imtina edəcəyik. Çox təəssüf…
Mahir RÜSTƏMLİ




Fikirlərini bizimlə bölüş!