Avqustun 27-də ölkənin iki klubunun Avroliqanın qrupunda mübarizə aparacağı bilinəndə hər nə qədər sevinc qışqırıqları eşidilsə də, yükün “Qarabağ”ın üzərinə düşəcəyi, azarkeşlərin məhz bu komandadan növbəti mərhələyə adlamağı umacağı da futboldan az-çox anlayan hər kəsə bəlli idi.
“Qəbələ” ardıcıl dörd mərhələni keçməklə onsuz da “boyundan yuxarı tullanmış” və sadəcə, qrupda gücünü daha səviyyəli rəqiblərlə yoxlamaq imkanı qazanmışdı. “Qarabağ” isə ötən il də qrupda idi; özü də Zelinkanın yanlış ofsayd qərarı üzündən mübarizəni davam etdirə bilməmişdi. Qrupun heç də asan olmayan tərkibinə rəğmən, məhz ağdamlılardan, məhz bu il daha böyük uğur gözləmək üçün əsaslar var ki, bunları bölüşmək istəyirəm.
Sabit maliyyələşmə, eyni məşqçi, faktiki iki bərabər heyət – bugünkü “Qarabağ”ın portret cizgilərini çəkmək lazım gəlsəydi, heç düşünmədən bu məqamların üzərində dayanardım. Gerçək-lik budu ki, ağdamlılar ölkə çempionatında rəqibləri ilə deyə-gülə hesablaşır, özünü əziyyətə salmadan qələbələri sıralayır. Qeyri-adi nəsə baş verməsə, onlar bu il də qızıl medalları boynundan asacaq. Yəni “Qarabağ”ın artıq gücünü Avropaya göstərməsi üçün bazis var. Kimsə deyə bilər ki, elə göstərir də. Əlbəttə, bu klub 2009-dan bəri qitə kuboklarındakı parlaq nəticələrlə artıq ölkədən kənarda belə özünə ciddi tərəfdar dəstəyi qazanıb. İlk vaxtlar biz “Qarabağ” adına həm də piar, ermənilərə nəyisə sübut etmək vasitəsi kimi baxırdıqsa, həmin dövr də artıq arxada qalıb. Bütün ölkə indi çempiondan Avropada növbəti zirvələrin fəthini gözləyir. Haqlıdımı? Haqlıyıqmı?
Yeni zirvələr gözləyən hər kəs birmənalı şəkildə haqlıdı! Deyəcəm niyə… Qrupda aşkar favorit yoxdu və istənilən komanda digərinə badalaq vura bilər. Az qala hər turdan sonra turnir cədvəlində vəziyyət kəskin dəyişir ki, bu məqam nə qədər maraqlıdısa, “Qarabağ”ın mənafeyi baxımından bir o qədər də təhlükəlidi. Ötən il “İnter” Bakıya gələndə 11 xalı var idi və növbəti mərhələyə adlamışdı. Amma noyabrın 26-da Bakıda olacaq “Tottenhem” və dekabrın 10-da səfərdə qarşılaşacağımız “Anderlext” bu vəzifənin öhdəsindən gəlməyib, deməli, meydanda bütün güclərini qoyacaqlar. Hərçənd ötən il olduğu kimi, bu il də “Qarabağ”ın 4 oyundan sonra 4 xal toplaması ən azı ümidverici məqamdı.
Çempion 1/16 finalda oynamasa, günahı qrupun tərkibində, təqvimdə-filanda yox, istisnasız “Monako” ilə oyunlarda qaçırdığı şanslarda axtarmalıdı. Ümumiyyətlə, hansısa komanda iki oyunda da üstün təsir bağışladığı rəqibdən yalnız 1 xal ala bilirsə, günahı özündə görməli-di. “Monako” ilə oyunların məhz belə nəticələnməsində həm baş məşqçinin, həm də futbolçuların günahı var. Qurban Qurbanov komandasının gücünü 90 dəqiqəyə “yaya” bilmir. “Qarabağ”ın 60 dəqiqə üstün, son yarımsaatda isə sönük oynamasını başqa necə izah etmək olar? Ya da “Qarabağ”ın hörmətli baş məşqçisi, sadəcə, avantüristdi. Şəxsən mən həyatda avantüralara haqq qazandıran adamam. Amma ortada ciddi hədəflər varsa, avantüra özünü doğrultmalıdı. Yetirmələrinə 2-ci qolu vurmağı tapşırmısansa, bunun mümkün bədəlini də hesablamalısan. Özü də bu Qurban bəyin ilk avantürası deyil. Ötən il “Dnepr”lə ev oyununda da faktiki bizə daha çox sərf edən 1:1-i 2:1-ə çevirməyə çalışdı və cavabı 1:2 oldu…
Futbolçuların, konkret Şehiçin səhvindən isə danışmağa dəyməz. Topa çıxarkən üç mümkün variandan ən primitivini seçən və bununla da qapısında qol görən adamın oyundan sonra günahı başqalarında axtarması ən azı ayıbdı.
…Və nəhayət, ortada “Astana” nümunəsi də var. Hadisələrin axarı, futbol dialektikasının qanunları Rusiya, Ukrayna və Belarus təmsilçilərinin ardından məhz bizimkilərin (oxu: “Qarabağ”ın) Çempionlar Liqasının qrupuna düşəcəyini diqtə edirdi. Amma nə oldu? Qazaxların “Astana”sı bütün proqnozların altını üstünə çevirdi. Bizdə isə görün necə vəziyyət yaranıb…
“Qarabağ”ın qrupdan çıxmasını istəyənlərə qəribə baxırlar, sanki çox qeyri-adi, əlçatmaz hədəf umuruq. Bilirsizmi, “Qarabağ”ın adına-sanına, nəticələrinə, lap elə Qurban bəyin personasına hədsiz simpatiya bəsləmək olar. Amma biz bu gün çempiondan növbəti mərhələyə adlamağı tələb etməyəcəyiksə, deməli, o simpatiya, sevgi saxta və quramadı. Məhz “Qarabağ”, məhz bu il 1/16 finalda oynaya bilər və həmin nəticəni ağdamlılardan tələb etməyə tam haqqımız var. Fərqli düşünmək, fərqli nəticəyə razı olmaq özünü aldatmaqdan və yerində saymaqdan başqa bir şey deyil!
HUŞƏNG




Fikirlərini bizimlə bölüş!