Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Növbəti stansiya “Şəfa”…

AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları – Səbəblərin araşdırılması” layihəsini davam etdiririk.

“Şəfa” – bu ada Azərbaycan futbolunda tez-tez rast gəlmək olar. Müstəqillik dövründə yetişmiş futbolçuların əksəriyyətinin karyerasına nəzər saldıqda, bu ada rast gəlmək mümkündü. 1998-2005-ci illər aralığında Azərbaycan çempionatının güclülər dəstəsində çıxış etmiş komanda qısa tarixi ərzində həm uğurları, həm də qalmaqallarıyla yadda qaldı. Bu yazıda sizə Azərbaycan futboluna bir çox futbolçu bəxş etmiş, 2001-ci ildə ölkə kubokunu qazanmış “Şəfa” komandasından bəhs edəcəyik.

Heç kimin güvənmək istəmədiyi gənclər

90-cı illərdə Azərbaycan futbolunun vəziyyəti heç də yaxşı deyildi. Maddi problemlər içərisində çabalayan klubların fonunda milli dünya və Avropa çempionatlarının seçmə mərhələlərində böyük hesablı məğlubiyyətləri sıralayırdı. Sovet futbol məktəbinin yetirməsi olan oyunçular hər nə qədər səviyyəsiylə seçilsə də, bu, beynəlxalq miqyasda uğur qazanmağa kifayət etmirdi. Ümid yetişməkdə olan yeni nəsilə idi. Ancaq yetişməkdə olan yeniyetmələr arasında istedadıyla seçilənlər çox olsa da, səviyyəli rəqib qıtlığı bu oyunçuların yüksək səviyyədə yetişməsinə, “bərkiməsinə” mane olurdu. Ölkə çempionatında çıxış edən klublar isə yeniyetmə oyunçulara əsas heyətdə şans verərərək, potensial uğuru risk altında qoymaq istəmirdilər. İstənilən uğursuzluq, güc-bəlayla tapılmış sponsorları klubdan qaçıra bilərdi.

Bu vaxt AFFA-nın o vaxtkı rəhbərliyi vəziyyətdən çıxış yolunu heç kimə lazım olmayan yeniyetmələri bir komandada cəmləməkdə gördü. Azərbaycanın U-16, U-18 millisinin üzvlərinin cəmləşdiyi U-18 Vaqif Sadıqovun rəhbərliyi altında ölkə çempionatının güclülər dəstəsinə buraxıldı. Komanda ilk iki mövsümdə müsabiqədənkənar çıxış etdi. Çempionatdakı ilk mövsümündə 16 komanda arasında sonuncu olan U-18, növbəti mövsümü 13-cü pillədə başa vurur (14 komanda arasında).

“Şəfa” necə yarandı?

1998-ci ildə isə o vaxtkı AFFA rəhbərliyi, daha dəqiqi, federasiya prezidenti Fuad Musayev bu futbolçuların cəmləşdiyi klub yaratdı. Azərbaycan futbolunun bu gənclərlə şəfa tapacağına ümid edən rəhbərlik klubun adı üzərində çox düşünmədi – “Şəfa”. Komandanın baş məşqçisi Vaqif Sadıqovun sözlərinə görə, onların qarşısına heç bir məqsəd qoyulmamışdı:

“O dövrdə mən aşağı yaş qruplarından ibarət milli komandalara rəhbərlik edirdim. Komandanın yaradılmasında əsas məqsəd yeniyetmə oyunçuların təcrübə qazanması idi. O vaxt komandanın əsası U-16 millisinin üzvləri idi. Mən onları “qızıl oğlanlar” adlandırardım. Həmin heyətdə Zaur Tağızadə, Samir Əliyev, Cahangir Həsənzadə, Elçin Rəhmanov, Samir Musayev və başqa oyunçular çıxış edirdi. Düzdü, yaşları az idi. O vaxt Fuad Musayev klubları bu oyunçulara sahib olmağa çağırdı. Amma təəssüf ki, o vaxtkı klublar gənc oyunçulara şans vermək istəmədilər. Onları da qınamaq düzgün olmazdı. Onlar da nəticə qazanmaq istəyirdilər. 16 yaşlı uşaqlara o qədər də güvənmirdilər. Həmin komandalar gələcəyi düşünmürdülər, bu günlə yaşayırdılar. Bu uşaqları bir yerdə saxlamaq üçün əvvəlcə “Fərid” adlı komanda yaradıldı, sonra U-18 çempionatda çıxış etdi. Nəhayət, sonradan “Şəfa” komandası yaradıldı. Uğur birdən-birə gəlmədi. Onsuz da bizim əsas məqsədimiz də nəticə qazanmaq yox, yeni futbolçular yetişdirmək idi. Buna da nail olduq. Həmin futbolçular uzun illər, hətta indi də Azərbaycan futboluna sözün həqiqi mənasında qulluq edirlər. Məncə, bu, özünü doğrultmuş addım oldu.

Komandaya nəzarəti AFFA etsə də, klubun özünün idarəetmə mexanizmi var idi. Yəni komandaya müdaxilə olmurdu. Sadəcə, ümumi müzakirələr olurdu”.

“Şəfa”nın sayəsində milli səviyyəli oyunçular yetişdi”

Uzun illər “Şəfa”nın uğurları üçün çalışmış, komanda ölkə kubokunu qazanan mövsümdə əsas heyət üzvlərindən olan Ayxan Abbasov kluba gəlişini belə xatırlayır:

“Mən “Xəzri”də oynayırdım. O komanda dağılandan sonra Vaqif Sadıqov və Əsgər Abdullayev məni çempionatda çıxış edəcək U-18 komandasına dəvət etdilər. İki mövsüm çıxış etdikdən sonra “Şəfa” komandası yaradıldı. Bundan sonra komandayla peşəkar müqavilə bağladıq. Həmin vaxt mən və komandaya cəlb edilən digər futbolçular U-17 millisinin üvzləri idik. Burda Vaqif və Əsgər müəllimin rəhbərliyi altında oynayırdıq.

“Şəfa”nın gənc futbolçuların yetişməsində çox böyük rolu oldu. O dövrdə 2-3 klubdan başqa, uşaq futboluna üstünlük verən yox idi. çempionatda da nisbətən yaşlı futbolçulara şans verirdilər. Bu komanda yaradılmaqla, biz təcrübəli futbolçularla oynamaq, yaxşı təcrübə toplamaq şansı qazandıq. O vaxt bizdə Cahangir Həsənzadə, Zaur Tağızadə, Elçin Rəhmanov kimi futbolçular top qovurdular. Məncə, o vaxt üçün bu komandanın yaradılması düzgün addım idi. Elə uşaqlar olurdu ki, komanda tapa bilmədiyindən futbolu atırdı. “Şəfa” bu uşaqları futbolda saxlamaq baxımından mühüm rol oynadı.

Yadımdadı, ilk oyunlarımızda “Şəmkir”, “Kəpəz” kimi komandalara 0:5, 0:6 kimi hesablarla məğlub olurduq. Lakin get-gedə vəziyyət dəyişdi. Növbəti mövsümlərdə daha kiçik hesabla uduzurduq. 3 il sonra isə vəziyyət tam dəyişdi. Azərbaycan kubokunu qazandıq, avrokuboklara vəsiqə əldə edik. “Şəfa”nın sayəsində milli səviyyəli oyunçular yetişdi”.

Avropa “Şəfa”nı bircə dəfə gördü

“Şəfa” ölkə çempionatında keçirdiyi ilk mövsümdə autsayderlərdən sayılırdı. Gənclər 1998/99 mövsümünü 11-ci (14 komanda arasında) pillədə başa vururlar. Ancaq ilk 3 mövsümdə müəyyən təcrübə toplamış futbolçular 1999/00 mövsümündə nəhayət, autsayder adından qurtulurlar. “Şəfa” mövsümü 12 komanda arasında 7-ci pillədə başa vurur. Klub həmin mövsümdə ölkə kubokunun 1/4 finalına qədər irəliləsə də, “Qarabağ”a uduzaraq (0:0, 1:2) mübarizəni dayandırır.

Növbəti mövsümdə isə “Şəfa” tarixinin ən böyük uğuruna imza atır. Güclülər dəstəsini 4-cü pillədə başa vuran Əsgər Abdullayevin yetirmələri ölkə kubokunun qalibi olurlar. Gənclər Sumqayıtın Mehdi Hüseynzadə adına şəhər stadionunda “Nefçi”ni məğlub edir – 2:1. Komanda növbəti mövsümdə UEFA Kubokunda mübarizə haqqı qazanır. Amma Əsgər Abdullayevin yetirmələrinin ilk (həm də sonuncu) Avropa sınağı uğursuz olur. Sloveniyanın “Olimpiya” klubuna səfərdə 0:4 hesabıyla uduzan “Şəfa” evdə də məğlub olaraq (0:3) mübarizəni ilk mərhələdə başa vurur.

Ölkə futbolunda qiyama səbəb olan klub

2001/02 mövsümündə isə komanda əvvəlki illərlə müqayisədə bir xeyli güclənmişdi. Əvvəlki illərdə təcrübə toplamış gənclər artıq yüksək pillələrə iddia edirdi. “Şəfa”nın iddialılar sırasına qoşulmasıyla digər klubların bu komandaya olan narazılığını bir az da artırdı. Bu narazılıq mövsümün “altılıq” mərhələsinin “Şəfa” – “Xəzər Universiteti” oyununda kulminasiya nöqtəsinə çatdı. Oyuna əlavə olunmuş 5-ci dəqiqədə qapılarına penalti təyin edilən “tələbələr” matçdan sonra çempionatdan çıxdıqlarını elan edirlər. Universitet komandasının bu qiyamına digər klublar da qoşulur. Sonda isə bu qalmaqal klublarımızın iki mövsüm avrokuboklardan kənarda qalmasıyla nəticələnir.

“Şəfa”da futbolçuları zorla saxlayıblar?

“Şəfa” ilə bağlı narazılıqlardan biri də futbolçuların həmin dövrdə bu komandada zorla saxlanılması iddiası idi. Ayxan Abbasovun sözlərinə görə, həmin dövrdə heç bir futbolçu komandada zorla saxlanmırdı. O, klubların federasiyadan maliyyələşmə ilə bağlı narazılığında müəyyən haqlı tərəflərin olduğunu, ancaq AFFA tərəfindən “Şəfa”nın qarşısına nəticə qazanmağın məqsəd kimi qoyulmadığını deyir:

“Həmin klubları başa düşmək olardı. Ancaq hakimliklə bağlı narazılıq həmişə olub. Bu, bizi ruhdan salmırdı. Biz qarşımıza məqsəd qoymuşduq – millidə oynamaq, karyera qurmaq istəyirdik. Bəzi klublar etiraz edirdi. Hərdən təsiri də olurdu. Amma “Şəfa”da heç bir futbolçunu məcbur saxlamırdılar. O ki qaldı hakimliyə, indi də etiraz edilən hakim qərarları olur. Ancaq bu o demək deyil ki, hakim qərəzlidi. Bizim özümüzün əleyhimizə də hakim qərarları olub. Yadımdadı, “Şəmkir”lə səfər oyununda 1:0 hesabıyla irəlidə idik, hakim elə səhvlər etdi ki, sonda 1:2 məğlub olduq. Etirazların əsas səbəbi “Şəfa”nın AFFA-nın komandası olması idi. Lakin AFFA bizim qarşımıza nəticə qazanmağı məqsəd qoymamışdı. Əsas məqsəd yeni futbolçuların yetişdirilməsi idi”.

Musayev getdi, “Şəfa” “öldü”

Futbolsuz dövrlər başa çatdıqdan sonra keçirilən ilk çempionatda “Şəfa” da çıxış edir. Komanda 2003/04 mövsümünə heç də pis təsir başlamır. İlk turlardan zirvəni ələ keçirən gənclər, sonda çempionatı 6-cı pillədə başa vurur. Ancaq Fuad Musayevin AFFA-dan getməsiylə komandaya olan diqqət azalır. 2004/05 mövsümündə heyətinin böyük hissəsini itirən komanda yarandığı ilk illərdəki kimi autsayderlərdən olur. Çempionatın ilk dövrəsindən sonra isə komanda çıxışını dayandırır. “Şəfa” da başqa klublar kimi Azərbaycanın futbol qəbiristanlığının üzvünə çevrilir.

“Məncə, “Şəfa” da özünü doğrultdu”

Fəaliyyəti dövründə dəfələrlə tənqid hədəfinə çevrilsə də, “Şəfa” yaradıldığı zaman qarşıya qoyulmuş məqsədə uyğun olaraq, ölkə futboluna bir çox istedadlı futbolçu bəxş etdi. Komandanın yaradıcılarından olan Vaqif Sadıqov da “Şəfa”nı “uğurlu layihə” adlandırır:

“Düzdü, “Şəfa”nın AFFA-dan maliyyələşməsinə görə çox tənqid edirdilər. Ancaq bu addım Azərbaycan futbolunun inkişafı üçün atılmışdı. Sonradan o komandadan çıxan futbolçular iddialı komandaların əsas heyət üzvünə çevrildilər. Hələ indi də bu komandanın yetirmələri iddialı komandalarımızın, millinin şərəfini qoruyur.

“Şəfa”da təkcə gənclər çıxış etmirdi. Əsas millinin zədədən yeni dönən üzvləri də öz formasını bu komandada bərpa edirdi. Tərlan Əhmədov, Deni Qaysumov müvəqqəti olaraq “Şəfa”da çıxış etmişdi. Bunun da gənclərə xeyri çox dəyirdi.

Həmin vaxt üçün bu, tamamilə uğurlu layihə idi. İndi isə tam fərqli şərait mövcuddu. Hər bir klubumuzda işə peşəkar yanaşma var. Futbolçular üçün yaxşı şərait yaradılıb. Öz oyunçularını özləri yetişdirmək üçün hər cür şəraitləri var. Başqa ölkələrdə də bu cür layihələr həyata keçirilib. Bu həmin ölkələrdə də özünü doğrultmuşdu. Məncə, “Şəfa” da özünü doğrultdu. Ancaq təəssüf edirəm ki, “Şəfa” dağılmış klubların cərgəsinə qoşuldu”.

“Şəfa”nı heç kimin gözü götürmürdü”

“Şəfa”nın əsas yaradıcısı olan sabiq AFFA prezidenti Fuad Musayev bu komandanın ölkə futboluna çox xeyir verdiyini, klubun varlığını tənqid edənlərin futbolumuzun inkişafı üçün nəyin lazım olduğunu bilmədiklərini deyir:

“Şəfa”dan qabaq, 1996-cı ildə Azərbaycan millisinin aşağı yaş qruplarında çıxış edən uşaqları yığmışdıq. Əvvəl klublara müraciət edərək bu uşaqları komandalarına cəlb etmələrini məsləhət bilmişdik. Amma heç kim onlara yiyə durmaq istəmirdi. Buna görə də, o uşaqları bir komandada cəmləyib çempionata buraxdıq. İlk mövsümdə U-18 adı altında, müsabiqədənkənar iştirak etdilər. Bütün geyimlərini, xərclərini biz qarşılayırdıq. Növbəti mövsümdə bu komandanı yenə çempionata buraxdıq. Üçüncü mövsümdə isə artıq “Şəfa”nı yaratdıq.

İnsanlar başa düşmür ki Azərbaycan futbolunun inkişafı üçün nə lazımdı. Biz o vaxt “Şəfa”nı ölkə futbolunun inkişafı üçün yaratmışdıq. İndi də millidə “Şəfa”nın 8 yetirməsi oynayır. Bu komanda onun üçün yaradılmışdı. Komandanın əsas məqsədi milliyə oyunçu qazandırmaq idi. “Şəfa”nı özümüz maliyyələşdirirdik. Çox çətin idi. Bu komandaya bütün gənc oyunçuları yığmışdıq. “Şəfa”nın bütün yaş qruplarında 500-ə yaxın uşaq məşq edib. O uşaqların içindən Maksim Medvedev, Qara Qarayev, Kamran Ağayev, Əfran İsmayılov kimi futbolçular çıxdı. Onlar indi də millidə oynayırlar.

Ancaq “Şəfa”nı heç kimin gözü götürmürdü. Mən gedən kimi komandanı dağıtdılar. Elə bil bu komandanı özüm üçün yaratmışdım. “Şəfa”da baza yaratmışdıq. Sonradan Almaniya, İspaniya kimi ölkələrdə də bu üsuldan istifadə etdilər. Estoniyada da bu üsuldan istifadə edildi. Bu ölkədə əvvəllər futbol elə də yüksək səviyyədə olmayıb. Amma “Flora”nın bazasında gənc oyunçuları cəmləşdirdikdən sonra bu ölkənin futbolu inkişaf etməyə başladı. Biz isə onlardan da əvvəl bu işi görmüşdük”.

“Hər qələbə üçün 100-150 dollar mükafat alırdıq”

Həmin dövrdə ölkə klublarının əksəriyyətində ciddi maliyyə problemləri olsa da, “Şəfa”da bu cəhətdən problem yox idi. Ayxan Abbasov həmin dövrdə komandanın üzvlərinin daha çox oynamaq, yaxşı nəticə qazanmaq barədə düşündüklərini deyir:

“İlk üç ildə ancaq maaş aldıq, mükafat yox idi. Məşqçilər bizi elə motivasiya edirdi ki, ancaq uduzmamaq barədə düşünürdük. Lakin maaşımızı vaxtı-vaxtında alırdıq. Kuboku qazandığımız mövsümdən etibarən isə mükafat da almağa başladıq. Hər qələbə üçün 100-150 dollar mükafat alırdıq. O dövr üçün normal idi”.

“O stadionun qiyməti indi 40 milyondu”

“Şəfa” məşqlərinin, oyunların keçirilməsiylə bağlı heç bir problemlə üzləşmirdi. Komandaya bu cəhətdən hər cür şərait yaradılmışdı. AFFA tərəfindən tikilmiş və 2001-ci ildə istifadəyə verilmiş “Şəfa” stadionu həm milli komandalar, həm də klub üçün baza rolunu oynayırdı. Federasiyanın o vaxtkı prezidenti Fuad Musayevin sözlərinə görə, stadionun tikintisi heç də asan başa gəlməyib:

“Şəfa” stadionunu biz tikmişdik. O stadionun qiyməti indi 40 milyondu. Ancaq biz onu həmin dövrdə cəmi 4 milyon dollara inşa etmişdik. Onun kimi, 8 min yerlik stadion Riqada 12 milyon dollara başa gəlmişdi. “Şəfa” stadionunu öz hesabımıza tikmişdik. Öz maaşımızdan, boğazımızdan kəsib, stadionun tikintisini başa vurduq. Ancaq stadionun tikintisinə yeni başlayanda bir müddət iş görməyə imkan vermədilər. Sonradan yerli əhalidən bəziləri şikayət etdilər ki, stadionu yolumuzun üzərində tikirlər. Əslində isə orda yetərincə yer var idi. Həmin şikayətlərə görə stadionun köməkçi meydançalarını bir qədər qısa eləməli olduq. Tikinti zamanı çox çətinliklərlə üzləşdik. Amma buna baxmayaraq, tikintini başa çatdıra bildik.

Mən AFFA-dan çıxandan dərhal sonra isə stadionu “İnter”ə verdilər. Heç bir yerdə federasiya stadion tikmir. Biz “Şəfa”nı tək stadion yox, həm də baza kimi tikmişdik. Sonradan ot örtüyünü süniylə əvəz etdilər. Mən 4 meydança saldırmışdım. Əsas meydança ot idi. Digərləri isə süni idi. Ancaq bizim saldığımız süni meydançalar keyfiyyətli idi. Biz həmin meydançaları 500 min dollara salmışdıq. Sonradan isə bir süni meydançanın salınmasına 1 milyon 500 min dollar xərclədilər. Biz stadionun otuna baxırdıq. Meydançada milli məşq edəndə də, ancaq yarımmeydançadan istifadə edirdik. Ot örtüyünün həmişə yüksək səviyyədə saxlanmasına diqqət yetirirdik”.

Özü “məzar”da, adı dillərdə

Stadionda ilk oyun 2001-ci ildə keçirilib. UEFA kubokunun 1-ci təsnifat mərhələsində keçirilən oyunda “Şəfa” Sloveniya “Olimpiya”sına 0:3 hesabıyla uduzub. Arena bir neçə uğura da səhnə olub. Heç şübhəsiz, bu qarşılaşmalar arasında millimizin Serbiya və Monteneqro yığmasına qarşı keçirdiyi tarixi oyunun özünməxsus yeri var. 2003-cü ildə keçirilmiş oyunda millimiz Fərrux İsmayılov və Qurban Qurbanovun qollarıyla serbləri 2:1 hesabıyla məğlub etmişdi. Bundan sonra da millimiz bir neçə ev oyunlarını bu arenada keçirdi. “Şəfa”nın dağılmasıyla birlikdə stadion Bakı “İnter”inə icarəyə verildi. 2014-cü ildə bu kluba satılan stadionun adı “İnter Arena” olaraq dəyişdirildi.

“Şəfa”nın dağılmasının üzərindən 12 il keçsə də, bu komandanın adı hələ də dillər əzbəridi. Eyniadlı stadionun adı artıq iki ildi rəsmən dəyişdirilməsinə, arenanın önündəki “Şəfa” loqosunun uzun illərdi sökülməsinə baxmayaraq, insanlar hələ də o arenanı “Şəfa” stadionu olaraq xatırlayır. Hətta stadionun qarşısından keçən “Baku Bus” avtobuslarında hələ də, “növbəti stansiya “Şəfa” stadionu” bildirişi səslənir…

Rəşad ERGÜN

Fikirlərini bizimlə bölüş!