Bir müddət əvvəl Qurban Qurbanovu millinin baş məşqçi postundan uzaqlaşdıran AFFA təşviş, həyəcan içində yeni çalışdırıcının axtarışlarını davam etdirir. Baş katib Elxan Məmmədovun komandası millinin “sükan”ını elə bir mütəxəssisə tapşırmaq istəyir ki, “bir gülləylə iki quş” vura bilsin.
AFFA namizədlərə hansı şərtləri irəli sürür?
2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin bir neçə oyunu Bakıda təşkil olunacaq. Məhz bu məqam, AFFA-nın yığmanın baş məşqçi postunda görmək istədiyi mütəxəssislərlə razılıq əldə etməsində əngəl olan vacib məsələlərdən biridir. Komanda.az-ın əldə etdiyi məlumata görə, Elxan Məmmədovun dəstəsi namizədlərə iki şərt irəli sürür ki, bu da onların dalana dirənməsinə səbəb olur. AFFA-nın danışıq apardığı mütəxəssislərin qarşısında qoyduğu ilk şərtlərdən biri Azərbaycan millisini çalışdıracaq baş məşqçinin Bakıda yaşamasıdır. Berti Foqts 6 illik Azərbaycan macərası dövründə Bakıya kefi istəyəndə gəlirdi ki, AFFA buna görə çox tənqid olunurdu. Federasiya bundan dərs çıxararaq, namizədlərlə danışıq apararkən, bu məqamı şərt kimi irəli sürür.
Digər məqam isə AÇ-2020-nin final mərhələsinin bir neçə oyununun Bakıda keçiriləcək olmasıdır. AFFA yığma komandanın baş məşqçisi olacaq mütəxəssisin qarşısına Azərbaycan millisini AÇ-2020-nin final mərhələsinə çıxarmaq şərti qoyur. Bəli, bəli, yanlış oxumadız, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla baş katib Elxan Məmmədov Azərbaycan yığmasının final mərhələsində təmsil olunmasını istəyir! Amma…
Namizədlər boyun qaçırır
Amma AFFA-nın danışıq apardığı mütəxəssislər bu şərtlərin ya heç birini qəbul etmək istəmir, ya da ikisindən birinə razılaşır. Məsələn, bizdə olan məlumata görə, italiyalı Canni Byazi Bakıda qalmağa razılaşsa da, AÇ-2020-nin final mərhələsi ilə bağlı söz verməyib, sadəcə, cəhd edəcəyini deyib.
Federasiyanın Azərbaycan yığmasının keçmiş baş məşqçisi, hazırda Bosniya və Herseqovina millisinə rəhbərlik edən Robert Prosineçki ilə da danışıq apardığı deyilir. Amma bu məlumat hətta düz olsa belə, xorvat mütəxəssisin “Azərbaycan millisini AÇ-2020-nin final mərhələsinə çıxarmaq” şərtiylə razılaşacağı inandırıcı deyil. Niyə?
Hansı futbolçularla, hansı potensialla?
Bəli, hansı futbolçularla, hansı potensialla AÇ-2020-nin final mərhələsinə getməliyik? Uzun illər ərzində Azərbaycanda yüksək səviyyə bir yana, heç orta səviyyədə futbolçu yetişməyib. AFFA bu illər ərzində “oğurluqla” məşğul olub. Başqa ölkələrin yetişdirdiyi futbolçuları hansısa yollarla milliləşdirib və milli komandalara “pərçim edib”. Aşağı yaş qrupları üzrə milli komandalarımızda adı adımızdan, soyadı soyadımızdan olmayan nə qədər futbolçu var, bilirsizmi? Ancaq AFFA-nın bu “oğru strategiyası” da işə yaramır, Azərbaycanın milli komandaları qatıldıqları yarışlardan üzüqara ayrılır. Robert Prosineçki, Byazi, ya da başqa əcnəbi niyə AÇ-2020 sözü verməlidir? Bunun üçün ya gərək dəli olasan, ya da Azərbaycanda futbolun hansı vəziyyətdə olduğundan xəbərin olmaya. Elşad Nəsirov-Elxan Məmmədov dueti çox güman ki, Bakıda qalıb işləməyə razılaşan məşqçi tapacaq, amma AÇ-2020 şərti ilə razılaşacaq adamı gərək dəlixanada axtaralar.
Elxan Məmmədov niyə təşvişdədir?
Elşad Nəsirov-Elxan Məmmədov dueti AÇ-2020-nin final mərhələsinin bir neçə oyununun Bakıda keçirilməsini özlərinin böyük uğuru sayır. Ölkə rəhbərliyi də Bakıda futbol üzrə mötəbər oyunların keçirilməsindən məmnundur, buna görə Nəsirov-Məmmədov “duet”inə “molodes” də deyilib yəqib. Amma bu dueti, konkret, Elxan Məmmədovu təşvişə salan bir məsələ var: ölkə prezidenti AÇ-2020-nin final mərhələsinin Bakıda keçiriləcək oyunlarını stadiondan izləmək istəsə və “Azərbaycan millisi niyə bu yarışda yoxdur” sualını versə, ona hansı cavab veriləcək? SOCAR xətti ilə AFFA-nın hesabına milyonlarla vəsait axır, hanı bunun nəticəsi? Hanı Azərbaycan millisi? Hanı AÇ-2020-də azərbaycanlı futbolçular? Bakıda AÇ-2020-nin final mərhələsinin oyunlarından bəzilərinin təşkilinə nail olmaqla yalnız uşaq başı aldatmaq olar. Sonra? Sonrası yoxdur.
Sonda bir məsələ haqda da… Elxan Məmmədovun dəstəsi millinin “sükan”ını tapşıracağı birini tapan kimi, yəqin ki, yeni milliləşdirmə dalğası başlayacaq. Bizdəki məlumata görə, AFFA təcili şəkildə Azərbaycan millisində forma geyinə biləcək futbolçuların axtarışına başlayıb. Bunun üçün Avropanın demək olar ki, bütün çempionatlarını, klublarını izləyir, araşdırırlar. Yeni dmitri nazarovlar, eddi israfilovlar, daniel axtyamovlar, əli gökdəmirlər olacaq, mütləq olacaq. Siz sadəcə, izləyin.




Fikirlərini bizimlə bölüş!