Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Niyə “Kəpəz”?

Futbol ölkələrinin hamısında, hətta turnir cədvəlinin sonlarında gedən komandaların oyununda belə, anşlaq müşahidə olunur. Komandanın zəif və ya yaxşı nəticə göstərməsinin bu marağa təsiri çox cüzi olur. Məsələn, sıravi ingilis azarkeşə “niyə “Vest Hem”, “niyə “Sanderlend” kimi suallar versəz, bunu çox qəribə qarşılayar. Cavab isə çox sadə olacaq: “Çünki məhəllimizin komandasıdı”, “çünki doğma şəhərimin komandasıdı”. Bizdə yaşadığı şəhərin, məhəlləsinin komandasını doğma kimi mənimsəyən, yaxşı və pis gündə yanında olan azarkeşlər çox azdı. “Kəpəz”in isə bu cəhətdən bəxti gətirib…

Yolumuz Nizami yurdunadı

PFL-in təşkil etdiyi bölgələrə səfər çərçivəsində budəfəki yolçuluq Gəncəyə idi. Yalnız “Kəpəz”in ev oyunlarında bütün komandalara “diş göstərməsinə” görə yox, burda stadiona çempionatımızda görməyə öyrəşmədiyimiz sayda azarkeş gəldiyinə görə, Gəncə səfəri həmişə maraqla qarşılanır. Bu dəfə isə Nizami yurduna son ölkə çempionu “Qarabağ” səfər edirdi. Gələn həftə Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində səfərdə “Fiorentina” ilə qarşılaşacaq “köhlən atlar”ın Şahin Diniyevin yetirmələriylə oyuna hansı ciddiyətlə çıxacağı maraq doğururdu.

“Kəpəz” hazırda tarixinin ən yaxşı günlərini yaşamasa da, həm bu klubun şanlı tarixi, həm də doğma meydanda minlərlə azarkeş tərəfindən dəstəklənməsi, bu qarşılaşmaya turun mərkəzi oyunu damğasını vururdu.

Oyun saat neçədə başlayır?

Gəncəyə çatdıqda ilk gördüyüm iş şəhərdə oyunla bağlı afişaları axtarmaq oldu. Həmkarımla elə yenicə şəhərdə afişaların olmaması barədə diskusiya aparırdıq ki, orta yaşlı bir sakin bizə yaxınlaşaraq, bugünkü matçın saat neçədə başlayacağını xəbər aldı. Elə bu zaman gəncəli futbolsevərləri stadiona cəlb etmək üçün xüsusi təbliğata, afişalara ehtiyac olmadığının bir daha şahidi olduq. Ancaq gəncəli azarkeşlərin doğma “Kəpəz”i unutmaması bir yana, şəhərdə ölkənin ən köklü klublarından ikisinin (hər halda, bu komandaların hərəsinin 3 dəfə ölkə çempionu olmasınıvurğulamaq kifayətdi) oyunu üçün afişanın olmaması maraq doğurur. Var idisə də, bəndəniz belə bir şeylə rastlaşmadı.

Stadion dərdi

Gəncə şəhər stadionuna çatdıqda isə arenanın ətrafının azarkeş izdihamıyla dolu olduğunun şahidi olduq. Bakıda bu cür mənzərəylə ancaq avrokuboklarda rastlaşmaq mümkündü. Stadionun vəziyyəti barədə isə uzun-uzadı danışmağa ehtiyac yoxdu. Yenə köhnə köhnə hamam, köhnə tas. Arenanın ətrafındakı ehtiyat meydançalar isə artıq tam sıradan çıxıb. Məhz bu meydançaların bərbad vəziyyətdə olması, “Kəpəz”i hətta məşq etmək üçün belə, Bakıya, Yevlaxa üz tutmağa məcbur edir.

Stadionun ot örtüyünü isə nə çox əla, nə də çox bərbad adlandırmaq mümkün idi.

Maraqlıdı ki, ot örtüyü ilə bağlı komandaların baş məşqçiləri oyunsonrası mətbuat konfransında fikir ayrılığı nümayiş etdirdilər. Qurban Qurbanov qazonun vəziyyətindən narazı qalsa da (o hətta oyunçularının bu meydançada zədələnmədiyinə görə şükür etiyini də bildirdi), Diniyev meydançanın normal olduğunu, hətta süni örtüklü meydançalardan daha yaxşı olduğunu vurğuladı.

Xərəkdaşıyan uşaqların yanındakı Diniyev

Diniyevdən söz düşmüşkən, təcrübəli mütəxəssis “köhlən atlar”la oyunda bir xeyli həyəcanlı görünürdü. İlk hissədə Şəhriyar Əliyevin zədələnməsiylə erkən əvəzetməyə əl atmalı olan mütəxəssis, qarşılaşmanın əvvəlində gödəkcədə olsa da, çox keçmədi onu çıxarmalı oldu (çox güman, oyunun gərginliyindən). Federikonun qolundan sonra isə Diniyev yerində dayana bilmirdi. Tez-tez futbolçulara göstərişlər verən mütəxəssis, hətta bir ara ehtiyat oyunçular skamyasının yerinə, xərəkdaşıyan uşaqların yanında oturdu.

Diniyevin bütün canfəşanlığına baxmayaraq, matçda gözlənilən qol vuruldu. Reynaldo “köhlən atlar”ı məğlubiyyətdən xilas edən qola imza atdı. Oyunun sonlarında “Qarabağ”ın iki dəfə ardıcıl dirəyi nişan alması gəncəli fanatları bir xeyli həyəcanlandırsa da, bəxt onların komandasının üzünə güldü.

İcra başçısının “pressinq”i

Azarkeşlərdən söz düşmüşkən, matçdan öncə stadionun önündə azarkeşlərin sıxlığı oyunda anşlaq olacağı ümidini yaratsa da,qarşılaşma başladıqdan sonra Gəncə şəhər stadionuna bu dəfə əvvəlkiylə müqayisədə daha az fanat toplandığı məlum oldu. Amma oyun başladıqdan bir qədər sonra Gəncə şəhər stadionunun tribunalarına digər Premyer Liqa klublarının paxıllıq edəcəyi qədər azarkeş yığıldı.

Azarkeşlərin arasında Gəncə şəhər icra hakimiyyətinin rəhbəri Elmar Vəliyev də var idi. İcra hakimi oyunun əvvəlindən sonunadək komandasını dəstəklədi. O, azarkeşlərə göstəriş verməyi də unutmadı. Məhz onun göstərişindən sonra “bura Gəncədi, burdan çıxış yox” ifadəsi yaxınlıqda əyləşmiş azarkeşlərin dilinə düşdü. İcra başçısı arabir “pressinq, pressinq” deyərək futbolçulara göstəriş verməyi də yaddan çıxarmadı. Vəliyev “Kəpəz” qol buraxdıqdan sonra stadionu tərk etmədi və matçı sonadək izlədi. Ancaq onun sonadək stadionda olması, oyundan sonra mətbuat konfransına tələsən jurnalistləri bir qədər yubatdı. Belə ki, polislər icra başçısının hələ stadionu tərk etmədiyini bəhanə gətirərək, media nümayəndlərini bir neçə dəqiqə arenanın darvazaları önündə gözlətdilər.

Qarşılaşmanın sonunda yerli azarkeşlərin “Kəpəz”i doğma kimi mənimsədiyinin bir daha şahidi olduq. Komandanın üzvləri paltardəyişmə otağından klubun avtobusuna doğru irəliləyərkən, yerli azarkeşlər tərəfindən “əsir götürüldü”. Gəncəli azarkeşlər sevimli futbolçularını, əsasən də komandanın “Qarabağ”la oyunda yeganə qolunun müəllifi Dario Federikonu dövrəyə alaraq, şəkil çəkdirirdilər. Təqdirəlayiq haldı ki, “Kəpəz”in əcnəbiləri azarkeşlərin xətrinə dəymir, hər bir azarkeşin şəkil çəkdirmək istəyini yerinə yetirməyə çalışırdılar. Bir müddət sonra mətbuat konfransından çıxan Şahin Diniyev də futbolçuların aqibətini yaşadı.

Gəncəli azarkeşlərin oyunboyu doğma komandalarını çılğıncasına dəstəkləməsi də, elə tribunaların yarısını da olsa doldurması və oyundan sonra doğma komandalarının üzvlərinə maraq göstərməsi, keçən mövsüm Premyer Liqaya qayıdan yeni “Kəpəz”in, vaxtilə ardıcıl çempionluqlar yaşayan “Kəpəz” kimi yerli azarkeşlərə doğmalaşmaqda olduğunu göstərir. Yəqin ki, indi hansısa “Kəpəz” azarkeşinə “niyə “Kəpəz” sualını versəz, sıravı ingilis fanatın verdiyi cavabı eşidəcəksiz: “Çünki doğma şəhərimin komandasıdı”.

Fikirlərini bizimlə bölüş!