Azərbaycan futbolu

Xəbərlər və təhlillər

“Olum” və “ölüm” variantları üzərində gəzişmə

Əslində son həftələrdə ölkədaxili yarışların bərpa perspektivi ilə bağlı saytda və qəzetdə işıq üzü görən bütün yazılarımı “Lənətə gələsən, koronavirus” silsiləsinə salıb, ayrıca broşür halında çap etdirmək daha maraqlı olardı. Başqa nə edəsiyik ki?! Koronavirus hər kəsin əl-qolunu bağlayıb və indi bütün rasioanal və irrasional həll yollarının axtarışına çıxmalıyıq. Təbii ki, hər birində müəyyən düzəlişlərə əl atmaqla yalnız iki yol var: çempionat və kubok oyunlarını keçirmək, ya da hər ikisini ləğv etmək.
Bərpa perspektivi ilə bağlı bütün variantların kökündə Operativ Qərargahın mümkün xeyir-duası, yəni idman qurğularından istifadəyə qoyulan qadağanı götürməsi, karantin rejiminin şərtlərini yumşaltması dayanır. Sabah bəlkə də vəziyyət dəyişəcək, amma bu gün üçün ümidverici, deməli, həm də PFL rəhbərliyinin susqunluğu pozmasına imkan verən heç bir xəbər yoxdu. Düzdü, Azərbaycan futbolu da seytnotda deyil. Nə təşkilatçı qurum kimi PFL, nə də olayın qəhrəmanları – yaşıl meydana çıxmalı olan komandalar. Karantin rejimi bundan sonra iki həftə uzadılsa da belə, PFL-in təqvimdən bir ay qoparmaq, ölkədaxili yarışları bitirmək imkanı olacaq. Söhbət cəmi 37 oyunun təşkilindən və “start” düyməsini basmağa qədər davam edəcək 15 günlük hazırlıq dönəmindən gedir. Ölkə klubları özü-özünü maliyyələşdirən, bilet satışından, transferlərdən, teleyayından pul qazanan təsərrüfat subyektləri olsaydı, hay-küy aləmi götürər, vaxt məhdudluğu klub rəhbərlərini və futbolçuları dəliyə döndərərdi. Ancaq sirr deyil ki, futbol artıq uzun illərdi ölkəmizdə sosial layihəyə çevrilib. Klubların avrokubok və yığmanın beynəlxalq oyunları zamanı müəyyən canlanma yaranır, böyük əksəriyyət futbolun da kültürünün bir hissəsi olduğunu dərk edərək, stadionların yolunu tutur, qalan vaxtlarda isə sanki heç bu ölkədə futbol oyunları keçirilmir. Deməli, yarışların bərpası nə qədər ləngisə də, müqavilə müddəti bitən bir qrup əcnəbi istisna olmaqla, heç kim hay-küy salmayacaq, ictimai qınaq görməyəcəyik.
…Gəlin, xəyali olaraq belə təsəvvür edək ki, Operativ Qərargahın sərt qadağaları üzündən PFL mövsümü bitirməyə imkan-vaxt tapmayacaq, bu qurumun razılığı ilə AFFA İcraiyyə Komitəsi prosedura uyğun şəkildə indiki turnir cədvəlini əsas götürəcək və beləcə həm çempionun, həm də avrokubok iştirakçılarının adı bilinəcək. Əlbəttə, mən bunu çıxılmazlığın son həddi kimi qəbul edirəm və gerçəkləşəcəyinə inanmıram. Amma necə deyərlər, şər deməsən, xeyir gəlməz. Belədə hadisələrin axarının iki variantı gözlənilə bilər. Fransa və Niderlandda oyunlar bitmədən çempionun, avrokuboklara qatılanların müəyyənləşdiyini və belə qərarların necə güclü etiraz dalğasına yol açdığını bilirsiz. Klublar kütləvi şəkildə vətəndaş məhkəmələrinə üz tutur. Bu isə o deməkdi ki, sabah avrokubokların qızğın çağında da UEFA-nın bu iki ölkədən olan klublarla bağlı saysız-hesabsız qalmaqalla üzləşməsi mümkündü. Əlbəttə, lap AFFA indiki nəticələri tanımaq qərarı versə də belə, ölkəmizdə oxşar etiraz dalğasının yaranağını gözləməyə dəyməz. Bizdə klublar cəmi iki-üç mənbədən maliyyələşir, az qala futbol təsərrüfatı ortaq mərkəzdən idarə olunur. Bir çempionluğa və ya kubokun sahibi tituluna görə axı kimdi hər kəslə üz-göz olan, gələcək perspektivlərini sual altına salan?
Hə, bu işin daha çox dartışılacaq mənəvi tərəfi var ki, mən indi məhz bu məqam üzərində dayanmaq istəyirəm. Tutaq ki, bu gün “Neftçi” 8 xal geridə olduğu “Qarabağ”ın çempion sayılmasıyla bağlı heç bir səs-küy salmadı və PFL də qızıl medalları Ağdam futbolçularının boynundan asdı. Bəs sabah necə olacaq? “Neftçi”nin rəsmiləri və oyunçuları hər imkanda çempionluğun yaşıl meydanda qazanılmadığını “Qarabağ” camiəsinin başına qaxınc etməyəcəkmi? Və ya həmin “Qarabağ”ın rəhbərliyi, məşqçi korpusu və futbolçuları vaxtaşırı “o çempionluğu necə qiymətləndirirsiz, hər şey ədalətli oldumu” sualı ilə üzləşməyəcəkmi?
Bilirsizmi, niyə indi bu məqamların üzərində xüsusi dayanıram? 1996/97 mövsümünün sonunda ölkəmizdə yaşanan və Avropanı da şoka salan qalmaqalı unuda bilmədiyimə görə. Axı, onda AFFA rəhbərliyi çox əcaib, amma “Neftçi”nin də razılıq verdiyi reqlamentə söykənərək, “Qarabağ”ı çempion saymış, UEFA isə paytaxt klubunu çempion kimi tanıyaraq, Çempionlar Liqasına buraxmışdı. Bu mübahisə illər boyunca davam etdi. Nəhayət, PFL yaranandan, formalaşandan sonra “Neftçi”nin çempionluğunu qəbul etdi və paytaxt klubu da bunun təsdiqi kimi formasına ulduz sancmaq imkanı qazandı. Baxmayaraq ki, bu gün də həmin mövsümün qızıl medalları həmin dövrdə “Qarabağ”ın formasını geyən futbolçuların sandığındadı və məhz onlar yeri düşəndə hələ də özlərinin çempion olduqlarını iddia edirlər.
Yaşıl meydanda qazanılmayan bütün çempionluqlar ətrafında polemika açılması, hər kəsin özünə görə həqiqətlər adası yaratması mümkündü. Bu gün turnir cədvəlinin 2-ci pilləsində “Neftçi” yox, məsələn, “Keşlə” qərarlaşsaydı, bəlkə də çempionluq mövzusuna incəliklərinə qədər toxunmaz, mümkün variantları göz önünə sərməzdim. Amma tərəflərdən biri “Neftçi”, o biri “Qarabağ”dısa, yəni söhbət ölkənin iki böyük klubundan gedirsə, futbola rəhbərlik edənlər mövsümün vaxtından əvvəl bitməsi halında özlərini hər cür söz-söhbətə də, ittiham dalğasına da hazırlamalıdılar. Gerçəkləri demək biz jurnalistlərin peşə borcudu!

Fikirlərini bizimlə bölüş!