Həftə sonu “Çin malı” Premyer Liqada, yəni bizim Premyer Liqamızda növbəti turun oyunları keçirildi. “Neftçi” “Qarabağ”a məğlubiyyəti penaltinin üstünə atdı, “Simurq” çempionatımızda nadir rast gəlinən bir qəhrəmanlıq edərək “Sumqayıt”la oyunda “come back” elədi, “Xəzər Lənkəran”la “Qəbələ” yenə xal itirdi, “Bakı” özü kimi uğursuzluq zolağında çabalayan “Araz-Naxçıvan”ı məğlub etdi, “İnter” isə gözlənilmədən AZAL-la səfər oyununda xal itirdi.
Və çempionatımızda FASİLƏ yarandı. Adama deyərlər, yay deyil, qış deyil, bu fasilə hardan çıxdı? Bizdə fasilənin yaranması üçün dövrələrarası fasilə və ya yayın gəlməsinə ehtiyac yoxdu. Biz istədiyimiz, daha doğrusu, Berti Foqts istədiyi vaxt fasilə edə bilərik. Və yenə həmin fasilə yarandı.
Üç gün sonra çoxmillətlilərdən ibarət milli komandamız Berti Foqtsun rəhbərliyi ilə təlim-məşq toplanışına yığışır. Uzun sözün qısası, Berti müəllim olanımızı, olmazımızı yığışdırıb aparır Almaniyaya. Aparır ki… Bax, burda özüm də söz tapmadım. Niyə aparır? Ayın 10-u və 13-də İtaliya və Xorvatiya ilə səfər oyunlarında xal qazansın? Görəsən, Berti müəllimin özü buna inanır?
Foqtsun hər mətbuat konfransında dönə-dönə vurğuladığı bir söz var ki, bəs, millilərimiz fiziki cəhətdən zəifdi və mötəbər oyunlardan əvvəl onları gücəndirmək lazımdı. Berti müəllimin on günlük fiziki gücləndirmə təlimlərinin sonu Bolqarıstanla oyundakı kimi olacaqsa, Allah bizi İtaliya ilə Xorvatiyanın qəzəbindən qorusun.
Sözümün canı budu ki, Berti müəllim bu 10-15 günlük toplanışları heç olmasa, nəticəsinin xeyrimizə bitməsinə azca ümidimiz olan oyunlarda eləsin. Daha İtaliya və Xorvatiya kimi Avropanın sanballı yığmaları ilə səfər oyunundan on gün əvvəl klubların olan-qalanını yığıb “selfie” çəkdirməyə aparmasın.
Əslinə qalsa, Berti müəllim Azərbaycana ayaq basdığı ilk illərdə daha realist biri idi. Məsələn, Almaniya ilə səfər oyunundan əvvəl “biz bura elə-belə, gəzməyə gəlmişik demişdi” (mətbuatımızda yazılanlara görə). Ancaq sonradan bizim mətbuat kişini necə təngə gətirdisə, başladı qrupdan çıxmaqdan dəm vurmağa.
Bir neçə ildi ölkə “şou-biznes”ində ad qoyma yaman dəbə minib. Hərə özünə müxtəlif mifik varlıq və ya heyvan adı qoyur. Özünə ad qoymayanlara da başqa biri Dədə Qorqudluq eşqinə düşərək, ad verir. “Şou-biznes”lə və onların bir-birlərinə müxtəlif adlar verməsiylə işim yoxdu. Ancaq bu ad qoyma məsələsini futbolumuza da mütləq şamil etməliyik. Elə ilk təklif də məndən gəlsin: millimizin baş məşqçisi Berti Foqtsa rahatlıqla futbolumuzun Don Kixotu demək olar. Oxşarlıq göz qabağındadı. Hər ikisi müəyyən yaşa dolmuş, insanlar tərəfindən az-çox hörmət edilir və ən nəhayət, güclü xəyal gücüylə ətrafdakıları heyrətə gətirir. Migel de Servantesin qəhrəmanı Don Kixotun yel dəyirmanlarını əjdaha bilərək onunla döyüşməsi nə qədər gülməlidisə, Berti Foqtsun millini İtaliya və Xorvatiya ilə oyunlardan xal almaq üçün (buna başqa səbəb görmürəm) 10 gün əvvəl toplaması və əlində olan sınıq-salxaq “material”la qrupda ilk üçlüyə düşmək istəməsi də o qədər gülməlidi.
Əslində, təmiz ürəkli və saf olan Don Kixotu qurduğu xəyalların gerçək olduğuna inandıran və ona bir növ qüvvət verən, bu cəngavərin yaraqçısı mərdimazar Sanço Pansa idi. Bəs Berti Foqtsun Sanço Pansası kimdi?
P.S. Çox istərdim ki, herr Bertinin komandası səfər oyunlarından heç olmasa birindən üzüağ qayıtsın. Onda cənab Foqtsa rahatlıqla xəyal quran cəngavər yox, xəyalları gerçəkləşdirən cəngavər ləqəbi qoymaq olardı.




Fikirlərini bizimlə bölüş!