Azərbaycan futbolu

Xəbərlər və təhlillər

Nəticə necə olmalı idi?

Nəticə necə olmalı idi?

Azərbaycanın 16 yaşlılardan ibarət yığma komandası U-15 FİFA Dünya Çempionatı və festivalında 83-cü yer uğrunda matçda Əfqanıstana məğlub oldu. Görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatdı, penaltilər seriyasında isə əfqanlar millimizdən üstün oldu.

Əslində, nə Avstraliyaya, nə Çiliyə, nə Vyetnama, nə də Əfqanıstana məğlubiyyət mənim üçün gözlənilməz idi. AFFA normal sistem, infrastruktur qurmayıb, normal akademiyalarımız yoxdur. Nəticə necə olmalı idi? Bu festivalda yığmamızın normal nəticə göstərməsi gözlənilməz və anlaşılmaz olardı. AFFA rəhbərliyi də oyunları izləyirdi. Təəssüflər olsun ki, Əfqanıstanla görüşdən sonra yığmanın turnirdəki çıxışını dəyərləndirmək üçün danışan olmadı.

U-16 yığmasının baş məşqçisi Famil Xəlilovu və Edmond Klaussu qabağa verdilər. Famil Xəlilovluq bir şey yoxdur, sadəcə, məşqçi indiki futbolçuların istedadlı olduğunu deyir, onlara inanmalı olduğumuzu söyləyir. Qəribə olan orasındadır ki, hamı deyir: elə gözlə, gözlə, yaxşı olacaq, səbir edin. Halbuki dünyada heç kim gözləmir, hamı nəticə göstərir, inkişaf edir. Vyetnama, Əfqanıstana qalib gələ bilməyən yığma, futbolçu gələcəyə necə ümid verə bilər axı?

Hər oyundan əvvəl AFFA rəhbərliyi kollektivə dəstək və təşəkkür nümayiş etdirirdi. Bunlar mənə səmimi gəlmir. Çünki uşaqlara, futbolçulara, futbolumuza verilə biləcək ən gözəl dəstək AFFA-nın uşaq futbolu üçün normal sistem və struktur qurması olardı. Bu, birinə "səni sevirəm" deyib, hərəkətlərinlə hər dəfə onu incitməyə, qəlbinə dəyməyə, ona laqeyd yanaşmağa bənzəyir. Əsas olan atdığın doğru addımlar, etdiyin hərəkətlərdir, dediyin sözlər yox.

FİFA U-15 Dünya Çempionatı keçirildi. Görüntü gözəl, stadionlar gözəl. Amma öz futbolumuza geri qayıdaq. Aşağı yaş qruplarından ibarət komandaların çempionatı "Rekord Arena"da keçirilir. Yağış yağan kimi stadion gölməçəyə çevrilir. Ancaq əminəm ki, bu dünya çempionatından bir az vaxt keçsin, yenə AFFA rəsmiləri gözdən itəcək, uşaq futbolu və digər məsələlər yenə də unudulacaq.

Fikirlərini bizimlə bölüş!