Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Niyə də yox?!” pərdəsi altında

“Niyə də yox?!” – artıq şüar, deviz deyil. İndi hamı üçün məsxərə vasitəsi, tikanlı atmacadı.

Gözəl şüar idi, əla seçilmişdi. İdeya müəllifi olduğu deyilən, AFFA İcraiyyə Komitəsinin üzvü, xarici işlər naziri Elmar Məmmədyarov bəlkə heç öz sahəsində də belə kreativ “əsər” yaratmayıb. İnanmaq, arxasına düşmək, hədəfə yürümək, ətrafında birləşmək üçün super ideya idi. İdi…

Amma uğur qazanmaq, həqiqi iş görmək, məqsədə çatmaq şüar seçmək qədər asan deyil. Bu məsələlərdə zəhmət çəkmək, mübariz olmaq daha vacibdi. Xəyalı reallığa çevirmək üçün niyyət təmiz, potensial böyük, iradə möhkəm olmalıdı.

Millimiz dünya çempionatının cari seçmə mərhələsinə başlayanda hamı komanda ətrafında birləşdi. Hətta reallığı unudub millimizdən möcüzə gözləməyə başladıq. Çətin idi, mümkünsüz deyildi.

ilk gündən milli komanda naminə biz də “Niyə də yox?!” dedik. Düzdü, bu işə qol qoyanların axıracan mübarizəyə dözəcəyinə əmin deyildik, şəxsi mənfəətlərindən əl çəkməyəcəklərini, bu şüardan hakimiyyət müddətlərini uzatmaq üçün istifadə edəcəklərini bilirdik. Amma daha çox futbolçularımıza güvəndik, şəxsi maraqları kənara qoyub, xəyallar qurduq.

İlk 3 tur fantastik keçdi. Qazanılan 7 xal, üstəlik, millimizin top buraxmaması “Niyə də yox?!” deyənləri bir az da ruhlandırmışdı. Amma ardıcıl 3 məğlubiyyətdən sonra anladıq ki, bu şüar süni nəfəslə doldurulmuş kövrək şardan başqa bir şey deyil. Dünya çempionatının final mərhələsinin hətta pley-offuna ümid etmək üçün həddindən artıq qüsurluyuq.

Daha 3 tur arxada qalıb və yenə 7 xalımız var. Bəlkə bu nəticə San Marinoyla ev oyununa kimi də dəyişməz qalacaq. Potensialımız daha yaxşısına ümid vermir. Hamı eyforiyadan ayılıb, gözləri alışıb-yanan futbolçular da təslim olub, qaçmaq üçün yer axtaran baş məşqçi Robert Prosineçki də.

İndi AFFA-nın baş katibi Elxan Məmmədov deyir ki, bu şüar Avro-2020 üçün düşünülüb, sadəcə, bu tsikldə də cəhd etmək istədik. Deməli, AFFA rəhbərliyi səhvləri etiraf etmək, bərbad günə qoyduqları futbol təsərrüfatından əl çəkmək əvəzinə, daha 2 il istəyirlər. Əslində, elə indikiləri postlarında saxlayan da Avro-2020 layihəsidi. Ondan sonra AFFA rəhbərliyinə gələcək insanlar çoxdan bəllidi, zamanlarını gözləyirlər. Ola bilsin, Şimali İrlandiya məğlubiyyəti bu prosesi sürətləndirsin, daha erkən etsin.

Elxan Məmmədovu və havadarlarını hələ də hakimiyyətdə saxlayan elə Avro-2020 layihəsidi. Baş katib hər dəfə bunu böyük uğur kimi qələmə vermək istəsə də, bunda ciddi rolu olmadığını deməyə cəsarət etmir. Çünki UEFA bir qupun və ¼ final oyununu heç də onların qara qaşına aşiq olduğu üçün Azərbaycana verməyib, bu işə dövlətin milyonları gedib. Müxtəlif reklam kampaniyaları, sponsorluq müqaviləsi əbəs deyil.

“Niyə də yox?!” fiaskoya uğrayandan sonra bəlli olur ki, AFFA ötən 10 il ərzində əslində, heç bir iş görməyib. Nə milli komandanın nəticələri, nə futbol təsərrüfatının dirçəlməsi baxımından heç bir addım atılmayıb. Qismən, infrastruktur yaxşılaşıb ki, bu da yenə dövlətin qayğısının nəticəsidi. Tikilən bütün stadionlar, bazalar SOCAR-ın/dövlətin maliyyəsi ilə ərsəyə gəlib. AFFA-dakılar isə hətta Fuad Musayevin dönəmində UEFA pulları hesabına ölkəyə qazandırılan “Şəfa” stadionunu da dəyər-dəyməzinə satıblar. Elitada oynayan klubların sayı 8-dək endirilib, iş adamları küsdürülüb.
AFFA-nın indiki rəhbərliyinin vaxtında yeganə, həm də indikiləri hakimiyyətdə saxlayan uğur klublarımızın avrokuboklardakı nəticələridi. O isə Elxan Məmmədovun əməyinin nəticəsi deyil, Heydərovların və Gözəl ailəsinin zəhmətinin bəhrəsidi.

Baş katib indi də klubları monopoliyası altına almaq planını işə salıb. O, ölkənin bir nömrəli klubu “Neftçi”ni Müşahidə Şurası oyunu ilə məhv edib, bu ideyaya boyun əyməyən klubları tarix səhnəsindən silib, sözə baxanları isə biznes alətinə çevirib. Yalnız “Qarabağ”la “Qəbələ” müstəqilliyini qoruyur. Amma onların qamarlanmaması da avrokuboklardakı uğurları ilə bağlıdı. Hansının ayağı büdrəsə, yıxılana balta çalmağı sevən Məmmədov həmin dəqiqə onların da boğazına çökəcək.

Milli komandanın son oyununda klubların necə məhv edildiyinə bir daha şahid olduq. Şimali İrlandiyaya qarşı matçın start heyətində ölkə klublarından yalnız “Qarabağ”la “Qəbələ”nin üzvləri var idi. Bəs hanı daim millinin baza klubu rolunu oynayan “Neftçi”, daim yığmaya oyunçu göndərən “İnter”, milli komandaların bazası olması məqsədi ilə yaradılmış “Sumqayıt”, daim futbolçu bulağı kimi tanınan “Kəpəz”in yetirmələri?

“Niyə də yox?!” deyirik, amma nəyə? Çökdürülmüş klub futbolu, məhv edilmiş uşaq-gənclər futbolu ilə milli komanda necə uğur qazana bilər. Təcrübəlilər yaş bitənə, milliləşənlər pul qurtarana kimi olacaq. Bəs sonrası?

Bunların bəhanəsi də var. Milliləşənlərin bolluğuna bəraət qazandırmaq üçün tez-tez azərbaycanlıdan futbolçu çıxmadığını dilə gətirirlər. Düzdü, rəsmi şəkildə bunu deyən yoxdu, özlərini “yandırmırlar”, amma yaxın çevrədə bu barədə söhbət edir, ictimaiyyət arasında yayılmasını təmin edirlər. Azərbaycana, onun dilinə hörmət etməmələri bir yana, insanını da aşağılamaq istəyirlər. Amma, lakin…

Ramil Şeydayevə baxaq. İstedadlıdı, əsl futbolçu keyfiyyətləri var, potensialı böyükdü və azərbaycanlıdı. Emin Mahmudov onun kimi. Rusiya millisinə qədər yüksələn, Rusiya klublarında transfer rekordları qıran Aleksandr Səmədovu da unutmayaq. Bəs, bu uşaqlar azərbaycanlı deyilmi? Fərq ondadı ki, onların yetişdiyi mühit fərqlidi. Mentaliteti bəhanə etməyək, Azərbaycanda onlardan da istedadlı uşaqlar var. Sadəcə, burada onların yetişməsi, inkişafı üçün münbit şərait yoxdu. Futbol təhsili sistemi bərbad vəziyyətdədi, hər yoldan keşən uşaq məşqçisi olur, tərcüməçi müəllim olub, lisenziya paylayır. Yaxşı məşqçinin əlinə düşən uşaqlar da millidə oynamaq səviyyəsinə çatanda hansısa dağıstanlı, türkiyəli və başqasını gətirib oynadırlar, beləcə uşaqların inkişafı dayanır.

Ölkədə normal akademiyalar yoxdu. Klublarımızda bu baxımdan iş görmək istəyənlər var, amma heç biri standartlara uyğun deyil. Belədə balacalar nəinki inkişaf etmir, əksinə, şikəst olurlar – həm təhsildən uzaq düşür, həm də futbolçu kimi yetişmirlər.

Sovet futbol sisteminin yetişdirdiyi veteranlar sıradan çıxdıqca oyunçu qıtlığını daha çox hiss edirik. Elementar hərəkətləri bilməyən futbolçularımıza indi yığmada, klubda uşaq vaxtı öyrənməli olduqlarını başa salmağa çalışırlar. Problem bünövrədədi və “Niyə də yox?!” deyib, pərdələnənlər əsas amili unudub, milli ilə nəticə qazanmağa çalışır. Milliləşənlərin, xaricdən tapılanların hesabına…

Vəli Qasımov İspaniyada oynadısa, buna görə Xarkov məktəbinə borclu olmalıdı. O, məhz Ukraynada yetişdi, Avropaya getdi, ən uğurlu legionerimiz oldu. Ölkədə futbolun qadağan edildiyi dönəmdə isə sovet məktəbinin yetişdirdiyi onlarla futbolçumuz İranın, Ukraynanın, Rusiyanın yüksək liqasına səpələndi. Onlar Vəli qədər uzağa gedə bilmədilər, çünki Azərbaycanda yetişmişdilər. İbdiki sistemdə, baxımsızlıq şəraitində yetişənlər isə hətta Xorvatiyanın aşağı dəstəsində də möhkəmlənə bilmir, sequndada baxışdan keçmir, Türkiyədə aşağı liqa həddində ilişib qalır.

AFFA rəhbərliyi işə məhz uşaq futbolundan başlamalı idi. Onları heç kim tələsdirmirdi. Bünövrə sağlam olsaydı, indi klublarımız yerli oyunçu qıtlığı yaşamaz, millilərdə ciddi rəqabət olardı. Bu zaman uğurlar, nəticələr də özünü gözlətməzdi. Bu gün “Niyə də yox?!” deyib, gözdən pərdə asanlar, fikir yayındıranlar normal işləsə, sistem yaratsaydı, uzun illərdən sonra stadiona gəlmiş ölkə başçısı İlham Əliyev rəzalətə şahid olmazdı. 17 yaşlıların Bakıdakı yarışında Portuqaliya qarşısında darmadağın olan o uşaqlar indi rəhbərlikdə olanların saldığı bağın meyvələri idi.

Milli komandamızın Şimali İrlandiya ilə matçdakı heyətinə nəzər salanda bir sıra məqamlara aydınlıq gəlir. “Qarabağ”ın 6, “Qəbələ”nin 1 üzvü start heyətində idisə, Kamran Ağayevin simasında klubsuz futbolçu da var idi. Daha 4 futbolçunun isə Azərbaycan futboluna dəxli yoxdu – Pavel Paşayev Ukraynada, Riçard Almeyda Braziliyada, Dmitri Nazarov Qazaxıstanda/Almaniyada, Ramil Şeydayev Rusiyada top oyununun sirrlərini öyrənib.

Ümumiyyətlə, əksəriyyətin aid olduğu “lipa” yaşları nəzərə almasaq, millimizin start heyətinin ümumi yaş həddi 308 idi. Bu isə orta hesabla 28 (!!!) deməkdi. Rəqəm faciəvidi. Bəs, bu ölkənin gəncləri, İslam oyunlarının qalibi olmuş istedadları hanı? 10 illik dövlət proqramının, gəncləşdirmə siyasətinin nəticəsi budurmu?

Hələ Azərbaycan futbolunun yetirməsi olmayan Nazarov, Almeyda, Paşayev və Şeydayevi çıxanda orta yaş həddi 29-a (!!!) çatır. Kabus, dəhşət…

Komandanın bu qədər qoca olmasının səbəbi nədir? Robert Prosineçki əminliklə hazır futbolçulara, fəlsəfəsinə uyğun gələnlərə şans verdiyini dilə gətirəcək. Haqlıdı, ona əsl futbolçular lazımdı, tələblərinə cavab verənlər isə yalnız yaşlılardı. Çünki son illərdə Azərbaycanda düz-əməlli futbolu yetişməyib.

Gəlin, dəqiqləşdirək. AFFA-nın baş katib Elxan Məmmədov düz 10 ildi bu postda çalışır, Rövnəq Abdullayev də 1 il sonra prezident seçilib. Yeni dönəmin Məmmədovun gəlişiylə başladığını, futbol təsərrüfatındakı bütün islahatları da onun həyata keçirdiyini nəzərə alsaq, deməli, həmin illərdə karyerasına başlayan yeniyetmələr artıq milli komandanın şərəfini qorumalıydı. Deyək ki, 2007-08-ci illərdə 9-10 yaşı olan uşaqlar artıq bu gün millinin qapısını döyməli, heyətə oturmalı idi.

Lakin yoxdu. Deməli, futbol təsərrüfatında iş düzgün qurulmayıb, illər boşa verilib, yüzmilyonlar havaya sovrulub. Millinin qapısını bu gün AFFA rəhbərliyi dəyişən zaman 21 yaşı olmuş Kamran Ağayev qoruyursa, kapitan həmin vaxt 25-ci ildönümünü qeyd etmiş Rəşad Sadıqovdusa, başqalarını sadalamağa nə hacət?

Elxan Məmmədov kürsüyə əyləşəndə 18-19 yaşı olmuş Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Cavid Hüseynov, Əfran İsmayılov da indiki AFFA rəhbərliyinin “bağının məhsulu deyil”. Bu oyunçular SSRİ dönəmində doğulan, Fuad Musayevin prezidentliyi dövründə futbolda ilk addımlarını atanlardı.

Ən pisi odur ki, bu futbolçular uşaqlıq dövründə heç bir şərait görmədən yetişib. Məhəllələrdə, asfalt meydanlarda top qova-qova futbolçu olublar və bu gün oyunçu keyfiyyətlərində hansısa texniki qüsur varsa, həmin şəraitsizliyin qurbanı olduqları üçündü. İndi AFFA hər il uşaq liqaların 3 milyon manat xərcəyir, ortaya isə heç kim çıxmır. Çünki bünövrə sağlam deyil, iş peşəkar qurulmayıb və işlək sistem gözə dəymir. Baş katib başına dostlarını, qohumlarını yığıb, ancaq dövlətin futbola ayırdığı milyonları dağıtmaqla məşğul olublar. Yüksək maaş, “0” bacarıq – harda qırıldı-qırıldı. Və Şimali İrlandiya ilə oyunda qırıldı…

Bu sualın qarşılığında baş katib əməklərinin bəhrəsini növbəti illərdə görəcəyimizi vəd edəcək, aşağı yaş qrupundan ibarət millilərə baxmağın gərəkdiyini vurğulayacaq. Baxırıq, orada da perspektiv görmürük. Əksər millilərimizdə 4-5 türkiyəli, bir o qədər dağıstanlı, Almaniyadan gələn milliləşənlər, Azərbaycanda futbol təhsili almayan soydaşlarımızı görürük. Bəs, hanı sizin yetişdirdikləriniz? O maliyyə, o dövlət qayğısı ilə gənclər indi Rəşad Sadıqovu vidalaşmağa məcbur etməli, Kamran Ağayevə 6 aydı klubsuz ola-ola millidə oynamasına imkan verməməliydilər. Lakin heç kəs yetişməyib, ona görə də həm Rəşad, həm də Kamran bu gün yığmanın əvəzedilməzləridi.

Bəhanə axtarmayın, yeni nəsil yetişmir, yetişənlər də say süzəltmək üçündü, yüksək səviyyədə oynamaq üçün yox. Fuad Musayev çempionatın reqlamentini pozub, uşaq komandalarının nəticəsini əsas götürüb, çempionluq müəyyənləşdirəndə, gəncləri “Şəfa” adı altında birləşdirib, ölkə çempionatına buraxanda səhv etmişdi. Amma bütün bunları yeni nəslin yetişməsi üçün etmişdi və onun bilərəkdən etdiyi səhvlərin xeyrini indi siz görürsüz. Zaman istədiyiniz 2020-ci ilə kimi bu nəsil də yükənəcək, o zaman millinin formasını kim geyəcək?

Bəli, gənclər yığmamızda 5-10 nəfər istedad var. Bu uşaqlar yoxlama matçında çexlərdən 5 top buraxsalar da, evdə Farer adalarına xal bağışlasalar da, nisbətən seçilənlərdi. Və məhz bu seçilməyin hesabına İslam oyunlarında təcrübəlilərlə və gürcü hakimlərlə birləşib nəticə qazandılar.

Dərd orasıdı ki, həmin uşaqları da indiki AFFA rəhbərliyi yetişdirməyib, inkişaflarına töhfələri yoxdu, sadəcə, hazır meyvələri dərirlər.

Mahir Mədətov, Coşqun Diniyev, Məqsəd İsayev, Elşən Abdullayev, Fəhmin Muradbəyli və digərləri… Onlar ya AFFA-nın qapısına kilid vurduğu Bakı Futbol Federasiyasının təşkil etdiyi “Sabahın ulduzları” yarışından çıxıb, ya da AFFA prezidentliyinə namizəd ola bilməsi ehtimalına görə məhv edilib, sıradan çıxarılan Hafiz Məmmədovun qurduğu “Bakı” akademiyasından. Elxan Məmmədov onların ikisinin də axırına çıxıb. “Sabahın ulduzları”na dəstək vermək əvəzinə, bu yarış məhvə məhkum edilib, “Bakı”nın bazası isə hamıya qadağan edilib – hətta divizion klublarına da şifahi şəkildə orada oynamağın yasaq olduğu bildirilir.

İndi zəhmət olmasa, AFFA rəhbərliyi desin: onlar kimi yetişdirib?
Alen Askerov, Onur Albayrak, Serkan Baloglu, Mustafa Ozhitay, Muhammed Tuncer, Onur Taha, Sahan Akyuz, Mutlu Aksu Dogan, Hüseyn Seyliqli, Mətin Gülər, Doğukan Öksüz, İsmayıl Karakaş, Barış Əkinçiər, Ege Atlam, Maqomed Kurbanov.

Davam edəkmi?

Hələ qadınlardan ibarət komandalarımızdakı almanları, ispanları, gürcüləri demirik. Futzal yığmamız isə Braziliyanın B komandasına oxşayır. Elxan Məmmədovun futbolun inkişafıyla bağlı islahatları bu olsa gərək. Bu adam azərbaycanlılara nifrət edir, doğma dilimizdən belə faydalanmır, AFFA-da millilərin düşərgələrində rus dili ana dili səviyyəsinə qalxıb.

Milli komandamızın Şimali İrlandiya ilə matçda oyun praktikasının yoxluğundan əziyyət çəkdiyi aşkar görünürdü. Milli komandanı 2 həftə Avstriyada məşq etdirib heç bir sınaq görüşü təşkil etməyənlər bunun əsas günahkarı idi. İş düzgün qurulsaydı, oyun da olardı, normal hazırlıq da. Bunun əvəzində 30 min azarkeş stadiondan boynubükük getməzdi.

Heç rəqib tapılmaması barədə deyilənlər də doğru deyil. Millimizin Avstriya toplanışını təşkil edən Coşqun Yılmaz müsahibəsində etiraf etdi ki, Paraqvayla oynamaq şansı var imiş. Sadəcə, rəqib 30 min avro istəyib və oyun baş tutmayıb. Coşqun bəy bu matçın baş tutmasına pula görə özünün mane olduğunu deyir, lakin təbii ki, belə deyil.O, sadəcə, iş ortaqlarını çətin vəziyyətdə qoymaq istəmir. Avstriya toplanışında yüzminləri boşa verən AFFA rəhbərliyi xərclərin şişməməsi üçün bundan vaz keçib.

Başqa bir mənbədən öyrəndik ki, millimizin Hollandiya ilə oyunu da eyni səbəbdən baş tutmayıb. Bizimkilər güclü rəqibin kiçik miqdarda para tələbini geri çeviriblər. Ukrayna millisi isə rəqib axtararkən bizimkilərə yaxın durmayıb. Əvvəlki toplanışlardan birində AFFA rəsmiləri onlara kələk gəlib, hansısa ödənişi çatdırmayıb və bu üzdən sözügedən komandanın rəhbərliyi bizimkilərdən uzaq qaçıb.

Bəli, ölkədə real iqtisadi durum elədi ki, Paraqvaya, Hollandiyaya 30 min avro ödəyib, sınaq matçı keçirmək məntiqsiz görünür. Amma unutmaq olmaz ki, dövlət bu pulu futboldan əsirgəmir, bu sahənin inkişafı üçün hər cür fədakarlığa qatlaşır. 30 min qədri bilən olublar. Maraqlıdı, 1 milyon ödəyib Eddi İsrafilovu yığmaya gətirəndə bu ağıl hara getmişdi. Bu qədər xərc çəkilən oyunçu millidə ehtiyatda oturdulacaq səviyyədə imişsə, indi həmin pulların hesabatı niyə verilmir?

“Niyə də yox?!” demək asandı, camaatı aldatmaq da. Amma belə yalanların ömrü 40 gün çəkir…

Fikirlərini bizimlə bölüş!